Moderator.az nazirləri ifşa edəcək prezident fərmanını “tapdı”...
Araşdırma
8668
15 Nov 2015 | 01:40

Moderator.az nazirləri ifşa edəcək prezident fərmanını “tapdı”...

Bu gün ölkə prezident İlham Əliyevin son sərəncamlarının nəticələrindən qaynaqlanan kriminal xarakterli xəbərlərə köklənib və cəmiyyət dövlət başçısının son müşavirələrindəki çıxışlarının xoş ovqatının təsiri altında feyziyab günlərini yaşayır...

Moderator.az isə axtarışdadır və oxucular üçün maraqlı olacaq bir mövzuya işıq salaraq prezidentin dilindən düşməyən "ictimai nəzarət" funksiyasını həyata keçirməklə yanaşı ümumiyyətlə hamının yadından çıxmış prezident fərmanı haqqında yaddaşları yenidən təzələmək niyyətindədir. Düz iki il bundan öncə - 22 noyabr 2013-cü ildə prezident İlham Əliyev  “İctimai iştirakçılıq haqqında” qanunun qəbul olunmasıyla bağlı fərman imzalayıb. Amma həmin fərmanın tətbiqi barədə 16 yanvar 2014-cü ildə qərar verilsə də ölkənin Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanları əsrin yuxusuna gedərək bu cür tarixi əhəmiyyətli sənədi heçə sayıblar. 

Halbuki bu gün prezidentin dediyi həmin ictimai nəzarət hələ iki il bundan öncəki həmin sənəddə öz əksini tapmışdı və nazirliklərdə, dövlət komitələrində təşkil olunacaq içtimai şuraların çox böyük iş görməsi nəzərdə tutulmuşdu. Amma üstündən iki il keçməsinə baxmayaraq Moderator.az - ın araşdırması zamanı bəlli oldu ki, yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu cür şuralar yaradılıb. Bəs digər mərkəzi icra hakimiyyəti orqanları? Bəs bu şuraların ən birinci yaradılmalı olduğu təhsil və səhiyyə nazirlikləri? Bəhanə çox, ortada real iş yox. 

Mövzunu davam etdirəcəyik və prezidentin fərmanını görməzdən gələn nazirliklərin "qara siyahı"sını oxuculara təqdim etməklə yanaşı rəsmilərin bəzəkli-düzəkli bəhanələrini də işıqlandırağa çalışacağıq...

 Yeri gəlmişkən, oxucuların yaddaşını təzələmək üçün "bəxti açılamayan" prezident fərmanını oxucuların diqqətinə ərz edirik:

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. həmin Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq, fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
1.1.5. həmin Qanunun 6.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, ictimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnaməni müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 6.1-ci maddəsinin birinci cümləsində və 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

4. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyə minmə tarixi nəzərə alınsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2014-cü il.

Link kopyalandı!
Son xəbərlər