Qərbin ikili standartlarının daha bir təzahürü: Ermənistanı
1854
02 Nov 2024 | 14:38

Qərbin ikili standartlarının daha bir təzahürü: Ermənistanı "gündəmə gətirmək" cəhdi - ŞƏRH

Noyabrın 1-də məlum oldu ki, Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək. Bu barədə Konvensiya Katibliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
 
Bu qərar Kolumbiyada keçirilən COP16-nın nəticələrinə əsasən qəbul edilib. COP17 kifayət qədər əhəmiyyətli bir tədbirdir. Belə bir konfransın daxili siyasətində sabitsizlik hökm sürən, Rusiya ilə Qərb arasında gərginliklərin yaşandığı və müxtəlif qüvvələr tərəfindən təsirlərə məruz qalan Ermənistanda keçirilməsi ciddi suallar doğurur. Necə oldu ki, dünya dövlətləri Ermənistana bu cür etimad göstərdilər?
 
 
Ermənistanın namizədliyinin 65 səs topladığını sevinclə bildirməsinə baxmayaraq, araşdırmalar göstərir ki, İrəvan bu şansı əsasən Aİ, xüsusilə Fransa və Frankofoniya təşkilatının fəal dəstəyi ilə əldə edib. Bu, təsadüfi deyil.
 
İlk növbədə, Qərb təxminən bir həftə sonra Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) ev sahibliyi ilə barışa bilmirlər və Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışır.
 
Bundan başqa Azərbaycan qarşıdakı illərdə bir neçə böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək, o cümlədən 2025-2026-cı illərdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası, 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının XVI İslam Sammiti və Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Bakıda təşkil olunacaq. Beləliklə, Azərbaycan ard-arda beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və dünyada əhəmiyyətini artırır. Bu isə bəzi Qərb dairələrində narahatlıq yaradır və onların provokativ addımlarını təşviq edir.
 
Belə bir şəraitdə, Fransa kimi dövlətlər regionun “ən zəif bəndi” hesab edilən Ermənistanı dəstəkləməklə onu gündəmə gətirmək üçün bütün imkanlardan istifadə edirlər. Bu dəstək Ermənistanın yalnız informasiya və hərbi sahədə deyil, diplomatiyada da özünü göstərir.
 
 
Maraqlıdır ki, Qərbin COP17 məsələsində Ermənistana dəstəyi, Gürcüstanda sınaqdan uğursuz çıxandan sonra baş verir. Fransa və ABŞ Gürcüstandakı parlament seçkilərinə müdaxilə edərək müxalifəti hakimiyyətə gətirmək istəsələr də, bu baş tutmadı və Gürcü xalqı sabitliyə üstünlük verdi. Buna görə də, Qərb bu dəfə COP17 vasitəsilə Ermənistana dəstək verməklə regionda nüfuz qazanmağa çalışır.
 
Bu arada, Ermənistan mediasında yaranan eyforiyanı nəzərə alaraq, COP29 və COP17-nin fərqli əhəmiyyətini vurğulamaq vacibdir. COP17 biomüxtəliflik və ekosistemlərin qorunması ilə bağlı məsələləri əhatə edir, lakin COP29 daha geniş miqyaslı bir tədbirdir. İqlim dəyişikliyinə qarşı qlobal mübarizənin önündə gedən bu konfransda ölkələr karbon emissiyalarının azaldılması üzrə öhdəlikləri, həssas ölkələrə maliyyə və dəstək mexanizmlərini müzakirə edir.
 
Fakt dəyişməz olaraq qalır: Fransa və Ermənistanın digər dəstəkçiləri onun COP17-yə ev sahibliyi etməsi üçün resurslar ayırmağa davam edir. Gələcəkdə də Ermənistana müxtəlif formalarda sərmayə yatırılacağı gözlənilir.
 
Diqqətçəkən bir sual ortaya çıxır: Nə üçün Qərb BMT-nin Azərbaycanda keçiriləcək konfransını kölgə salmağa çalışırkən, eyni təşkilatın başqa bir konfransının Ermənistanda uğurla təşkil olunması üçün bütün səyləri göstərir? Bu, Qərbin ikili standartlarının növbəti nümunəsidir. /Report/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər