“Heydər Əliyevin sifarişi ilə rus hərbçilərindən aldığım silah-sursatı  Naxçıvana  yolladım...”
Araşdırma
5508
19 Jan 2021 | 13:08

“Heydər Əliyevin sifarişi ilə rus hərbçilərindən aldığım silah-sursatı  Naxçıvana  yolladım...”

1990-1991-ci illərdə Xızı rayon partiya komitəsinin 1-ci katibi, 1991-1992-ci illərdə həmin rayonun İcra Hakimiyyyəti başçısı vəzifələrində çalışmış tanınmış ictimai xadim, Milli Məclisin sabiq deputatı Maksim Musayev Moderator.az-a  31-ci ildönümü ərəfəsində olduğumuz 20 Yanvar qətliamından sonra ərazisində 7 hərbi hissə olduğu rayon əhalisinin sovet-rus ordusuna qarşı etirazları, həmin hərbi hissələrin komandir və zabitlərinin yerli rəhbərliyə qarşı münasibətindən və s. bəhs edən sənədli bir material təqdim edib. Aktuallığını nəzərə alaraq həmin məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
Sovet-rus ordusunu Azərbaycandan kim çıxardı?..

(Əvvəli burada: //www.moderator.az/news/361138.html )

“Rus komandirlər “Nasosnı”ya yaxın arsenaldan  gecələr gizli şəkildə Qroznıya –çeçenlərə silah-sursat göndərirdi...”

"Bir dəfə rayonun inzibati orqanlarından olan bir polkovnik, qəbuluma gəlib bildirdi ki, “Nasosnı”ya (ind. Z.Tağıyev qəsəbəsi) yaxın ərazimizdəki silah anbar-arsenaldan (bu rayondaki iki arsenaldan kiçiyi idi) Rusiyaya- Qroznıya tərəf gecələr silah-sursat göndərilir. Şübhələrimiz var, icazə verin, həmin silahla dolu maşınları yolda - rayon ərazisində saxladıb yoxlayaq. Səlahiyyətimdən kənar olsa da, razılaşdıq ki, araşdırma aparılsın. Məlum oldu ki, bir aydan çoxdur ki, rayondakı bir hərbi hissədən  qeyri-hərbi yük avtomobilləri ilə Qroznıya – çeçenlərə patron satır. Həmin hərbi hissənin komandiri ilə söhbət apararkən açıqladı ki, biz buradan gedirik. Tez arsenaldaki silah sürsatı dəyər-dəyməzə satırıq ki, Azərbaycanda qalmasın. Pulunuzu gətirin, sizdə silah alın, bizə “yuxarı”nın verdiyi icazənin bitməsinə bir neçə gün qalıb. Mən respublikanın müvafiq orqanları ilə maliyyə məsələsi barədə əlaqəyə girsəm də, müsbət nəticə alınmadı. Qarabağda isə müharibə gedirdi. Silahı alsaq da, haraya, kimə, nə qədər, hansı ölçülərdə göndərəcəyimizi də bilmirdik. Vaxt isə az qalmışdı, Xızı əsasən qaçqın rayonu olduğundan, məmurlar da kasıb idilər. Qərarlaşdıq ki, əsgərlərə (sayca onlar az qalmışdılar) toyuq, ət, yumurta və süd verərək silah alaq. Komandir dediklərimizlə razılaşdı. Tikinti təşkilatlarının bir neçə maşınları ilə silah-sursatı arsenaldan çıxarıb doldurduq Giləzi kəndi yaxınlığındaki qoyun damına. Milis də bir neçə gün oranı mühafizə etdi. Sonra  həmin silah-sursat Müdafiə Nazirliyinə verildi. Ağrılı odur ki, illərlə torpaqlarımızda keflə yaşayan, suyumuzu içib çörəyimizi yeyən, saf havamızı udan, hörmət göstərilən zabitlər və  komandirləri silahın Azərbaycanda qalmasını istəmirdilər. Ordu gedənə yaxın vaxtlarda isə əlimizdən nə isə almamış çıxmaq belə, fikrində deyildilər. Tələm-tələsik, həm də ona görə satıb, qaçmaq istəyirdilər ki, qorxurdular. Düşünürdülər ki, biz onları daş- qalaq edib, qovsaq, hər şey Azərbaycana qalacaq, buradan da cibi boş çıxacaqlar.  Bəhs edilən arsenalın “yola salma” mərasimindən yaddaşımda qalanlar bunlardır. Onu da unutmamışam ki, həmin silah-sursatın bir neçə yeşik patronundan - “öz payıma” düşəni Kəlbəcərin Nadırxanlı və Ağdamın Mərzili kəndlərinə göndərdim. Xatırımdadır ki, həmin ərəfədə Ermənistanla silahlı qarşıdurma şəraitində olan Naxçıvandan - Ordubad konserv zavodunda baş iqtisadçı işləyən  Hicran Kərimli yanıma gəldi; silah-sursat almaq üçün onu Heydər Əliyevin göndərdiyini bildirdi. Hicran Kərimovun(sonradan Kərimli-S.L.) istədiyi məsələlər həll edildi (o, sonra Azərbaycan Respublikası Ali Sovetinin deputatı oldu).

İndi isə Xızı rayonunda yerləşən bir Sovet-rus hərbi hissəsi komandanlığının parlamentin – o vaxtkı Ali Sovetin deputatı kimi mənə təqdim etdiyi və arxivimdə qalan rəsmi məktubdan yazmaq (rus variantını təqdim edərək) lazım gələcəkdir. 


 
 

Buna zabit heyəti iclasının mart 1992-ci il tarixli protokolu da demək olar. Belə ki, Xızı rayonunun Sitalçay ərazisində yerləşən 44382 saylı hərbi hissəsinin zabitlər iclasında sədrlik edən polkovnik Qriqoroviç və katib kimi baş leytenant Prixojiy imza atıb, möhür vurmuşdur. Eyni zamanda həmin məktub Azərbaycan, Qazaxıstan, Ukrayna, Rusiya prezidentləri və ordu Baş Qərargahlarına da ünvanlanmışdı. Məqsədləri nəinki Azərbaycandan çıxmamaq, hətta buradaca hər şeyi özəlləşdirib qalmaq idi. Tələblərini sadalamaqla məsələyə aydınlıq gətirmək olar: bizim bütün qanuni tələblərimiz yerinə yetirilsin; təcili olaraq 44382-ci hərbi hissəsinin yerləşdiyi şəhərcik toxunulmaz ərazi elan edilsin; zabitlərin yaşadıqları mənzillər onların şəxsi əmlakına verilsin; silah və sürsatlara nəzarət zabitlərə tapşırılsın; hərbçilərin və onların ailə üzvlərinin əmlakları və mənzillərinə toxunulmazlıq təmin edilsin; hərbçilər yeni iş və yaşayış yerlərinə köçərkən onların əmlaklarından vergi tutulmasın və sairə. Göründüyü kimi tələblər daha çox, istəklər ondan da çoxdur. Azərbaycanı tərk eləmək istəyənlər isə yoxdur. Bu, Sovet ordusunun yerləşdiyi bir hərbi hissə zabitlərinin iclas protokolu idi. Ölkəmizdə dərin kök salan bazaların çıxarılmasının bir hərbi hissənin timsalında nə çətinliklərlə üzləşdiyi aydın olur. Məsələnin digər tərəfini də düymaq və başa düşmək lazım gəlir. Azərbaycan sovet bazalarndan təmizlənir. Çünki müstəqil olub. Sovet ordusunun daşınmaz əmlakı ölkəmizdə qalır və əsgər-zabitlər isə çıxarılır. Bu bizim üçün arzumuza çatmaq, sevinmək və xoş əhval- rühiyyəyə səbəb olsa da, sovet ordusunda xidmət edənlər üçün fəlakət idi. Rayonumuzda xidmət edənlərin əksəriyyəti matəm içərisində idilər. 1992-ci il yanvar ayının 4-də Moskvadan göndərilən 1 nömrəli əmrə əsasən sovet hərbi hissələri bütün fəaliyyətlərini dayandıraraq 3 ay müddətində şəxsi heyyətləri ilə birgə ölkəni tərk etməli idi. Lakin əmrdə göstərilmirdi ki, zabit-gizirlərin taleyi necə olacaq, mənzillə təmin olunacaqlarmı, onların ailə üzvlərinin müqəddaratının başlı-başına buraxılmasının səbəbi nədir və sairə. Şikayətlənirdilər ki, prezident Yeltsin bizi küçəyə atıb. Bəziləri yaşadıqları mənzildə qalmağı, hər hansı sahədə iş verməyimizi xahiş edirdilər (hətta ağlayan, yalvaranlar da olurdu). Qəbulumda olan polkovnik Qriqoroviç ölkəsinin, yəni Rusiyanın onlara sahib  durmadığını, xidməti əməklərinə qiymət verilmədiyindən əzabla danışırdı. Gizlətmirdi ki, öz ölkəndən kənar başqa bir torpaqda hərbi xidmət etməyin perspektivi yoxdur. “Biz hiss edirdik ki, 20 Yanvar hadisələrindən sonra bizlərə nifrət var, zabitlərlə söhbətləşəndə biri-birimizə deyirdik ki, biz Azərbaycandan gedəcəyik. Ancaq gözləmirdik ki, belə qısa müddətdə buranı tərk etmək barədə əmr olacaqdır” –deyə rus polkovnik yalvarış dolu baxışlarla danışırdı... 
(Davamı var)

Hazırladı: Sultan Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər