“İdrak” liseyi daha bir təhsil ocağında təqdimat mərasimi keçirdi  - FOTO+VİDEO
Cəmiyyət
3455
17 Mar 2018 | 19:48

“İdrak” liseyi daha bir təhsil ocağında təqdimat mərasimi keçirdi - FOTO+VİDEO

Martın 16-da Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr”-in yerinə yetirilməsi istiqamətində, Dövlət və özəl təhsil müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində “İKT-dən tədris prosesində istifadə təcrübəsi”mövzusunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıt şəhər 23 saylı tam orta məktəbində “İdrak” liseyi tərəfindən hazırlanmış təqdimat mərasimi keçirilib.

Tədbir dövlət himnimizin səsləndirilməsi ilə başladı. İlk öncə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin direktoru, Əməkdar Müəllim Fikrət Qasımov çıxış edərək bütün qonaqları salamladı və tədbirin keçirilməsinin təşəbbüskarı, “İdrak” liseyinin təsisçisi, pofessor Mönsüm Alışova təşəkkürünü bildirdi. 
Daha sonra Tədbirin aparıcısı Orxan Cabbarlı qeyd etdi ki, müasir dövrdə təhsilin yeniləşməsi , ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçid günümüzün ən vacib tələblərindən biridir. Hazırda ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin yüksək səviyyədə təşkilinə nail olmaq üçün yeni təlim texnalogiyalarından və resurslarından istifadə sahəsində ən öndə olan təhsil müəssisələrindən biri də “İdrak” liseyidir.
2008-ci ildə Sumqayıtda, 2014-ci ildən isə Bakıda da fəaliyyət göstərən və yarandığı ilk gündən daim yeniliklərə və müasirliyə doğru inamlı addımlayaraq yüksək nəaliyyətlər əldə edən «İdrak» liseyinin daha bir yeniliyi “ Media dərs” layihəsidir.
Daha sonra “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxış edərək “Media dərs” haqqında tədbir iştirakçılarına məlumat verdi. O bildirdi ki, “İdrak” liseyində İKT vasitəsilə hazırlanmış bütün dərslər (”Media dərslər”) “ağıllı lövhə”lərdə yazılır və liseyin yaddaş bazasında saxlanılır. Hər bir şagird onlara verilmiş xüsusi kodlarla evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlər tərəfindən keçirilən dərslərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edirlər.
O vurğuladı ki, “İdrak media dərsləri”ndən digər dövlət təhsil müəssisələrinin şagirdlərinin də istifadə etməsinə məmnuniyyətlə yardım ediləcəkdir. Mönsüm Alışov inamını ifadə etdi ki, bu layihədən istifadə etmək respublikamızın ümumtəhsil məktəblərində təhsilin yeni pilləsinin formalaşmasına və inkişafına töhfəsini verəcəkdir.
Sonra “İdrak” liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramlarından istifadə etməklə dərs nümunələri təqdim etdilər və bir neçə “Media dərs” nümayiş etdirdilər. Şagirdlərin bu dərslərdən istifadə etmələrini əks etdirən videoçarxlar nümayiş etdirildi.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeir və musiqi nömrələri təqdim edildi.
Daha sonra çıxış edənlər:  Prof. Şahlar Əsgərov, təhsil eksperti Nadir İsrafilov və başqaları belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, təhsil sahəsinə olan dövlət qayğısından danışdılar, “İdrak” liseyinin hər zaman mütərəqqi təlim üsulları və qabaqcıl texnologiyaları ilə seçidliyini vurğuladılar. Onlar həmçinin qeyd etdilər ki, “İdrak” liseyi elektron təhsil sahəsində və qabaqcıl təcrübənin yayılmasında liderdir. Çıxışçılar  prof. Mönsüm Alışova və bütün “İdrak” liseyi kollektivinə bu nəcib işə görə təşəkkür etdilər və yeni uğurlar arzuladılar.
Sonda Sumqayıt şəhər 23 saylı tam orta məktəbin direktoru Əməkdar Müəllim Fikrət Qasımov  çıxış edərək bu cür faydalı əməkdaşlığa görə bir daha minnətdarlığını bildirdi.
Link kopyalandı!
Son xəbərlər