Araşdırma
8892
01 Jul 2020 | 17:14

"Rövşən Cavadov AXC-nin baş qərargahına gəlib çıxanda zorakılığa son qoyuldu..."

Ötən il tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.




“…İyunun 24-də gecə Milli Məclis Gəncə məsələsinə dair parlament komissiyasının hesabatını dinləyərkən prezident səlahiyyətlərinin  “ müvəqqəti” olaraq  parlament sədri Heydər Əliyevə verilməsinə səs verildiyi zaman qaçıb getmiş Prezidentin biabırçılığı özünün məntiqi sonluğuna çatdı…

Ssenaridə İuda rolunu impiçment aktını təklif etmək şərəfinə layiq görülmüş Etibar Məmmədov oynayırdı. Xoşbəxtlikdən əvəzində aldığı mükafata onun üçün son dərəcə ictimai təhqir idi. Partiyasının Elçibəy əleyhinə koalisiyasındakı “payına” görə  Məmmədova nəinki Baş nazir, yaxud, heç olmasa, Dövlət katibi vəzifəsi – onun xarici işlər, xarici iqtisadi əlaqələr və neft üzrə əlavə portfelləri ilə birlikdə - təklif olunmadı. O, sadəcə, köməkçilərindən birinin dövlət  televiziyasınn direktoru vəzifəsinə təyin edilməsi ilə qane olmalı – sonradan isə onun gülümsəyən Əliyev tərəfindən dağıdılmalı olan ölkədə “əsas müxalifət” olduğu barədə iddialarına qulaq asmalı idi….

“Böhranın həll olunması siyasi partiyalar arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsi deyil”- deyə Heydər Əliyev milli televiziya ilə izahat verdi – Mənim də siyasi partiyam var. Lakin mən Bakıya yalnız özümü  təmsil etmək üçün gəlmişəm. Və mən Etibar Məmmədova müxtəlif vəzifələr təklif etdikdə onu siyasi partiyanın lideri yox, siyasi şəxsiyyət kimi nəzərdə tutub etmişəm. O deyir ki, ölkədə əsas müxalifət partiyasının lideridir. Lakin heç kim bilmir, ölkədə əsas siyasi partiya hansıdır, çünki belə şeyləri müəyyənləşdirmək  üçün heç bir seçki keçirilməyib…” 

Bunu qulaq ardına vurub Etibar Konstitusiyaya zidd olaraq  hərbi çevriliş yolu ilə hakimiyyətə Azərbaycanın yeni sahibləri gəldiyi üçün hökümətin təşkilində iştirakdan imtina etdi. Azərbaycanda demokratiya və qanun məşəlinin daşıyıcısı kimi ortalığa atılmaqdansa, Etibar(etika üçün bu ifadəni yazmırıq-S.L.)  bir görkəm almışdı və məzlum bir məxluq  təsiri bağışlayırdı… 

“Külək əkəni qasırğa biçər”- deyə Filip Remler Hoseadan sitat gətirdi...

Bəs Xalq Cəbhəsi necə?..

Gəncə qiyamı, Heydər Əliyevin qayıtması, Elçibəyin adamlarının hakimiyyətdən kənarlaşdırılması və nəhayət, Prezidentin sürgündə olması Elçibəyin ən qızğın təərfdarların da  çaş-baş saldı....

Etiraz mitinqləri təşkil etmək üçün göstrilən bir neçə acınacaqlı cəhd  biabırçılıqla və zor gücünə yatırıldı. Universitetdə keçirilən nümayiş silahlılar tərəfindən dağıdıldı. Etiraz edən bir dəstə AXC-nin baş qərargahının qarşısında mitinqə davam edəcəklərini elan etdilər. Lakin onlar həmin istiqamətdə irəlilədikləri zaman yüzlərlə polis və əsgərin yolu bağladıqlarının şahidi oldular. İşarə alan kimi təhlükəsizlik xidmətinin adamları özlərini camaatın arasına ataraq nümayişə gələnlərə və hətta yoldan ötənlərə amansızlıqla dəyənək zərbələri endirməyə başladılar. Onlar bundan sanki sadist kimi zövq alırdılar...

Mən özüm buna ilk mənbə kimi şəhadət verə bilərəm... Mülki geyimli bir polisin yaşlı bir qadını vuraraq qovduğu zaman bir neçə dəfə şəkillərini çəkdim. Bu zaman polislərin başqa bir dəstəsi gəlib lenti onlara verməyimi tələb etdi. Mən razı olmadım. Öz aralarında cəld müzakirə etdikdən sonra belə bir şey baş verdi:

“Ayaqlar;ndan vur”,- deyə polislərdən biri təklif etdi. 

“Vur, yıx yerə onu”- başqası məsləhət gördü.

“Bu, Heydər Əliyevə həmin o sualı verəndir”- üçüncü polis belə dedi.

“Ah, lənət şeytana”- öz-özümə deyindim  və özümü başımdan zərbələr almağa hazırladım. Sonra birdən bu polislərə başqa bir dəstə qoşuldu.

“Mən onun dərsini verərəm!”- deyə yeni gələnlərdən biri yaxamdan yapışıb məni küçənin o biri tərəfinə sürüyə-sürüyə çığırdı.

“Tomas bəy”- həmin polis təngnəfəs dedi-  Sizi Xalq Cəbhəsindən tanıyıram! Nə qədər çəkə bilirsiniz, çəkin, amma ehtiyatlı olun!..” 

Daxili İşlər naziri Rövşən Cavadov üzr istəmək üçün AXC-nin baş qərargahına gəlib çıxanda zorakılığa son qoyuldu. O, israr edirdi ki, mitinqin dağıdılmasına heç bir əmr verməmişdir. Handa  qala mitinqə gələnlərin döyülməsinə...  Buna baxmayaraq daha fəal iştirakçıların qovulub dağıdıldığına əminlik yarandıqdan sonra Elçibəy tərəfdarlarının qalanları sonradan ayrı-ayrı dəstələr şəklində asanlıqla dağıdıldı... 
   

(Davamı var)


Qeyd:
Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.

Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun  “Azərbaycan gündəliyi”  kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla  keçirilmişdir...

Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər