Adamları yola vermək nə başın yekə, nə də peysərin yoğunluğu ilə deyil.
Hindistanlı aktyor Amir Xan karantin dövründə insanlara yardım etmək üçün maraqlı addım atıb. Belə ki, o, kasıb ailələr üçün 1 kiloqram yardım ayırıb. Bəli, cəmi 1 kiloqram. Çox adam özünə əziyyət verib 1 kiloqram unu götürməyə getməyib. Unu götürməyə ancaq evində doğrudan da çörəyi olmayanlar gedib. Onlar evlərində paketin ağzını açanda içində 15 rupi, yəni 335 AZN olduğunu görüblər. Beləliklə, yardımı həqiqətən də ehtiyacı olan insanlar alıb.Var ol, Amir!
Karantin rejimi elan edildikdən sonra biz də Allahın bəşəriyyət üçün seçdiyi həbs qətimkan tədbirini rayonda keçirməyə qərar verdik. Yaşadığımız Cəlilabad rayon Muğan kəndində isə söz-söhbət bitmək bilmir. Gah qazı, gah işığı, gah da yardımı kəsirlər. Heydər Əliyev Fondu tərəfindən kənddə aztəminatlı ailələr üçün göndərilən yardım gecə saat 21:00 radələrində pay-puşt edilir. İcra nümayəndəliyinin binasının qarşısında isə 5 uşaq atasının fəryadı kəndi başına götürüb:
-Müəllim, bəs mənin qarovfkam hanı?
Səhər açılır və məsələni dəqiqləşdirmək üçün üz tuturam kəndin icra nümayəndəliyinə.
- Müəllim salam!
- Salam!
- Mənə yardım verdiyiniz ailələrin siyahısı lazımdır.
- Sən kimsən ki?
- Mən, Filankəsov Filankəs.
- Hə, onda sən bu siyahını rayon icra hakimiyyətindən istə.
- Anlamadım, əgər rayon icra hakimiyyətindən sənət istəyəcəmsə, sizi niyə bura icra nümayəndəsi təyin ediblər?
Müəllim görür ki, alınmadı və məcbur olub yarımçıq siyahını masanın altından çıxarır:
- Əyləş, burda bax siyahıya.
Siyahıya baxıram və artıq yardımın hansı şəkildə, kimlərə verilməsi haqqında təsəvvürüm formalaşır, tanıdığım bir iki adam var.
Kəndin mərkəzinə çıxıram sakinlər başıma toplaşır. İkinci qrup əlil Dəmirov Oqtay Xankişi oğlu yardım almadığını deyir. İcra nümayəndəsi isə ona yardım verdiklərini bildirir. Digər kənd sakini Qafil Flatov da yardım almayanlar sırasındadır. Bir neçə il öncə həyat yoldaşını itirib, qızları ailəlidir, özü isə tək yaşayır, heç yerdən gəlir yeri yoxdur. Qürbətov Saleh üç uşaqla karantin dövründə acından ölməmək üçün qardaşıgilin evindən çıxmadıqlarını bildirir. O, da yardım almadığını deyir. Həyat yoldaşı onkoloji xəstə olan Eldar Qürbətov da gileylənir: “Nə yardım, heç qapımı açıb deyən varmı ki, xəstənə hansı dərman lazımdı? Hansı ki, ölkə başçısı bununla bağlı göstəriş vermişdi”. Kənd sakini Əsmətova Yaqut həyat yoldaşını itirib şikəst, danışıq qüsuru olan oğluyla yaşayır. O, da yardım almadığını deyir. Flatova Gülasta qızıyla kəndin uşaq bağçasında yaşayır. O, da yardım üçün müraciət etdiyini deyir, amma verilməyib.
Səhəri gün tənha yaşayan 79 yaşlı babam Ağapaşanın şəxsiyyət vəsiqəsini götürüb icra nümayəndəliyinə yollanıram ki, yardım alanların siyahısına onu da əlavə etsinlər. İcra nümayəndəsi Razdaq müəllim etiraz etmir:
- Vəsiqəni ver, müavinim qeydiyyata alsın.
Vəsiqəni təqdim edirəm, amma müavin Mirələm müəllim nala-mıxa vurur:
- Bilirsən necədi?
- Necədi müəllim?
- Baban təqaüd aldığı üçün ona yardım düşmür.
Əsəblərim tarıma çəkilir:
- Necə olur avtomobili olanlara yardım düşür, təqaüd alan yaşlı, tənha yaşayan adama yox? Hələ üstəlik camaat deyir ki, kim 5 manat verir onu siyahıya salırsınız.
- Siz nə danışırsınız, müəllim, nə 5 manat, nə avtomobil?
Müavin yumşalıb vəsiqəni qeydiyyata alır və hələ indi də hamı o yardımı gözləyir.
Neçə gündür müşahidə edirəm. İsmayıllıda aztəminatlı ailələrin payını yeyən yekəqarın, peysəri yoğun icra nümayəndəsinin və Biləsuvarın icra başçısının DTX tərəfindən həbsi çoxlarını vəlvələyə salıb. Bəs deyirdiniz məmurlar karantindən sonra Allah yoluna qayıdacaqlar, nə oldu?
Hardasan, ay Lazım, biz belə düzəlmədik, sən gəl bizləri düzəlt!
Bəs siz yardımı kimlərə verdiniz, cənablar?!