Ay-ulduzlu əsgərlərdən dünya hərb mədəniyyətinə töhfə: Cəhənnəmdəki cənnət, yaxud üfüqün o biri üzü...
2564
01 Jun 2021 | 09:07

Ay-ulduzlu əsgərlərdən dünya hərb mədəniyyətinə töhfə: Cəhənnəmdəki cənnət, yaxud üfüqün o biri üzü...

27 sentyabr 2020-ci il tarixində başlayan və həmin ilin 10 noyabrında Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatan 44 günlük Vətən müharibəsinin bir çox xüsusiyyət və yenilikləri ilə dünya hərb tarixində özünəməxsus yer tutduğu birmənalıdır. Real hərbi əməliyyatlar şəraitində müşahidə və zərbə dronlarının kütləvi tətbiqi, fərqli qoşun növləri arasında rabitə və koordinasiyanın mükəmməl şəkildə təşkili, müharibə boyunca Azərbaycan tərəfindən bir santimetr belə olsun geriçəkilmə halına rast gəlinməməsi və s. bu müharibənin təkrarsız və özünəməxsis özəlliklərindəndir. Lakin 44 günlük Vətən müharibəsini digər müharibələrdən fərqlındirən, onu digər savaşların fövqündə tutan ən mühüm amil Azərbaycan ordusunun bu müharibə zamanı sərgilədiyi sonsuz humanizm və hərbi mədəniyyət nümunəsidir. Hansı ki, biz müharibə adlanan qan və ölüm dənizində reallaşan bu humanizmin sadəcə bəzi aspektlərinə toxunmaqla belə,  bunun bütün bəşəriyyət, o cümlədən dünya hərb elmi baxımından nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyinə şahid ola bilərik.

 

Türk xalqının qədim ənənəsinə sonsuz sədaqət:  Mülki insanlar toxunulmazdır!

 

44 günlük Vətən müharibəsinin ən mühüm məqamlarıdnan biri Azərbaycan ordusunun hər zaman olduğu kimi, bu müharibədə də yalnız düşmən hərbçilərinə qarşı mübarizə apardığı, düşmən qadın və uşaqlarına, mülki insanlarına qarşı ən  xırda zorakılıq halına belə yol verməməsidir. Müharibə ilə bağlı çoxsaylı foto-video faktlar, şahid ifadələri, fərqli beynəlxalq mənbələrin, neytral tərəflərin təqdim etdikləri informasiyalar da Ermənistandan fərqli olaraq, Azərbaycan əsgərinin bri nəfər belə olsun mülki Ermənistan vətəndaşına xətər yetirmədiyini sübut edir. Halbuki, döyüş meydanında ardıcıl məğlubiyyətə uğrayan Ermənistanın Azərbaycanın demək olar ki, bütün iri şəhərlərini – Gəncə, Bərdə, Tərtər, Mingəçevir, o cümlədən Bakıətrafı əraziləri raket zərbələrinə məruz qoyduğu, nəticədə çoxaylı mülki Azərbaycan vətəndaşlarının – qadınların, uşaqların həlak olduğu məlumdur. Lakin Ermənistanın bu hərbi cinayəti fonunda belə Azərbaycan Ermənistandakı mülki obyektlərə zərbə endirməyib, sırf legitim hərbi hədəfləri sıradan çıxarıb. Bu, beynəlxalq hüquq və ədalətə dərin hörmət əlaməti olmaqla yanaşı, həm də türk xalqının qədim ənənəsinə sonsuz sədaqət deməkdir. Çünki tarixdən də məlum olduğu türk xalqının hərb tarixində düşmənin silahsız, mülki vətəndaşlarına qarşı hər hansı zorakılığın sərgilənməsi faktı yoxdur və türk savaş əxlaqı belə bir davranışı birmənalı şəkildə istisna edir.

 

Erməni hərbçisisindən tarixi etiraf: “Onlar təslim olan hərbçilərə toxunmurdu”

 

Hərbçilərimiz Vətən müharibəsində sadəcə düşmənin mülki vətəndaşlarına deyil, eyni zamanda döyüş qabiliyyətini itirən, yaralanan, təslim olan, aman diləyən erməni əsgərlərinə belə mərhəmət göstərib, onlara qarşı güc tətbiq etməyib. Bununla bağlı müharibədə iştirak edən erməni hərbçiləri tərəfindən də maraqlı etiraflar mövcuddur. Hansı ki, bu etiraflardan erməni mediası da xəsisliklə də olsa yararlanmaqdadır.

 

Məlumat üçün qeyd edək ki, belə etiraflardan biri Ermənistanın “Armenian News” portalı tərəfindən işıqlandırılıb. Belə ki, adının çəkilməsini istəməyən erməni hərbçilərindən biri sözügedən portala açıqlamasında Azərbaycan xüsusi təyinatlılarının onlara tutduğu divanı qeyd etməklə yanaşı, onların təslim olan, aman diləyən şəxslərə qarşı mərhəmətli davranışına şahid olduğunu qeyd edir:

 

“Nə qədər acı olsa da, bu faktdır. Mən piyada bölüyündə Şuşa Kərkicahan istiqamətində döyüşmüşəm. Bu, dəhşətli günlər idi. Bir daha həmin anları yaşamaq istəmərəm. Azərbaycan əsgərləri hər cəhətdən bizi üstələyirdi. Həm təchizatı,  həm döyüş üslubu, taktikası, texnikası -  bir sözlə, hər şey ilə.  Amma yalan deyə bilmərəm orada texnika görmədim. Qayalarnan qalxıb, aramıza sızmışdılar. Mən həmin döyüşdə sağ qalan yoldaşlarımla birlikdə geri çəkildim. Həmin ərazidə də, 1 gündən artıq qalmadıq. Ordan da, çıxdıq. Mənim silahım pulemyot idi. Gülləni üstlərinə səpirdim, yenə bizə tərəf gəlirdilər. Bizim döyüşə girdiyimiz qrup 20-25 nəfərlik qrup idi. Biz isə həmin istiqamətdə iki qrupa bölünüb yerləşmişdik. 54 nəfər idik. Bizdə həmin mövqedə iki tank var idi - T 72. Bir BMP2 bizdən arxada mövqe tutmuşdu. Qayalardan dırmaşıb gəldilər, səhərə yaxın olardı. İki qrupumuz da, sağdan soldan onları vururdu. Necə deyim, onlar adam deyillər, vəhşidirlər, əlbəyaxa döyüşüb əsgərlərimizi boğub öldürürdülər. Təsəvvür edin 3-4 metr yaxınlığımıza kimi gəlib çıxdılar, əlbəyaxa döyüş getdi. Bizim qrupda da, 30-a yaxın xüsusi təyinatlı idi. Onlarda da, əksəriyyəti xüsusi təyinatlı idi. ”Yaşma – yaşma” deyirdi bizim əsgərlər azərilərə. Silaha qarşı bıçaqnan, təpiklə, əlbəyaxa formada döyüşürdülər.Yaralıları var idi. Güllə atırsan, yenidən durub üstünə cumur. Biz elə bilki adi insanlara qarşı döyüşmürdük. Deyirəm də, vəhşidirlər. Biz orada iki tankımızın ikisini də itirdik. Vurdular. Bizim BMP-nin atəş dəstəyi ilə ərazidən çıxdıq. Oradan cəmi 7 nəfərlə çıxdıq. Həmin 7 nəfərin də, biri yaralı idi. Başa düşdük ki, döyüşməyin mənası yoxdur. Bizi də, öldürəcəklər. Amma kim təslim olurdusa atmırdılar. Əsir götürürdülər”. (//www.qalanews.com/az/news-detailed/71907?fbclid=IwAR3kiw12ozqVp963ig4FCiNHehDSKXwAp48sGPH_G93qZnmvjxjiO3d-RSE )

 

Göründüyü kimi, hərbçilərimizi “vəhşi” adlandıran erməni hərbçisi iki məqamı – ordumuzun Şuşa istqiamətində texnikadan istifadə etməməsi və təslim olanlara mərhəmət göstərməsi faktını etiraf edir. Erməni hərbçilərinin bu yöndəki çoxsaylı etirafları Azərbaycan ordusunun müharibə meydanında belə insani dəyərləri itirmədiyini, təslim olan düşmən əsgərinə belə humanist şəkildə yanaşdığını sübut edir.

 

Dünya hərb tarixində daha bir ilk: Sivilizasiyanın xilası naminə silahsız hücum əməliyyatı...

 

44 günlük Vətən müharibəsini dünyua hər tarixinə qızıl hərflərlə həkk etdirən çoxsyalı məqamlardan biri isə zəngin tarixi, mədəniyyəti ilə sadəcə Azərbaycanın deyil, dünyanın ən zəngin şəhərlərindən biri olan Şuşanın özünəməxsus taktiki və strateji əməliyyatla azad edilməsidir.

 

Azərbaycanın mədəniyyət paytaxtı olan, demək olar ki, başdan-ayağa tarixi memarlıq nümunələri ilə zəngin olan Şuşanı azad etmək üçün ağır hərbi texnikadan istifadə etməyin ciddi fəsadlarla nəticələnəcəyini, tarixi abidələrin zərər görəcəyini nəzərə alan hərbi komandanlıq şəhərə hərbi texnikanın iştirakı olmadan hücum etməyə qərar verir. Daşaltı kəndi istiqamətindən sərt, sıldırım qayaları dırmaşaraq şəhərə daxil olan Azərbaycan əsgərləri bıçaq və əlbəyaxa döyüşlə düşməni məğlub edərək şəhəri azad etdi.

 

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zamanı aşağıdakıları deyib:

 

“Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”. (//mod.gov.az/az/pre/34656.html )

 

Mövzu ilə bağlı redaksiyamıza açıqlama verən millət vəkili Nəsib Məhəməliyev də, Şuşanın ağır hərbi texnikanın iştirakı olmadan azad edilməsinin dünya hərb tarixində nadir hadisə olduğunu vurğuladı:

 

“Şuşa hələ uzun illər əvvəl  “Zaqafqaziyanın konservatoriyası” adlandırılırdı. Şuşa Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə, diplomatiyasın, hərb sənətinə bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Qədim tarix və mədəniyyətə malik olan Şuşa şəhəri sadəcə füsünkar təbiəti ilə deyil, həm də maddi-mədəniyyət abidələri ilə diqqət çəkib. Məhz bütün bu amilləri nəzərə alan Azərbaycan ordusu Şuşanın işğaldan azad edilməsi əməliyyatında hərbi texnikadan istifadə etmədi. Şuşa Azərbaycan ordusunun yüksək fiziki hazırlığı, cəsarət və əlbəyaxa döyüş qabiliyyəti nəticəsində azad edildi. Bu, dünya hərb tarixi üçün nadir və qeyri-adi əməliyyatlardan biridir. Bu, həm də Azərbaycan hərb tarixinin ən  şərəfli səhifələrindən birini təşkil edir. Şuşa əməliyyatı ordumuzun gücü ilə yanaşı, həm də onun tariximizə, mədəniyyətimizə olan sevgi və qayğısını əks etdirir”.

 

Ölümə layiq işğalçıya verilən yaşam şansı: Tövbə və düşünmək üçün fürsət!

 

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun mərhəmət və humanizminə daha bir nümunə isə hərbi həkimlərimizin yaralı düşmən əsgərlərinə yüksək tibbi xidmət göstərməsi, onları ölümün pəncəsindən xilas etməsi faktlarıdır. Müharibənin elə ilk günündən böyük itkilər verərək pəakəndə şəkildə geri çəkilməyə başlayan erməni ordusu, öz yaralı hərbçilərini belə döyüş meydanında ataraq qaçır, onlara “əlavə yük” kimi baxdığı üçün yaralıların qayğısına qalmırdı. Təsadüfi deyil ki, yüzlərlə yaralı erməni əsgəri məhz Azərbaycan ordusunun mərhəməti sayəsində ölümdən qurtulub, yenidən həyata qayıdıb. Cərrah Cəmil Ələkbərovun bununla bağlı mediaya verdiyi müsahibələr buna bir daha sübutdur. (//www.medicina.az/yarali-ermenileri-de-xilas-edirdik-on-cebhede-xidmet-eden-cerrah)

 

Yaralı erməni hərbçilərinin müalicəsi, fiziki və psixoloji durumu Azərbaycanın bütün əlaqədar  dövlət qurumlarının diqqətində olub. Təkcə bir faktı qeyd edək ki, 2020-ci ilin dekabr ayında Azərbaycanın Ombudsman Aparatının nümayəndələri yaralı erməni hərbçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. (//ordu.az/az/news/179254/ombudsman-numayendeleri-ermeni-esirlere-bas-cekdi) Müqayisə üçün qeyd edək ki, Ermənistan Ombudsmanı bir dəfə də olsun ölkələrində saxlanılan erməni əsirlərinə baş çəkməyib.

 

Göründüyü kimi, hərbçilərimiz ölümə layiq işğalçıya yenidən yaşam şansı verməklə onlara təkrar düşünmək və tövbə etmək fürsəti verib. Ermənilərin bu fürsəti necə qiymətləndirəcəyini isə zaman göstərəcək.Ümid edək ki, erməni hərbçiləri onları labüd ölümdən xilas edən və bununla da  müharibə cəhənnəmində cənnət rüzgarı əsdirən ordumuzun bu humanizmini layiqincə dəyərləndirəcək, Azərbaycan əsgərinin mərhəmətli davranışları onlar üçün üfüqün o biri üzü kimi uzaq və anlaşılmaz görünməyəcək. Çünki bu dünyada heç kimin mərhəməti sonsuz deyil...  Hətta Azərbaycan ordusunun da!

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər