Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk.
...Bakı yenə qaynamağa başladı. Milli Məclisdə dava, mübahisələr...Heç gözlənilmədən Ayaz Mütəllibov yenidən Milli Məclisdə prezident kimi geri qayıtdığını bəyan edəndə yalnız təəccüblənmək qalırdı. Deməli, yenə torpaq itkisi, yenə hakimiyyət dəyişikliyi...A.Mütəllibovun ilk kadr təyinatı Rəhim Hüseynovu Nazirlər Sovetinin sədri təyin etməsi oldu. Aydın məsələ idi ki, A.Mütəllibovun yenidən qayıtması bir plan idi, amma sonadək düzgün işlənməyən plan. Hakimiyyət dəyişikliyinin, faktiki olaraq çevrilişin öz qaydaları var. Nazirlər Sovetinin sədri 10 gün sonra da təyin oluna bilərdi, amma həmin gün ilk olaraq Daxili İşlər Naziri təyin edilməliydi və təqdimatdan sonra nazir qətiyyətli çıxış etməliydi. Həmin gün MTN, MN rəhbərləri yenilənməli, qarşılarında ən sərt tələblər qoyulmalıydı. Heç biri olmadı. Səhərisi gün Xalq Cəbhəsi bir neçə silahlı adam və üzvləri ilə Mütəllibovu Moskvaya getməyə məcbur etdi. Milli Məclis çağırıldı, İsa Qəmbər MM-in sədri olaraq dövlət başçısı səlahiyyətlərini icra etməyə başladı. Ölkədə yeni dönəm yaranırdı, fərqli siyasət yürüdülür, yeni kadrlar təyin olunurdu.
MTN-ə nazir Fəxrəddin Təhməzov təyin edildi. Fəxrəddin müəllim bir neçə ay əvvəl Gəncə şöbəsinin müavini vəzifəsindən çıxıb yenicə yaradılmış Bakı şəhər şöbəsinə müavin təyin edilmişdi. Gəncədə bir ildən artıq bir yerdə işləmişdik, xoşrəftar, yumşaq təbiətli bir şəxs idi. Gözlənilməz təyinat idi. Sonralar Yaqub Məmmədovla söhbət zamanı məlum oldu ki, Əbülfəz Elçibəy ilk olaraq MTN-ə Namiq Abbasovun namizədliyini irəli sürüb, Vəzirov dövründə haqsızlığa məruz qaldığını əsas amil kimi irəli sürüb. Müzakirədə iştirak edənlər N.Abbasovun Heydər Əliyevin kadrı olduğunu, daha çox ona bağlı olduğunu bildirib qəti etiraz edirlər. Belə olanda Elçibəy israr edib ki, Milli Təhlükəsizlik Nazirinin namizədliyini müzakirələrə dəvət olunmuş Yaqub Məmmədov versin (?!) İki namizədin də adı çəkilib, ümumi razılıq olmayıb, nəhayət Yaqub müəllim əvvəllər Tibb İnstitutunun kuratoru olmuş Fəxrəddin Təhməzovun namizədliyini verəndə Elçibəy də, müzakirə iştirakçıları da razılaşıb. Yumşaq desək, bu yanaşma düzgün deyildi. Hakimiyyətə gələn şəxs ən azı komandasında kimin hansı vacib postları tutacağını çoxdan müəyyənləşdirməli idi. Xüsusi xidmət orqanı kimi dövlətin bel sütunlarından olan bir quruma öz namizədin yoxsa, deməli o təşkilatın mahiyyətini düzgün qiymətləndirə bilməmisən. Nazirin birinci müavini Sülhəddin Əkbər, müavin isə Murmanskdan qayıtmış Namiq Abbasov təyin olundu.
Qarşıdan prezident seçkiləri gəlirdi. Bu arada rayonlarda icra başçıları sürətlə dəyişdirilir, Xalq Cəbhəsinin üzvləriylə əvəz olunurdu. Şəmkirin icra başçısı Elxan Əliyevin də işdən azad olunması barədə fərman verildi və Tofiq Hüseynov (Qara Tofiq) Şəmkirə başçı təyin edildi. Şəmkirlilər bu qərarı etirazla qarşlıdılar və icra hakimiyyətinin qarşısında etiraz mitinqi təşkil edildi. Səbəb yalnız Tofiq Hüseynovun əslən Tovuz rayonundan olması idi. Rayonun idarə-təşkilat rəhbərləri, hətta polis rəisi mitinqdə iştirak edir, çıxış edərək fərmanın ləğv edilməsini tələb edirdilər. Məndən başqa demək olar ki, əksəriyyət rəhbərlər mitinqdə idilər. Əməkdaşlar tez-tez gəlib mitinq haqqında informasiya verir, mən də öz növbəmdə nazirliyi məlumatlandırırdım. Mitinqdən sonra polis rəisi V.Quliyev zəng edib niyə mitinqdə olmadığımla maraqlananda dedim: ”Dövlətin rəsmi fərmanı var, ona qarşı çıxmaq mənim işim deyil, mənim işim hadisə barəsində informasiya verməkdi.” Rəis cavabında: Ağıllı işi sən gördün-dedi. İsgəndər Həmidov bir neçə gündən sonra rəisi vəzifədən azad etdi, daha doğrusu yerini Xanlar rayonuna dəyişdi. Tofiq Hüseynov isə vəzifəsinin icrasına hələ başlaya bilməmişdi.
Təxminən mayın 25-i olardı. Gəncədə “Qarabağ”cəmiyyəti yaradılmışdı və mən, əksər qarabağlı hüquq mühafizə orqanlarının əməkdaşları, ali məktəblərin müəllimləri, həkimlər, digər peşə sahibləri cəmiyyətdə fəal işlər görür, hətta “Qarabağ” adlı qəzet çıxarmağa başlamışdıq. Xəbər gəldi ki, bazar günü Gəncədə Lalə-Şövkət Hacıyeva şəhər ictimaiyyətilə görüşmək istəyir. İndiki YAP Gəncə təşkilatının yerləşdiyi binada “Qarabağ”cəmiyyətinin üzvləri ilə Lalə xanımın görüşü baş tutdu. Lalə xanım səhnəyə üç nəfərin müşayətilə daxil oldu. Kənd Təssərrüfatı İnstitutunun rektoru Məmmədtağı Cəfərov, Gəncə Dəmir Yolu prokuroru Əli Ömərov və o zaman kənd təsərrüfatı institutunda laborant işləyən Aslan Aslanov Lalə xanımı səhnəyə qədər ötürdülər. Lalə xanım ümumi ictimai-siyasi vəziyyətlə bağlı bir neçə dəqiqə çıxış edib Azərbaycanın ağır durumda olduğunu görüş iştirakçılarının nəzərinə çatdırdı və seçimin düzgün olmasının vacibliyini bir neçə dəfə təkrar etdi. Ön cərgədə əyləşmiş Kənd Təsərrüfatı institutunun bir professoru(əslən Cəbrayıldandı) yerindən replika atdı:
-Xanım, məsələni çevirmək lazım deyil, sözünün Mustafasını de, işimizi bilək.
-Nə Mustafa?
-Yəni, deyin görək Siz kimi məsləhət bilirsiniz bu ölkəyə başçılıq etsin?
-Mən əlbəttə Heydər Əliyevi nəzərdə tuturam və indiki vaxtda yalnız o xalqı qurtara bilər.
Söz Lalə xanımın ağzında bitməmiş həmin müəllim ayağa qalxdı:
-Elə bilirdiniz biz bilmirik bayaqdan kimi deyəcəksiz? Sizi içəri ötürənləri görəndən bu camaat bilir məqsədiniz nədi. Demək istəyirsiniz ki, qayıdaq köhnə vaxta, yenə başlasın ermənistanlı, naxçıvanlı tayfabazlığı. Boğaza yığılıb bu millət, imkan verin nəfəs alaq.
Müəllimin çıxışından sonra yerdən böyük etiraz səsləri qalxdı. Lalə xanımı qınayan sərt sözlər, çıxışlar oldu. Cəmiyyətin sədri isə tribunaya qalxıb, çox kəskin çıxışla Lalə xanımın mövqeyini tənqid etdi. Səslərin getdikcə ucaldığını hiss edən Məmmədtağı Cəfərov içəri girib Lalə xanımı səhnədən apardı.
“Qarabağ”cəmiyyəti görüş yerində cəbhədəki vəziyyəti müzakirə etməyə başladı və məlum oldu ki, Ağdam istiqamətində vəziyyət gərginləşə bilər. Cəmiyyət üzvləri durumu Bakıya çatdırmağın zəruriliyini qeyd edib, cəmiyyətin üzvü Zakir Məmmədova tapşırdı ki, yaranmış vəziyyət barədə mütləq İsgəndər Həmidova, o da öz növbəsində ölkə rəhbərliyinə günü sabah məlumat çatdırsın. Zakir İ.Həmidovun kiçik qardaşı olduğundan bu görəv ona həvalə edildi. Zakirlə yanaşı oturmuşduq. Mənə baxıb dedi ki, “qohum, sabah gəl bir yerdə gedək, maşını növbə ilə sürərik”. Razılaşdım.
Səhərisi günortadan sonra Daxili İşlər Nazirliyində olduq. İsgəndər Həmidov bizi qəbul etdi. Ağdamdan olan narahatçılığımızı çatdırdıq. İsgəndər bəy yaxın günlərdə Ağdam istiqamətində hücum olacağını, prezident seçkisi gününə -7 iyuna uğurlu əməliyyat hazırlandığını deyib bizi bir az rahatlatdı. Üzünü mənə tutub:
-İlham, yenə Gəncədə işləyirsən?
-Şəmkirdə rəisəm.
-Bəs Gəncədə kimdi rəis?
-İndi boşdu. Cəbrayıl Nağıyevi çıxarıblar.
-Bilirəm, Cəbrayıl deputat yoldaşımdı. Səni niyə qoymurlar ora? Özün də Gəncədə neçə illər işləmisən.
Mən sakit dayanıb, heç nə demədim. İsgəndər bəy telefonu qaldırıb köməkçisinə:
-Milli Təhlükəsizlik Nazirinə de ki, mənə zəng etsin.
Düzü bir az təəccüb etdim ki, adətən xüsusi xidmət orqanı kimi MTN siyasi sıralamada öndə gəlir, amma, hakimiyyət Fəxrəddin Təhməzovun deyil, Milli Azadlıq Hərəkatının liderlərindən olan İsgəndər Həmidovunkudu. Ola bilər... F.Təhməzov zəng vurdu. Hal-əhvaldan sora İ.Həmidov:
-Fəxrəddin müəllim, Gəncə şöbəsi boşdu, yoxsa kimisə təyin etmisiniz? Lap yaxşı, Şəmkirin rəisi İlham İsmayılov mənim qohumumdu. Özünüz də bilirsiniz ki, vətənpərvər, qoçaq oğlandı, Çaykənddə vuruşduğunu özüm görmüşəm. Mən xahiş edirəm, elə imkan varsa İlhamı Gəncəyə rəis göndərin.
İsgəndər bəy sağollaşandan sonra: -Dedi sabah əmrini verəcəm.
Mənə təşəkkür etmək qalırdı. İsgəndər bəylə xudahafizləşib Gəncəyə döndük.
Ertəsi gün Şəmkirdə işə başlayanda Bakıdan xeyli zəng gəldi. İlk olaraq keçmiş rəisim Rəhman Mikayılov məni təbrik edib, kollektivlə əl-ələ verib işləməyi tövsiyyə etdi. Bir neçə rəhbər işçilər də zəng vurub məni təbrik edirdilər. Axşama qədər zənglər qəbul etdim, amma kadrdan zəng gəlmədi. Növbəti gün heç bir zəng olmadı. Nazirə zəng vurmağı özümə sığışdırmadım. Bir gün də keçdi və Təhməzov zəng etdi. Nazir mənim təyinatımın alınmadığını söyləyib, birinci müavin Sülhəddin Əkbərin bu təyinata qarşı çıxdığını, səbəb kimi də mənim İsgəndər Həmidov tərəfindən tapşırıldığımı, onun qohumu olduğumu bildirib. F.Təhməzov:
- İsgəndərlə Sülhəddinin arası yoxdu. Mən çalışdım, səni təriflədim, amma Sülhəddin israr etdi, Elçibəyə deyəcəyini, heç cür imkan verməyəcəyini söylədi. Mən: narahat olmayın, Fəxrəddin müəllim, bəlkə də belə yaxşıdır- dedim. Sonralar öyrəndim ki, Sülhəddin Əkbər bu məsələ ilə bağlı Elçibəyə qədər demişdi.
Bir gündən sonra Gəncə şəhər şöbəsinin rəis müavini Rəfail Mrzəyev rəis kimi təsdiq olundu. Namiq Abbasov Gəncəyə gəlib R.Mirzəyevi kollektivə təqdim etdi və zəng edib səhərisi günü Şəmkirə gələcəyini bildirdi. İyunun 5-də Namiq Abbasov Rəfail Mirzəyevlə birlikdə Şəmkir rayon bölməsinə gəldi. Həyətdə qarşıladım. N.Abbasov məni qucaqlayıb: Sizlər üçün darıxmışam- dedi. Kabinetə keçib söhbətləşdik. Rayondakı vəziyyət barədə hərtərəfli məlumat verdim. N.Abbasov məni dinlədikdən sonra:
-Yaxşı, iki gündən sonra seçkidi. Nə gözləyirsən, Elçibəy qalib gələcəkmi?
Bu sualı gözləyirdim. Cavabımın nazir müavinini rahatsız edəcəyini bilsəm də həqiqəti dedim:
-Namiq Rəşidoviç, Elçibəy Şəmkirdə qalib gəlməyəcək. Uzaqbaşı burda 25 faiz səs toplayacaq. İcra başçısı Tofiq Hüseynov hələ işinin icrasına başlaya bilməyib. İcra Hakimiyyətinin birinci müavini bilir ki, sabah onu işdən çıxaracaqlar. Onun üçün kimin seçilməsinin fərqi yoxdu. Əhali də Nizami Süleymanovun yağlı vədlərinə daha çox inanır. Şəmkirdə əhalinin ictimai fəallığı çox aşağı səviyyədədi. Camaat Rusiyadadı, başları ticarətə qarışıb. Rayonun cəbhəçiləri çox azdı və nüfuz sahibləri deyillər.
Namiq Abbasov qayğılı baxışlarla üzümə baxıb:
- Nə danışırsan, İlham? Sən bilirsənmi bəy seçilməsə, bu millətin faciəsi olacaq? Ölkəni yenidən hərc-mərclik götürəcək.
-Namiq Rəşidoviç, bilirəm ki, anarxiyaya son qoyulmalı, normal dövlət qurulmalıdı, amma mən reallığı deyirəm.
- Elə mən də ona görə deyirəm ki, bəy millətin xilasıdı. Bu heç yaxşı xəbər olmadı. Gəncədə Səbuhi müəllim (Səbuhi Abdinov o vaxt Gəncə şəhər icra hakimiyyətinin hələ başçısı idi) dedi ki, hər şey yaxşı olacaq. Sən başla bu gündən adamlarla, məntəqələrlə görüş ki, düzgün seçim etsinlər.
-Bilirsiniz ki, mən burda cəmi yeddi aydı işləyirəm. Bu gün nüfuzum hara qədərdisə maksimum çalışacağam, amma bu əsaslı dəyişiklik gətirməyəcək.
N.Abbasov ayağa qalxıb xudahafizləşdi, yenə bu istiqamətdə çalışmağımı tapşırıb Gəncəyə döndü.
Zaman keçəcək, Elçibəyi millətin xilası kimi dəyərləndirən Namiq Abbasov 10 il nazir olduğu müddətdə onun özünə olmasa da, komandasının üzvlərinə aqressiv münasibət göstərib, çoxsaylı həbslər edəcək. Elçibəy millətin xilaskarı ola bilmədi, amma Abbasovun da təmsil olunduğu klanın həqiqətən xilaskarı oldu. Bəlkə elə buna görə Abbasov uzaqgörənliklə onu xilaskar hesab etmişdi.
İki gündən sonra seçki keçirildi. Şəmkirdəki nəticələr belə idi - Yaqub Məmmədov 6 faiz, İlyas İsmayılov 1 faiz, Əbülfəz Elçibəy 22,5 faiz, Nizami Süleymanov 70 faizdən bir qədər çox...
Əbülfəz Elçibəy prezident oldu.
Bir neçə gündən sonra Tofiq Hüseyinov Şəmkirdə icra başçısı kimi qanuni fəaliyyətinə başladı.Tofiq bəylə ilk gündən isti münasibətlərimiz yarandı.Tofiq bəy Elçibəy hakimiyyətinin azsaylı uğurlu kadrlarından biri idi. Mən hərtərəfli köməklik göstərirdim. Bir neçə kadr dəyişikliyi oldu, ümumiyyətlə isə kolxoz, sovxoz təsərrüfat sistemi hələ də qalırdı və köhnə kadrların çoxu iş başındaydılar və deyim ki, bu Tofiq bəy tərəfindən atılan düzgün addım idi.
Bölmədə katibə Tamara adlı bir tatar qadın idi. Mən onu başa saldım ki,artıq yazı işləri Azərbaycan dilində aparılır və onun işdən getməsi labüddü. Yeni işçi gələnə qədər poçtun qəbulu, yola salınması baş əməliyyat müvəkkili T.Hacıyevə tapşırılmışdı. Bir gün kadrdan zəng gəldi. Əməkdaş sənədlərin birinin üstünə “şəxsən”möhürünün əvəzinə ”tamamilə məxfi”möhürünün vurulduğunu söylədi və rəhbərliyə məruzə olunduğunu dedi. Bir gün sonra nazir zəng vurdu:
-İlham, mən çox istədim sənə cəza verilməsin, amma Sülhəddin bəy israr etdi ki, bu məsələyə görə rəis də məsuliyyət daşıyır. Göstəriş verib ki, baş əməliyyat müvəkkilinə “şiddətli töhmət”, mənə “töhmət “verilsin.
Mən gülüb - hər şeyi başa düşürəm- dedim. Bu töhmətə görə polkovnik-leytenant rütbəmi 6 ay gec aldım.
Bakıya iclasa çağırmışdılar. İclasdan sonra Sülhəddin Əkbərlə görüşmək istədim. Kabinetinin girişində köməkçi harasa getmişdi. Qapını döyüb içəri girmək istəyəndə kadr idarəsinin rəisi Xaliq İsgəndərovun içəridə olduğunu gördüm. Bir anlığa geri qayıdıb ”“ qayıtmamağımı fikrləşirdim ki, Sülhəddin bəy: Ə, görmürsən içəridə adam var-dedi. Qapını örtüb çıxdım və maşına oturub Şəmkirə qayıtdım. Bu formada müraciəti işlədiyim 10 il müddətində KQB-də, MTN-də heç kimdən görməmişdim və ümumiyyətlə xüsusi xidmət orqanında tələb, tənqid yüksək olduğu qədər heç vaxt təhqir işlənməzdi. Sülhəddin Əkbər İsgəndər Həmidova olan şəxsi mənfi münasibətinin nəticəsi kimi mənə qarşı aqressivliyini hələ də davam etdirirdi...
Ardı var...