“İsmət Qayıbovun cəsədini öz əllərimlə tabuta qoydum...”   - Faciə yerində olmuş polkovnik...
Cəmiyyət
5646
22 Nov 2018 | 22:51

“İsmət Qayıbovun cəsədini öz əllərimlə tabuta qoydum...” - Faciə yerində olmuş polkovnik...

“Ermənilər Rusiyada da şayiə yayırdılar ki, 20 noyabrda vertolyotu azərbaycanlılar vurub...”

1988-1989-cu illərdə Şuşa rayon polis idarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, istefada olan polkovnik Sadir Məmmədovla bu dəfə əsasən 20 Noyabr 1991-ci il Qarakənd-vertolyot faciəsi ətrafında söhbətləşdik.

(Materialın əvvəlki hissələrini bu linkdən tapa bilərsiniz: //www.moderator.az/news/248317.html)


“Rus generalların cənazələrini şəxsən özüm Rusiyaya aparıb bir-bir yaşadıqları şəhərlərə çatdırdım...”

-Sadir müəllim, yadımdadır ki, 20 Noyabr faciəsindən az sonra şayiə yayıldı ki, guya vertolyotda olanlar arasında atışma olub. Ekspertiza vertolyotun qalıqlarında göyərtənin içərisindən dəymiş güllə yerləri müəyyən etmişdimi?

-Bilirsiz, bunlar şayiələrdir. Mən də adətən, görmədiyim şey haqda  danışmağı xoşlamıram. Adətən gördüyüm, bilavasitə şahidi olduğum olaylar haqda danışıram. Eşitdiyim də yox, yalnız gördüyüm… Qarakənd vertolyot faciəsi haqda da yalnız gördüklərimi nəql etmək fikrindəyəm. Mən özüm vertolyotun qalıqlarında 3 irikalibrli güllə yeri gördüm. Biri pilot kabinasında idi, biri gövdədə, digəri isə  pərin üzərində. Həmin güllə yerlərinin konkret hansı silaha aid olduğunu, eləcə də bayırdan, yoxsa içəridən atıldığını  yalnız ekspertlər dəqiq söyləyə bilər… 

-Bəs  vertolyotun “qara qutu”larını gördünüz?.. 

-Mənim başım əsasən mərhumların cəsədlərinin və qalıqlarının yığılmasının təşkilinə qarışdığından “qara qutu”ları tam aydın görə bilmədim. Sadəcə, ekspertlərdən eşitdim ki, onlar çox bərbad vəziyyətə düşüb və oxunması çətin ki, mümkün olsun. Bunların hamısı prokurorluğun arxivindəki cinayət işində aydın yazılmış olar…


-Vertolyotun qalıqlarında raket və ya qumbaraatan mərmisinin açdığı iri yarıqlar görmədiniz ki?

-Xeyr. Biz çatanda vertolyot 3 yerə bölünmuşdü. Kabina bir yanda, quyruq bir yanda, orta - gövdə hissə isə tamamilə yanmışdı. Bayaq dediyim kimi, biri kabinada, biri gövdədə,  digəri isə pərdə olmaqla 3 güllə yeri vardı… 

-Faciədən bir müddət sonra belə şayiələr də yayılmışdı ki(hətta bu gün də belə fərziyyələr söyləyənlər var), guya vertolyotda uçan rus generallar ölməyib, vertolyot yerə düşəndə salamat olub, kənardan ermənilər gəlib içəridəki azərbaycanlı dövlət xadimlərini və digərlərini güllələyib qətlə yetiriblər, rus generalları isə aradan sağ-salamat çıxarıblar…

-Bu, tam əsassız şayiədir. Şəxsən mən özüm bulavasitə Daxili İşlər Nazirliyindən verilən tapşırığa əsasən  9 gün ərzində vertolyotda həlak olmuş rus generalları  Rusiyada bir-bir yaşadıqları şəhərlərdə ailələrinə təhvil verib dəfnlərində, yas mərasimlərində, sonradan isə 40 mərasimlərində də iştirak etmişəm.  22 noyabr 1991-ci il tarixdə o vaxtkı daxili şlər naziri  Tofiq Kərimov mənə zəng edib  dedi ki,  artıq Rusiyada rus generalların ölümüylə bağlı xoşagəlməz şayiələr yayılıb,  sən özün generallar Jinkin, Kovalyov və Koçerovun  cənazələrini   aparıb yiyələrinə təhvil verməli və  onların hüzn qaydalarına uyğun  olaraq 9 gün orada qalıb  yaranmış şayiələrə son qoymalısan. 

Mənim üçün Gəncədən “AN-24” tipli hərbi təyyarə ayrıldı. Hava limanından bizi şəhər Daxili İşlər İdarəsinin  rəis müavini, milis polkovniki Ramiz Cahangirov yola saldı. Mərhumların cənazələrini  -Jinkini Minvoda, Koçerovu Moskvaya, Kovalyovu Nijni Novqoroda gətirdim. Hətta   Nijni Novqorodda  etubarlı adamlar, o cümlədən vilayət Daxili İşlər İdarəsinin rəisi  Vitali Potapov dedi ki, ermənilər, konkret olaraq Qarabağdan olan bir erməni sahə müvəkkili  iki gündür şəhərdə əhali arasında şayiə yayır ki, vertolyotu azərbaycanlılar özləri vurub. Mən 25 noyabrda general Kovalyovun dəfnində çıxış edərək rus xalqına və generalın əzizlərinə başsağlığı verdikdən sonra söylədim ki,  bu dəhşətli  terakt Qarabağda ermənilərin yaşadığı Qarakənd kəndi ərazisində erməni terrorçuları tərəfindən törədilib. Ümumiyyətlə, mən və mənimlə birgə gəlmiş həmkarlarım Mehman Hüseynov və  Teymur Manafov başladıq Rusiya şəhərlərində 20 Noyabr faciəsi barədəki gerçəkləri təbliğ etməyə. Orada 9 gün qaldıq və   həmin günlər ərzində bütün məclislərdə faciəni təfsilatıyla ünsiyyətdə olduğumuz, gördüyümüz hər kəsə danışdıq.   9 gündən sonra Bakıya qayıdıb rus generalların dəfni barədə daxili işlər nazirinə məruzə etdim…

Bilirsiz,  27 ildir, belə ziddiyyətli, həm də əsassız söz-söhbətlər çox yayılır. Artıq bunlara cavab verməkdən yorulmuşuq. Səhv etmirəmsə, 1998-ci ildə Cümşüd Nuriyev “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirmişdi ki, guya İsmət Qayıbovu Göyçə(Sevan) gölündəki bir adada saxlayırlar.  Birincisi, bildiyimə görə, Göyçə gölündə ada yoxdur. İkincisi də  rəhmətlik İsmət Qayıbovun cəsədi tanınırdı və onu öz əllərimlə qoymuşam tabuta… Hətta bir ürəkağrıdan epizodu da deyim ki, faciədən bir gün öncə, noyabrın 19-da Ağdamda qonaq evində qısa istirahət vaxtı rayonun o vaxtkı başçısı Səyyaf Verdiyev rəhmətlik  İsmət müəllimə dedi ki, nə qəşəng ayaqqabıların var. Rəhmətlik də gülümsədi. Sonra razılaşdılar ki, bir yaxşı ayaqqabıdan bilyard oynasınlar və oynadılar… Ertəsi gün yanmış vertolyotun külləri arasında şəhid baş prokurorumuzu həmin qəşəng ayaqqabılarından tanıdıq…Allah hamısına rəhmət eləsin!..

-Mərhum “Ala Yaqub”, yaxud “Qatır Məmməd” ləqəbli  Yaqub Məmmədovu  tanıyırdınızmı? 

-Əlbəttə, tanıyırdım. Müharibədən əvvəl o, qəbir daşları düzəltməklə məşğul idi.

-Bildiyiniz kimi, Azərbaycan siyasi meydanında tanınmış bir neçə şəxs vertolyotun guya Tamerlan Qarayevin göstərişi ilə “erməni vertolyotu” adıyla  məhz “Ala Yaqub”  tərəfindən vurulmasını iddia edirlər. Bu barədə nə deyə bilərsiz? 

(Davamı var)

Söhbətləşdi: Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər