Araşdırma
17328
07 May 2016 | 00:38

"Əbülfəz Elçibəy maşından düşüb al qan içində olan Vaqif Axundova tərəf gəldi"

Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/135209.html

...İyunun sonlarında Əbülfəz Elçibəy Gəncəyə gəldi. Gəncəlilərlə görüşdə mən də iştirak edirdim. Həmin görüşdən təəssüratımı bir əməkdaşımızla bölüşəndə dedim ki, Elçibəyə çətin olacaq. O yaxşı adamdı, amma hökmdar deyil. Azərbaycan gənc dövlət kimi hərtərəfli keçid dövrünü yaşayır. Keçid dövrləri, hətta demokratiyaya keçid də, mütləq sərt olmalıdır ki, keçmişə nostalgiya yaranmasın, azad olan qul özünə yeni ağa axtarmasın, əsas prinsiplərin bünövrəsi etibarlı qoyulsun.
  
Sabah erkəndən Tofiq Hüseynovla Gəncədə, Elçibəyin qaldığı qonaq evinin qarşısında görüşdük. Elçibəy Tərtərə gedəcəkdi. Biz də bu səfərdə iştirak etmək istəyirdik. Qonaq evində dedilər ki, bəy çox gec yatdığından hələ yuxudan oyanmayıb. Mürşüd Məmmədli Gəncənin icra başçısı təyin olunmuşdu, hiss olunurdu ki, qayğılıdı. Qonaq evinin həyətində olanlar da bir-birinə nəsə danışıb başlarını bulayırdılar. Mühafizədəki uşaqları tanıyırdım. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Heç nə demədilər. Gəncə polisindən gecə növbəsində olmuş tanışım məni  kənara  çəkib: Axşam başımıza iş gəlib-dedi. Polisin sözündən məlum oldu ki, prezident şam yeməyindən  sonra qalxıb deyib ki,”heç kəs mənimlə gəlməsin, sürücü ilə gedib bir nəfərlə görüşüb qayıdıram” və şəhərin “vtoroy çast”deyilən yerinə dogru hərəkət edib. Təbii, prezidentin etirazına baxmayaraq mühafizə də onunla bərabər gedib. Gəlib bir qapını döyüb, məlum olub ki, səhv salıb. Daha sonra kimisə çağırıb, həmin şəxs küçəyə çıxıb və  qapıdan içəri keçiblər. Bir müddət sonra “Qonaq evi”nə qayıdıblar. Detallarına toxunmadığım bu əhvalat sonralar -1993-cü il dövlət çevrilişində komprmaterial kimi Əbülfəz Elçibəyin əleyhinə danışıldı. Əbülfəz Elçibəy təbii adam idi, amma  ölkədə bu əhvalata ictimai rəy fərqliydi...

Təxminən saat 11-ə yaxın Tərtər istiqamətində yola düşüldü. Dəliməmmədli qəsəbəsini yenicə keçmişdik ki, yolun kənarında saxlayan “Kamaz “ yük maşını qəflətən prezident kortejinin hərəkət etdiyi yola çıxdı. Prezidentin maşını keçsə də Vaqif Axundovun oturduğu avtomobil və digər mühafizə maşını məcburi yolun sağına ”“ağacların içinə girdi. Aləm qarışdı. Mühafizə işçiləri, Vaqif Axundov al qanın içində idilər. Prezidentin maşını da dayandı. Əbülfəz Elçibəy maşından düşüb, hadisə yerinə tərəf gəlməyə başladı. Bu düzgün deyildi. Son anda F.Təhməzov prezidentə yaxınlaşıb onu maşınına əyləşdirdi və hərəkət davam etdi. Təhməzov Elçibəyin avtomobili tərpənəndən sonra mənə yaxınlaşıb yaralıları aeroporta aparmağı və Bakıya yola salmağı tapşırdı. Yaralılara ilk tibbi yardım göstəriləndən sonra Gəncə aeroportuna gətirib, Bakıya uçuşa hazırlaşan təyyarəyə mindirdik. Bu hadisə göstərdi ki, dövlət başçısının mühafizəsi, maşının hərəkəti zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, yolun tamamilə təmizlənməsi kimi vacib məsələlər hələ peşəkarcasına həll edilməyib. Qeyd edim ki, bu təxribat deyildi,  Gədəbəydən olan “Kamaz” sürücüsü özünün dediyi kimi hövsələsizlik edib vaxtından əvvəl yola çıxmışdı. Nə baş verdiyini dərk edəndə pambıq sahəsinə girib qaçmağa başlamışdı. Bakıdan gələn sürücülərdən biri ardınca gedib elə pambıqlıqda tutub gətirmişdi. 
Aeroportdan Tərtərə qayıtdıq. Tərtər icra hakimiyyətinin həyətində Ə.Elçibəy hərbçilərlə söhbət edirdi. Hərbçilər arasında Nəcməddin Sadıqovu da gördüm, başımla uzaqdan salam versəm də özünü görməzliyə vurdu . Onu başa düşürdüm,  kuratoru olduğum Xanlar rayonuna Sovet Ordusu tərəfindən təyin olunmuş əlahiddə komendat.., SSRİ dağılandan altı ay sonra Ağdərə üzərinə hücum planını müzakirə edirdi. Həmin gün Tərtər rayon mərkəzinə ən yaxın Dağlıq Qarabağ kəndi - Marquşevan alınmışdı. Günortadan sonra Şəmkirə qayıtdıq.
                                           
Daşkəsən Şəmkir bölməsinin xidməti ərazisi idi. Daşkəsəndən gələn xəbərlərə görə rayon cəbhəçilərinin idarə heyətinin bütün üzvləri faktiki olaraq rayonda heç kimlə hesablaşmaq istəmir, özbaşınalıq edir, Bəxtiyar adlı (soyadını unutmuşam)  gənc icra başçısının da cəbhəçi olmağına baxmayaraq onu devirib yerinə başqasını təyin etdirmək üçün pozucu, təxribat xarakterli işlər görürlər. Cəbhəçilər haqqında kifayət qədər komprmaterial vardı. İcra başçısına  növbəti  iclasın nə vaxt keçiriləcəyi  barədə məlumat verməsini xahiş etdim. Vaxt müəyyən olundu və icra hakimiyyətində iclasa qatıldım. İclasda icra başçısı bir neçə kəlmə danışmışdı ki, cəbhəçilər yerdən söz atmağa başladılar və faktiki olaraq tədbiri pozmağa çalışırdılar. İradları da bu idi ki, niyə sovetdən qalma idarə müdirlərinin hamısını işdən azad edib, cəbhəçiləri təyin etmir. İcra başçısı iclası tərk etmək istəyəndə, əyləşməyi xahiş edib, söz istədim. Üzümü onlara tutub:
-Birinci, Siz ölkə başçısına hörmət etməyərək onun təyin etdiyi şəxsin idarəçiliyinə mane olursunuz, ikinci şikayətiniz varsa müvafiq instansiyalara müraciət edə bilərsiniz, amma, sizlərdən daha çox şikayət var. Biri elə sən (adları xatirimdə qalmayıb), iki dəfə filan tarixlərdə kababxanada yeyib,  içmisiniz, hesabı ödəməmisiniz. Demisiniz ki, Elçibəyi biz prezident etmişik, o da gəlib hesabı verəcək. Sən, (başqa birisinə) mebel mağazasından qızına cehiz almısan, amma pulunu verməmisən, demisən ki, icra başçısı ödəyəcək. İndiki icra başçısının yerinə fikirləşdiyiniz dostunuzun isə natamam ali təhsili var,  o yaxın illərə başçı ola bilməyəcək. Hörmətli prokuror Nəbi müəllim bu iclasda içtirak edir, mən xahiş edirəm ki, deyilənləri nəzərə alıb zəruri hüquqi addımlar atılsın. İndi isə mənim başçı ilə vacib söhbətim var, iclası davam etdirə bilərsiniz.
   
Nəbi müəllimin də, başçının da üzündə tam bir məmnunluq vardı. Başçı ilə iclası tərk etdik. Onunla xudahafizləşəndə xahiş etdi ki, növbəti iclasa da gəlim.
 
Nazirliyə - Sülhəddin Əkbərin ünvanına arayış göndərib Daşkəsən rayonundakı neqativ hallar barədə məlumat verdim və AXC İdarə Heyətinin Daşkəsən şöbəsində uygun tədbirlər görülməsinin  məqsədəuyğun olduğunu bildirdim.
 
Niyə bu faktı yazdım? Həmin vaxtlar təkcə Daşkəsəndə deyil, ölkənin bir çox rayonlarında bəzi cəbhəçilər özlərini aqressiv aparır, dövlət strukturlarının işinə müdaxilə edir, xoşları gəlməyən məmuru birbaşa Elçibəylə hədələyirdilər. Bu cür faktlar hakimiyyəti gözdən salır, yuxarı məmur heyətinin də bəzən onları müdafiə etməsi narazılığı artırırdı.
 İyulun əvvəlində Namiq Abbasov Gəncədə yarımillik müşavirə keçirdi. Müşavirədə nazir müavini arxivlərin açılması barədə müzakirələr aparıldığını, hətta sovet dövrü  agentura şəbəkəsinin siyahısının açıqlanmasının da müzakirə  predmeti olduğunu əməliyyat işçilərinin nəzərinə çatdırdı. Bütün əməliyyat heyəti etiraz etdi. Abbasov bizimlə həmrəy olduğunu, yalnız bir agentin- Elçibəyin ətrafında onun əleyhinə işləmiş agentin adının açıqlanacağını deyəndə, yenə hamımız etiraz etdik. Agentura şəbəkəsini, lap bir agentin adının rəsmən açıqlanması xüsusi xidmət orqanının işini iflic edəcək, cəmiyyətdə ailə faciələri yaşanacaq, orqan kimi gözdən düşəcəyik və sonra heç kimi məxfi əməkdaşlığa cəlb etmək mümkün olmayacaq. Abbasov prinsipcə bizim fikrimizlə razılaşırdı.
                                                 
Bu ərəfədə Bakıdan məlumat daxil oldu ki, Yerevandan bir ailə sərhəddi bu günlərdə keçib və  Şəmkirin Çinarlı qəsəbəsində yerləşib. Ermənistandan  soydaşlarımız faktiki 1990-cı ilin sonlarında tamam köçüb gəlmişdilər, bu ailə nə yaxşı indiyədək orda qala bilib? Məlumatı oxuduqca bu sualı öz-özümə verir, fikirləşirdim. Bakıdakı məlumatı verən şöbəylə əlaqə saxladım. Şöbədən əlavə olaraq bildirdilər ki, ailə başçısı Knyaz Mirzoyev bu yaxınlara qədər Yerevanda yaşayıb və Yerevan televiziyasında  Ermənistanın Qarabağ məsələsində mövqeyini dəstəkləyən çıxışlar edib. Knyaz Mirzoyev ədəbiyyat üzrə alimdi, Yerevan ali məktəblərinin  birində dərs deyirmiş. Son günlər hansısa səbəbdən Yerevanı tərk edib. Milliyətcə kürddü. Qısa zamanda Knyaz Mirzoyevin yerini, qaldığı evi müəyyənləşdirdik. K.Mirzoyevin  Qazaxıstanda olduğunu, ailəsinin isə kənddə yaşadığını öyrəndik. Bu ailənin hansısa zərər vuracağı gözlənilmirdi, sadəcə informasiyaya görə bir müddət əməliyyat  nəzarətində saxlamaq şərt idi. Bir neçə gündən sonra məlumat aldıq ki, Knyaz Mirzoyev gəlib, ailəsini gecə ilə Bakıya, ordan da bərə ilə Qazaxıstana köçürüb. Bu faktı yazmaqda məqsədim odu ki, Knyaz Mirzoyevin burda yaşayan qohumları olsa da uzun müddət o  Azərbaycana gələ bilmirdi. Məlumatlar belə idi ki, Heydər Əliyevə qohumları xahiş etsələr də onun Azərbaycana gəlməyinə dövlət başçısı icazə verməyib. 2007-ci ildə  təsadüfən aeroportda idim. Yol Polisinin müşayətilə bir neçə avtomobil  aeroportun VİP zalına yaxınlaşıb saxladı. Gözləmək olardı ki, hansısa dövlətin rəsmi vəzifəli şəxsi  müşayət olunur. Maşınlardan xeyli çemodanlar, çantalar boşaldıldı. Heyət içəri daxil olanda  aeroportda işləyən tanış  polis zabitindən yola salınanın kimliyini soruşdum. Polis dostum kinayə ilə dedi: Qazaxıstandan Knyaz Mirzoyev adlı bir kürddü. Elə bu cür də qarşılanmışdı. 
 
Azərbaycanın əleyhinə Yerevan televiziyasında çıxış edən Knyaz Mirzoyevi xatırladım.
                                                     
1992-ci ilin yayı Azərbaycan Ordusunun uğurları ilə davam edirdi. Agdərə alınmış, Kəlbəcər yolu açılmışdı. Laçın dəhlizinin alınması real görsənirdi. Şəmkir cəbhə xəttində olmasa da hər həftə Ağdama gedirdim. Dostlarım-Gəncə şəhər prokurorluğunun müstəntiqi Bəhram Feyzullayev, Nizami rayon məhkəməsinin hakimi Nail Quliyevlə “Qarabağ”cəmiyyəti adından Ağdama gedib döyüşçülərlə görüşürdük. Şirin Mirzəyevin batalyonuna bir neçə dəfə getmişdik. Hər dəfə maddi yardım edirdik, bir dəfə də həlak olan döyüşçülərin qəbirüstünü götürmək xərclərini ödədik.
  
Şəmkirdə isə YAP yaranırdı. Aslan Aslanov xüsusi canfəşanlıq edir, həm də paralel olaraq mətbuatda Tofiq Hüseynovun əleyhinə yazılar dərc etdirirdi. Yazılar əsasən  “Millət” qəzetində çıxırdı. Bakıya gəlmişdim,”Millət”də çalışan tələbə yoldaşlarımla görüşdüm. Məlum oldu ki, yazıları Aslan Aslanov gətirir.
 
Gəncədə isə Surət Hüseynovun təsiri getdikcə böyüyürdü. Bu təsir əsasən onun ətrafında olan silahlı adamların az qala istənilən idarə və təşkilata girib  istəklərini, tələblərini irəli sürməsindən tutmuş, özlərini dövlətdən, qanundan üstün tutmaları idi. Dövlət isə hələ də zamanında bu təhlükəni aradan qaldırmağı bacarmırdı. Payızda  cəbhədə hərc-mərclik, komandirlər arasında gərginlik barədə informasiyalar, dedi-qodular artırdı.
  
Şahidi olmadığım hadisələrdən  yazmaq istəmirəm, amma ölkədə baş verənlər  istər ”“ istəməz işimizə, fərd olaraq əhvalımıza təsir edirdi. Keçid  dövrü üçün sərt mövqe nümayiş etdirmək vacibdir. Burda demokratik dəyərlər hələ tam qavranmayıb, ölkədə müharibə gedir, son illərin xaosundan bezən millət, ədalət və qətiyyət istəyir. Heç birini verə bilməyəndə, üstəgəl hakimiyyətə qarşı çıxanlara loyal münasibət sərgiləyəndə möhkəmlənməmiş sistemin yıxılacağı qaçılmaz olur. Ayrılıqda kadrlar zəif ola bilər, amma  lider güclü olmalıdır ki, onları idarə edə bilsin. Əhali Elçibəyi səmimi, yaxşı insan kimi dəyərləndirir, amma dövlət başçısı kimi  qətiyyətli olmadığını, kadr siyasətinin uğursuzluğunu söyləyirdilər. Uğurlu kadrlarla bərabər zəiflər də çox idi. Bacarıqlı kadrlar qətiyyətsiz dövlət başçısının ətrafında  uğursuz vəziyyətə düşürlər. Bəs xüsusi xidmət orqanı kimi MTN bu vəziyyəti görürdümü? Əlbəttə! MTN dövlətin bel sütununa çevrilə bilmədi. Bunu nə dövlət başçısı istədi, nə MTN rəhbərliyi bacardı. Ona görə bəzən taleyüklü bəyanatlar Xalq Cəbhəsinin hansısa səlahiyyətlisinin dilindən efirə çıxarılır, ölkə qarışır, fürsət  gözləyənlər əllərini əlinə sürtürdülər. 
 
1993- cü ilin fevralından Surət Hüseynov hakimiyyət qarşıdurması açıq müstəviyə keçmişdi. Fevralda İsgəndər Həmidovun təşəbbüsü və Gəncəyə səfəriylə nisbi barışıq oldu, amma bu çox kövrək barışıq idi. Cəbhədə uğursuzluq davam edirdi. Martın 25-dən etibarən Kəlbəcərdən narahat xəbərlər gəlməyə başladı. Martın sonunda Kəlbəcərin işğal olunduğu xəbəri gəldi. Kəlbəcər qaçqınlarının Murovu aşıb Xanlar rayonuna gəldiyi, ermənilərin onları təqib etdiyi deyilirdi. Tofiq Hüseynovla Xanlara yollandıq və Xanlar rayon icra hakimiyyətinin binasına gəldik. Bu binada səkkiz illik kurator olduğum dövrdə nələr görməmişdim, nələrin şahidi olmamışdım. Səkkiz ildə beş rayon rəhbəriylə işlədim. Başçının otağına girəndə Sərdar Həmidovu gördüm. Sərdar Tərtərdən gəlmişdi ki, yerlilərinin çətin günlərində onlarla bir yerdə olsun, amma artıq gec idi və əsgərlər pərən ”“ pərən olmuşdular. Bir azdan Nəcməddin Sadıqov da gəlib çıxdı, özünü tamam itirmişdi. Detallarına varmadan onu deyə bilərəm ki, Sərdar Həmidov onu möhkəm danladı, tənbeh etdi. Xanların icra başçısı isə sanki yox kimi idi. Bu şəxs hiss olunurdu ki, Xanları ümumiyyətlə yaxşı tanımır. Kəlbəcər qaçqınlarının bir hissəsini Şəmkirdə yerləşdirmək qərarına gəldik. Tofiq Hüseynovla gəlib peşə məktəbinin yataqxanasını hazırlamağa başladıq.
 Kəlbəcər uşaqlığımın yaylaq yerləri idi. ”Həmzə çiməni”, “Sarı yer”, Dovudlu, Taqqıldağ, Balaca İstisu, Böyük İstisu tərtərlilərin  daim gəldiyi yaylaqlardı. Böyük itkiydi ... 
 
Aprelin sonunda Tofiq Hüseynov kənd təsərrüfatı naziri vəzifəsinə təyin edildi. Şəmkirə isə keçmiş polis işçisi Bilal Məmmədov qoyuldu.T.Hüseynov işlədiyi on ay ərzində yaxşı kadr olduğunu sübut etmişdi. Vaxtilə onun təyinatına etiraz edən şəmkirlilər Tofiq bəyi böyük hörmət və coşğuyla yola saldılar.
 
Mayın sonlarında Gəncədə zabitlər evində bir qrup deputatın təşəbbüsüylə toplantı keçirildi. Toplantı hakimiyyəti istefaya çağırırdı.

Ardı var...
Link kopyalandı!
Son xəbərlər