Yazar
Vasif Əlihüseyn
Bütün yazılar
kse
2795
24 Mar 2016 | 23:19

Anama oxşayan qadın...

Anama şəkillərdə baxanda, elə bilirəm ki, bu qadın nə vaxtsa qohumumuz olub. Yuxu kimi gəlir hər şey: onun oğlu olmaq, onunla bir evdə yaşamaq, onu qollarımda məzara qoymağa qədər hər şeyi yuxu kimi xatırlayıram. İndi anama oxşar bir qadın görəndə, nə xala deyirəm, nə də bibi. Elə bir başa ana ”“ deyə çağırıram.

Bu yaxınlarda dostlardan biri zəng vurub dedi ki, sənə bir işim düşüb, onu həll etsən sevinərəm. Dedi ki, bir qadın var xərçəng xəstəsidi, əməliyyat olunub, fizioterapiya olunub, amma indi radioterapiya olunması üçün imkanı yoxdu. Onun müraciətini işıqlandır gör səhiyyə nazirliyi onun müalicəsini öz üzərinə götürərmi. Danışıb anlaşdıq. Dostumun dediyi xanımla Nərimanov parkında görüşdük. Qadını görən kimi elə bildim ki, anam gəlib. Yazıq qadın anam kimi sakit, məsum bir qadın idi.

Bu zibil xəstəliyin ən çətin işi də odur ki, xərçəng olduğunu bilən adam, öləcəyi günü gözləyir. Bilir ki, olunan bütün müalicələr ancaq vaxtı uzatmaq üçündü.

Dedi ki, 46 ”“ yaşım var. Həkimlər mənə xərçəng diaqnozu qoyub oğlum. Müalicəyə pul tapa bilmirəm və ona görə səni axtardıq. Xanımın müraciətini elə çalışdığım moderator.az ”“ saytında yerləşdirdik. Səhəri zəng vurub səhiyyə nazirliyi ilə də danışdım. Mətbuat xidmətindən dedilər ki, gəlsin nazirliyə köməklik edərik. Xanıma zəng vurub nazirliyə yolladım. Gedib gələndən sonra dedi ki, işim alındı. Müalicə olunacam.

Buna çox sevindim. Çünki, xərçəng diaqnozunu həkimlər öz anama qoyanda çox gec idi, cəmisi iki gün yaşadı anam. Əvvəldən desəydilər bəlkə də nələrsə edib, onun da ömrünü uzada bilərdik. Buna görə indiyə kimi peşmançılıq çəkirəm. Amma, nə etmək olar qismət beləymiş.

Buna görə səhiyyə nazirliyinin mətbuat xidmətinə də minnətdaram ki, xanıma görə etdiyim müraciətimə köməklik göstərdilər. Allaha çox Şükür. Şükür ona ki, anam olmasa da, anam kimi qadınlara kömək edə bilirik.
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər