Fransadan Azərbaycana qarşı
Analitika
1876
02 Nov 2024 | 18:15

Fransadan Azərbaycana qarşı "səlib yürüşü": Səfirin uğursuz və destruktiv cəhdləri - TƏHLİL

İkinci Qarabağ müharibəsindən sonra Fransa Azərbaycana qarşı sanki “Səlib yürüşü”nə başlayıb. Görünən odur ki, rəsmi Paris müharibə nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Ona görə də bütün imkanlarla regiona müdaxilə etməyə, yeni gərginlik yaratmağa çalışır. Bunun üçün isə Ermənistandan istifadə olunur.
 
Yelisey Sarayının Azərbaycan və bütövlükdə bölgə ilə bağlı mövqeyinin daha bir nümunəsi Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin bu ölkənin “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialardır. Belə ki, o, müsahibəsində Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənib.
 
Yeri gəlmişkən, xatırladaq ki, adı çəkilən diplomat bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində yerləşən Nerkin Hand kəndinə səfər edib. O, xüsusi olaraq bildirib ki, insanlar öz yaxınlarının məzarlarını ziyarət edə bilmirlər.
 
Səfir özünün saxta sentimentallığı ilə hansı hədəfə vurduğunu çox gözəl bilir. O deyir ki, insanlar yaxınlarının məzarını Nerkin Handın bir hissəsi guya Azərbaycan tərəfindən işğala məruz qaldığı üçün ziyarət edə bilmirlər. Görəsən, Dekotinyi otuz ilə yaxın müddətdə Azərbaycana məxsus onlarca kəndin insanının bu acı aqibəti yaşadığını bilirmi? Əlbəttə ki, bilir.
 
 
Bəli, otuz illik işğal yaşantısının ən böyük sarsıntılarından biri azərbaycanlıların öz doğmalarının, əzizlərinin məzarlarını ziyarət edə bilməmələri olub. Səfir Dekotinyi onu da bilməli idi ki, təsvir etdiyi səhnədən qat-qat acınacaqlı daha bir durum var – məzar yerini tapa bilməmək və ya qəbirləri təhqir olunmuş formada görmək. Azərbaycan xalqı bu aqibəti də yaşayıb. İşğal başa çatdıqdan sonra neçə-neçə vətəndaşımız təsvir etdiyimiz səhnənin məşəqqətinə qatlaşıb. Həqiqətən, çox böyük dərddir. Hərçənd nə səfir Dekotinyinin, nə də onun təmsil etdiyi ölkənin bunu anlamaq üçün nə istəyi var, nə də siyasi mədəniyyəti.
 
Ümumiyyətlə, Fransa səfiri əvvəllər də belə təxribatçı fəaliyyətlərlə məşğul olub. Bu ilin may ayında o, "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirmişdi. Səfir Azərbaycanı bölgədə aqressiv siyasət aparmaqda, guya Ermənistana təcavüz etməyi planlaşdırmaqda ittiham etmiş və bunun qarşısını almaq üçün Parisin İrəvana hərbi texnika və silah satacağını demişdi.
 
Dekotinyinin davranışları, səsləndirdiyi bəyanatlar onu deməyə əsas verir ki, bu diplomat Fransanın maraqlarına uyğun olaraq bölgədə destruktiv mühitin təmin olunmasına çalışır, mümkün sülh və sabitliyə mane olur.
 
 
Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 1-də Dekotinyinin “Hetq” media qurumuna müsahibəsi zamanı səsləndirdiyi iddialara cavabı da bu baxımdan xarakterikdir. Belə ki, nazirliyin sözçüsü Ayxan Hacızadə söyləyib ki, Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir:
 
“Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir”.
 
Həmçinin bildirilib ki, Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib.
 
Görünən odur ki, Fransa Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın ev sahibliyinə kölgə salmağa çalışır. Eyni zamanda bu məqsədlə bölgədə “sular süni şəkildə bulandırılır”.
 
 
İndi Azərbaycan və Ermənistan arasında nizamlamada irəliləyişlər var. Bunu Fransa da başa düşür. Və elə buna görə də bütün imkanlarla prosesləri tormozlatmağa çalışır.
 
Dekotinyinin müsahibəsində Azərbaycan əleyhinə qarayaxma kampaniyası cəhdləri də beynəlxalq ictimaiyyətdə rəsmi Bakıya qarşı qeyri – adekvat rəy yaratmaq üçündür.
 
İkinci bir tərəfdən deməliyik ki, Fransa Ermənistanın “yarımçıq sülh” siyasətini dəstəkləyir. Rəsmi Bakı isə bunu tamamilə qəbuledilməz hesab edir. Azərbaycanın mövqeyi konkretdir: yalnız “bütün daşlar yerinə oturandan sonra” sülh sazişi imzalana bilər.
 
Fransa və Ermənistanın tələsməsi isə o deməkdir ki, Qərb bölgə ilə bağlı çirkin niyyətlərindən əl çəkmir və gələcəkdə yenidən bölgəyə müdaxilə etmək istəyir.
 
Sözsüz ki, Yelisey Sarayının bu cəhdləri və Ermənistanı özünün dağıdıcı məqsədləri üçün istifadə etməsi nəticəsiz qalacaq. Hətta bumeranq effekti verəcək. Belə ki, rəsmi Paris hazırda davam etdirdiyi ritorikası ilə Bakı ilə ikitərəfli münasibətlərə zərbə vurur. Bu isə mövcud Fransa hakimiyyətinin bölgədə olmasının qarşısını alır. Çünki istənilən üçüncü aktor regionda olmaq istəyirsə, başa düşməlidir ki, bunun yeganə yolu bölgənin əsas oyunçusu Azərbaycanla normal münasibətlərdən keçir. Fransa isə bu imkandan özünü məhrum edir. /Report/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər