“Biz öz günümüzə ağlayaq... Hələ bu dünyada nəfəs alacağımız müddətdə nə qədər xətalar, günahlar törədəcəyik, bir Allah bilir. Elə bu ayın ilk 3 gününü düşünün. Süpürgəçidən, fəhlədən, müəllimdən, həkimdən, yoxsuldan ən yüksək vəzifəlilərə, ən varlılara, zənginlərədək nələr günahlar etmişik, cinayətlər törətmişik...”
“Yoxsa elə bilirik, elə bilirsiz, bütün bunlar cəzasız qalacaq, hə?.. Yoxsa elə bilirik ki, elə bilirsiz ki, biz videokamerada, sosial şəbəkələrdə kimlərisə izləyə biliriksə və bundan qürrələnərək özümüzü vəziyyətə, çoxlarına hakim hesab ediriksə, bizləri izləyən yoxdur?”
"Ey yazdığımız hər sözü, hər cümləni, az qala, lupa ilə izləyənlər, ayılın, bilin ki, sizləri də İZLƏYƏN GÜC var, yaxşı düşünün, heç olmasa öz aqibətinizi düşünün..."
“Yazıq uşaq, həyatın dadını dadmamış dünyadan köçdü”, “Bədbəxt, cavan yaşında dünyadan nakam getdi”. Ömrümüz boyu, elə bu gün də belə ifadələri tez-tez eşidirik. Ukraynadakı, Qəzzadakı, Suriyadakı, Əfqanıstandakı müharibələr, terrorlardan, yaxud ötən il Türkiyədə baş vermiş dəhşətli zəlzələdən həlak olanlar haqdakı söhbətlərdə də oxşar fikirlər eşidirik: “Yazıq, bədbəxt camaat qarışqa kimi qırılır, günahsız insanlar vaxtsız-vədəsiz həyatdan köçür”, “Yazıq, bədbəxt cavan dünyadan kam almamış şəhid oldu...”
Macalım olanda bu cür düşünüb danışanlara həmişə deyirəm ki, hələ bir yaxşı baxaq, yaxşı düşünək, görək hələ bu dünyada, bu həyatda qalanlar bədbəxtdir, yazıqdır, yoxsa Qəzzada, Ukraynada, Əfqanıstanda güllədən, bombadan, yaxud Türkiyədə zəlzələdən həlak olanlar... Yasına toplaşdığımız uşaq, cavan bədbəxtdir, yoxsa biz özümüz?.. Təəssüf ki, əksəriyyət bu sualın mahiyyətini anlaya bilmir. Çünki çoxları bu həyata yalnız bu dünyanın prizmasından baxdıqları kimi, xoşbəxtliyə, bədbəxtliyə də elə qiymət verirlər. Deyirəm ki, bu gün dəfn etdiyimiz o uşaq, o cavan, o hərbçi bu günah dolu dünyadan köçdü və artıq uşağa heç bir günah yazılmadığı üçün Axirət günü birbaşa Cənnətə yollanacaq, yaxud cavanın günahları xeyir əməllərindən azdısa, o da behiştlik olacaq, həlak olan hərbçi də əgər doğrudan da şəhidlik niyyəti ilə vuruşarkən, Vətənə xidmət edərkən dünyasını dəyişibsə, sözsüz, Cənnət yolçusudur. Eyni məntiqlə Qəzzada, Ukraynada, yaxud zəlzələdən ölən insanlara, uşaqlara, gənclərə yanaşmalıyıq...
Biz öz günümüzə ağlayaq... Hələ bu dünyada nəfəs alacağımız müddətdə nə qədər xətalar, günahlar törədəcəyik, bir Allah bilir. Elə bu ayın ilk 3 gününü düşünək. Süpürgəçidən, fəhlədən, müəllimdən, həkimdən, yoxsuldan ən yüksək vəzifəlilərə, ən varlılara, zənginlərədək nələr günahlar etmişik, hansı cinayətlər törətmişik? Cəmi bu 3 gün ərzində neçə-neçə yalanlar söyləmişik, nə qədər qeybətlər etmişik, neçə cür simasızlıq, ikiüzlülüklər etmişik, neçə adama, varlıya, vəzifəliyə yaltaqlanmışıq, neçə oğurluqlar törətmişik, nə qədər rüşvət almışıq, korrupsiyaya xidmət edən neçə-neçə sənədlərə imza atmışıq, özümüz nə qədər saxtakarlıqlar törətmişik, yanımızda, gözümüzün qarşısında törədilən neçə-neçə saxtakarlığa göz yummuşuq, nə qədər zinakarlıq etmişik, neçə əks cins nümayəndəsinə pis gözlə baxmışıq, neçə adamı qiymətdə, çəkidə aldatmışıq, neçə xəstədən insafsızcasına rüşvət almışıq, neçə müttəhimə qat-qat haqsız hökmlər oxumuşuq, cəzalar kəsmişik və s. və i.a. Yoxsa elə bilirik, elə bilirsiz, bütün bunlar cəzasız qalacaq, hə? Elə hər şey bu qaydada davam edəcək; birimiz yeməyə çörək tapmayanda o birimiz restoranda araq badələrini bir-birinə vurub “bravo” deyəcəyik, birimiz zindanda haqsız işgəncələrə, cəzalara məruz qalıb o birimiz haqsız həbslər etməkdə, ədalətsiz hökmlər verməkdə davam edəcəyik? Yoxsa elə bilirik ki, biz videokamerada, sosial şəbəkələrdə kimlərisə izləyə biliriksə və bundan qürrələnərək özümüzü vəziyyətə hakim hesab ediriksə, bizləri izləyən yoxdur? Kiminsə ömrü boyu əməllərini, yazdıqlarını, dediklərini bir qovluğa, yaxud bilgisayara, kompüterə, diskə, fleşkaya toplayıb onun dosyesini düzəldə biliriksə və bundan seviniriksə, ləzzət alırıqsa, bizlərin əməllərini, dediklərini, yazdıqlarını toplayıb dosye düzəldən yoxdur? Bir düşünək, görün adi bir polisin, xüsusi xidmət orqanının saysız-hesabsız izləmə kameraları, hətta kimlərinsə telefonlarını, kompüterlərini izləmək üçün cihazları, imkanları varsa, o halda bu dünyanı, kainatı, bizləri Yaradanın, o Ali Gücün nə qədər “kamerası”, “izləmə cihazları”, hər birimizin hər bir əməlini, sözünü, yazısını, xətasını, günahını, cinayətini topladığı necə nəhəng “kompüter”ləri var?..
Allaha, Qurana, Peyğəmbərə imanımız yoxdursa, heç olmasa, bir az məntiqlə düşünək; adi kiçik bir dövlətin də bircə toyuq oğurlayan kasıba 5 il cəza verib min tonlarla neft-qaz oğrusuna bəraət qazandıran məhkəməsi varsa, bu dünyanı, kainatı, biz insanları Yaradan, İdarə Edən Gücün ALİ MƏHKƏMƏSİ yoxdur? .. Yoxsa elə bilirik ki, on illərlə törətdiyimiz günahlara, cinayətlərə görə cəzasız qalırıqsa, elə daim cəzasız qalacağıq. Xeyr, o İLAHİ GÜC hər bir günahkarımızı hökmən cəzalandıracaq, ya elə bu dünyada, ya o dünyada, yaxud hər ikisində... Və bu gün elə yaxın tarixə, ətrafımıza, dünyaya bir az diqqətlə baxsaq, bu həyatda cəzalananları görəcəyik... Buna çoxlu misallar da çəkə bilərik... Üstəlik, Allah o yüksək vəzifələrdə ağır günah və cinayətlərini davam etdirənləri də elə bu anlarda, bu gün cəzalandırır, bunu onlar özləri də gecələr təkbaşına düşünəndə az-çox anlayırlar, dərk edirlər, sadəcə özlərini arsızlığa qoyublar... O dünyadakı AXİRƏTdəki cəzaları isə, sizləri bilmirəm, mən artıq görürəm...
Odur ki, yaxşı düşünək. Xüsusən bu cümlə üzərində: “Hələ bilmirik, Qəzzada, Ukraynada həlak olanlar, atəşlər, raketlər, bombalar altında yaşayanlar yazıqdır, bədbəxtdir, yoxsa biz?..”
Ey yazdığımız hər sözü, hər cümləni, az qala, lupa ilə izləyənlər, ayılın, bilin ki, sizləri də İZLƏYƏN GÜC var, yaxşı düşünün, heç olmasa öz aqibətinizi düşünün...
Sultan Laçın