“Xüsusən Ramazan günlərində süni qiymət artımı etmək böyük günahdır...”- Hacı Şahin
Cəmiyyət
2834
15 Apr 2021 | 12:07

“Xüsusən Ramazan günlərində süni qiymət artımı etmək böyük günahdır...”- Hacı Şahin

“Ayrı-ayrı tanınmış din xadimlərinin fərdi müraciət və tövsiyələrini nəzərə almasaq, bilavasitə Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyi tərəfindən qiymət artırılmaması mövzusunda çıxışlara rast gəlinmir...”
 
“Gözəl təşəbbüsdür. Hər bir insan belə müraciətləri etsə, yaxşıdır...” – QMİ sədrinin müavini
 
Azərbaycanda son dövrlərdə onsuz da mütəmadi qiymət artımı dəb alıb. Bu artımlar hökumət tərəfindən edildikdə bu və ya digər formada əsaslandırılmağa çalışılır. Ancaq bir sıra hallarda, xüsusən bayramlar, eləcə də Ramazan ayları ərəfəsində qiymət artımları ayrı-ayrı inhisarçı subyektlər tərəfindən süni şəkildə, heç bir iqtisadi əsas olmadan edilir. Bu da təəssüf doğuran haldır. Çünki dünyanın bir çox ölkələrində müqəddəs təqvimlər dövrü, eləcə də dini və milli bayramlarda həm hökumət, həm də iş adamları tərəfindən geniş qiymətendirmə kampaniyaları həyata keçirilir.  Bir sıra müsəlman ölkələrində isə ruhani idarələr, dini liderlər sahibkarlara sözügedən təqvim dövrlərində, o cümlədən bayramlar ərəfəsində qiymətləri qaldırmamaları barədə konkret müraciətlər edirlər. Məsələn, xəbər verdiyimiz kimi, bu günlərdə Dağıstan müftisi iş adamlarına orucluq günləri və Ramazan bayramı ərəfəsində qiymətləri, xüsusən ərzaq qiymətlərini qaldırmamaları haqda müraciət edib. Ancaq ayrı-ayrı tanınmış din xadimlərinin çıxışlarını, fərdi müraciət və tövsiyələrini nəzərə almasaq, bilavasitə Azərbaycan müsəlmanlarının ruhani rəhbərliyi sayılan  Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyi tərəfindən məhz konkret olaraq qiymət artırılmaması mövzusunda çıxışlara rast gəlinmir.
 
Məsələ ilə bağlı Moderator.az-a açıqlamasında QMİ-nin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı və din xadimi Hacı Şahin bunları bildirib: 
 
“Həm ötən ilki Ramazan və Qurban bayramları ərəfəsində, eləcə də bu il Ramazan öncəsi xütbə və media vasitəsilə çıxışlarımda  bir din xadimi olaraq sahibkarlara qiymətlərin qaldırılmamasıyla bağlı müraciətlərim olub. Qafqaz Müsəlmanları İdarəsinin fətvalarında da bu mövzuda tövsiyələr edilib. Elə indi də fürsətdən yararlanaraq bir daha demək istəyirəm ki, ümumiyyətlə bütün dövrlərdə, xüsusən də mənəvi aylar, müdəddəs dini və milli bayram günlərində, o cümlədən Ramazan dövründə, möminlərin oruc tutduğu günlərdə süni qiymət artımına getmək böyük bir günahdır. Bu, Allah qatında da günahdır, elə dünyəvi qanunlarla da qadağan olunan, məsuliyyət yaradan bir əməl sayılır. Ona görə də çalışmalıyıq ki, belə fürsətlərdən mənfi mənada yararlanmayaq. Çalışmalıyıq ki, insaflı olaq. Çünki “insaf  -dinin yarısıdır” deyiblər”.
QMİ-nin digər rəhbər nümayəndəsi, idarə sədrinin müavini, Qazilər Şurasının üzvü Hacı Fuad Nurullayev  isə məsələyə konkret yox,  daha çox mücərrəd münasibət bildirib. 
 
“Gözəl təşəbbüsdür. Hər bir insan belə müraciətləri etsə, yaxşıdır.  Ümumiyyətlə, Ramazan ayı böyük savablar  qazanılan aydır. Odur ki, bir insanın  nə qədər imkanı varsa, xeyriyyə işləri ilə məşğul olsa, yaxşıdır. Birinin əlində imkan var, nəyisə satır, onu xalqa bir az ucuz qiymətə satsa, əlbəttə, yaxşıdır…” – Şeyxülislamın müavini belə deyib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər