Təhlükəsizlik təminatı, yoxsa növbəti özünəqəsd? – TƏHLİL
Araşdırma
2445
22 Feb 2024 | 09:50

Təhlükəsizlik təminatı, yoxsa növbəti özünəqəsd? – TƏHLİL

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında Ermənistanın sürətlə silahlanması və yeni müttəfiqlər axtarışını özünəməxsus məntiqlə şərh etməyə çalışıb. Təhlükəsizlik Şurasını katibi qeyd edib ki, bütün bunlar Ermənistanın özü üçün təhlükəsizlik təminatı axtarması ilə bağlıdır.

 

Armen Qriqoryan bu axtarışların nədən qaynaqlandığını da vurğulayıb: “2020-2021-ci ilə qədər bir hissəsi olduğu təhlükəsizlik sisteminin işləmədiyini, tamamilə səmərəsiz olduğunu görən Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Biz öz siyasətimizdə qətiyyətliyik, bu istiqamətdə bütün məqsədlərimizi reallaşdıracağıq”.

 

Sitatadan da məlum olduğu kimi, Armen Qriqoryan silah və müttəfiq axtarışını 2020-ci il olayları ilə əlaqələndirir. Hansı ki, həmin ildə Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibədə erməni ordusu darmadağın edilmiş, İrəvanın düşündüyünün əksinə olaraq hərbi əməliyyatlara nə Rusiya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə etməmişdir. Müttəfiqlərinin Qarabağda reallaşan hərbi əməliyyatları sadəcə seyr etməsindən narazı qalan İrəvan, həm müharibə dönəmində, həm də ondan sonra Rusiya və KTMT-nin ünvanına ciddi ittihamlar səsləndirmiş, birgə hərbi təlimlərin bir çoxunda iştiak etməkdən imtina etmişdir.

Vətən müharibəsindən sonra sürətli silahlanma yolunu tutan Ermənistan Fransa, Hindistan və digər dövlətlərdən çoxlu hərbi texnika almaqda davam etməkdə, açıq şəkildə yeni qarşıdurmaya hazırlaşmaqdadır. Armen Qriqoryanın “təhlükəsizlik təminatı” axtardıqları ilə bağlı açıqlaması da bunu təsdiq edir.

 

Hər kəsə bəllidir ki, Ermənistanın təhlükəsizliyini nə dünən, nə də bu gün kimsə təhdid etmir. Əksinə, Ermənistanın özü hər zaman bütün region üçün təhdid və təhlükə mənbəyi olub, qonşu dövlətlərə siyasi-hərbi baxımdan minlərlə təxribat “ixrac edib”. Ermənistanı heç bir təhlükə gözləmədiyi halda İrəvanın “təhlükəsizlik təminatı” axtarması, öz kiçik ərazisini hərbi texnikaların nəhəng deposuna çevirməsi Paşinyan hakimiyyətinin xoş olmayan niyyətindən xəbər verir. Bu fakt sübut edir ki, Ermənistan daxildəki revanşist qüvvələrin, habelə beynəlxalq sferadakı iri güclərin diktəsi ilə bölgədə yeni bir gərginlik yaratmaq hazırlığındadır. Hələlik “təhlükəsizlik təminatı” adı ilə aparılan bu hazırlığın mahiyyət etibarı ilə Ermənistan üçün növbəti özünəqəsd cəhdinə çevriləcəyi şübhəsizdir. Çünki 4 il bundan öncə reallaşan Vətən müharibəsi də sübut etdi ki, Azərbaycanla hərbi qarşıdurma Ermənistan üçün intihardan başqa bir şey deyil.

 

İrəvanın yaxın keçmişin bu reallığına göz yumaraq yeni qarşıdurmaya hazırlaşması Ermənistanın növbəti dəfə özünəqəsdə doğru yol aldığını göstərir. Görünür, 44 günlük Vətən müharibəsində cəhənnəmlə bir dəfə qucaqlaşan, rüsvay edilən, darmadağın olunan Ermənistanı, bir kəs daha eyni aqibətlə üzləşdirmək lazım gələcək.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər