Vaxtilə Misir Mərdanovun müəllimlərin maaşlarının artırılaraq 2000 manata çatdırılmalı olduğunu söyləməsi cəmiyyətdə və hakimiyyət düşərgəsində şok effekti yaratmışdı. Bu açıqlamadan bir neçə gün sonra birdən-birə Misir Mərdanovun üç müavinin prezident sərəncamıyla işdən kənarlaşdırılmasında da bir çoxları nazirin bu açıqlamasının müəyyən rolunun olduğunu iddia edirdilər. Bildirilirdi ki, bu açıqlamadan sonra Misir Mərdanov postunu qorumağı bacarsa da möhkəm danlanıb.
Bu günsə onun sələfi Mikayıl Cabbarov müəllimlərin maaşlarının artırılmalı olduğuyla bağlı açıqlamayla çıxış edib. Doğrudur, yeni nazir Misir Mərdanov kimi konkret rəqəm səsləndirməyi lazım bilməyib, ancaq hər halda onun bununla bağlı təklif səsləndirməsi artıq seçki ilində müəllimlərin maaşlarının artırılmasının qaçılmaz olduğunun bir daha yuxarıların diqqətinə çatdırıldığı anlamına gələ bilər.
Professor, tanınmış təhsil eksperti Şahlar Əsgərov da Mikayıl Cabbarovun fikirlərini bölüşür. Əksinə, professor belə hesab edir ki, bu artımlar simvolik deyil, nəzərəçarpacaq səviyyədə olmalıdır:
“Vaxtilə Misir Mərdanov kifayət qədər yüksək məbləğ səsləndirmişdi. “Qurani-Kərim”də də belə bir ayə var ki, əlin nə yumulu olmalıdır, nə tam açıq, qızıl orta tapmalısan. Ümumiyyətlə, dünyada müəllimlərin maaşının hansı standartlarla müəyyənləşdirilməsinin birmənalı qaydası yoxdur. Amma müəllimlərin maaşı respublika üzrə orta əmək haqlarından 20 faiz yüksək olmalıdır. Alimlərin maaşları isə sənayedəki orta aylıq maaşdan 20 faiz yüksək olmalıdır. Dünyada belə bir tendensiya, fəlsəfə var ki, təhsil hər ölkə üçün prioritet sahədir, bu sahəni qabağa aparan insanlar da prioritet olmalıdırlar.”
Nazim