Banqladeşdə 49 ildən sonra tarix təkrarlanır – Şeyx Hasin yenə xilas oldu - ŞƏRH + FOTO
Analitika
1525
06 Aug 2024 | 14:19

Banqladeşdə 49 ildən sonra tarix təkrarlanır – Şeyx Hasin yenə xilas oldu - ŞƏRH + FOTO

Dünyanın diqqəti İran-İsrail istiqamətində olduğu bir vaxtda Banqladeşdə etiraz aksiyaları keçirilir. Əhalinin 90 faizdən çoxu müsəlmandır. Ancaq aksiyalar dini motivli deyil, ictimai-siyasi xarakterlidir. Yəni orada müsəlman təəssübkeşliyindən kənar siyasi hakimiyyət uğrunda mübarizə aparılır.
 
İyulun əvvəlindən ölkənin müxtəlif şəhərlərində tələblərin etiraz çıxışları başlayıb. Onlar 1971-ci ildə Pakistanla müharibədə iştirak edənlərin qohumlarının işə götürülən zaman üstünlüyə malik olmalarına qarşı etiraz ediblər. Hökumətin belə kadr siyasətinə qarşı çıxanların aksiyası genişlənərək iğtişaşlara səbəb olub. Son günlər keçirilən etirazlarda isə aksiyaçılar iyulda baş verən qarşıdurmada günahkar hərbçilərin məsuliyyətə cəlb olunması tələb edilib. İyul aksiyasında on minə yaxın etirazçının həbs olunduğu bildirilib.
 
Avqustun 4-də yenidən başlayan yürüş və mitinqlərin iştirakçıları Baş nazir Şeyx Hasinin istefasını tələb ediblər.
 
Onlar Şeyx Hasinin sədri olduğu, hakim Avami Liq Partiyasının qərargahını yandırıb. Şeyx Hasinin və ölkənin daxili işlə naziri Əsaduzaman Xanın Banqladeşin paytaxtı Dəkkədəki iqamətgahını dağıdıblar.
 
1975-ci ilədək Banqladeşin prezidenti olmuş, ölkənin müstəqilliyi uğrunda hərəkatın lideri Şeyx Mucibur Rəhmanın Dəkkədəki xatirə muzeyi nümayişçilər tərəfində dağıdılıb. Habelə, ölkənin müxtəlif şəhərlərində onun və qızı Şeyx Hasinin heykəlləri, büstləri uçurulub, portretləri cırılıb və yandırılıb. Müşahidəçilər bunu Suriya, İraq və Misirdə Hafiz Əsəd, Səddam Hüseyn və Hüsnü Mübarəkin heykəl və portretlərinin dağıdılıb, cırılması hadisəsi ilə eyniləşdiriblər.
 
 
Şeyx Mucibur Rəhmanı da ölkədə “millət atası” adlandırırmışlar. 1975-ci il avqustun 15-də hərbi çevriliş nəticəsində Rəhman və ailəsinin 20-yə yaxın üzvü öldürülüb. Şeyx Hasin və bacısı həmin vaxt Almaniya Federativ Respublikasında olduqlarından sağ qalıblar.
 
1981-ci ildə Şeyx Hasin bir vaxtlar atasının liderlik etdiyi Avami Liqası Partiyasının sədri seçilir. O, siyasi təşkilatın lideri olaraq ölkəsinə qayıdır və Ərşad rejiminə qarşı mübarizəyə başlayır. Dəfələrlə həbs edilib. 2004-cü ildə çıxış edərkən ona qarşı terror aksiyası keçirilib. Həmin sui-qəsdə nəticəsndə 19 nəfər ölmüş, Şeyx Hasin isə yüngül yaralanmışdı. Sonra o, ABŞ-yə mühacirət edib. 2008-ci ildə Banqladeşə qayıdıb. Həmin il dekabrın 29-da keçirilən yeni parlament seçkilərində Avami Liqanın başçılıq etdiyi mühafizəkar millətçi “Böyük Alyans” koalisiyası qalib gəlib. 2009-cu il yanvarın 6-da Şeyx Hasin baş nazir olub. 2014-cü ildə keçirilən seçkidə də qalib gəlib və daha 5 il müddətinə hökumətə başçılıq edib.
 
Hakimiyyətdə çox qaldıqca onun diktatorlaşdığı iddia olunur. Dörd dəfə başçılıq etdiyi partiya seçkilərdə qalib gəlib. Seçici aktivliyi zəif olsa da, sonuncu dəfə parlamentdəki 300 yerdən 224-nə sahib olub.
 
 
1972-ci ildə Pakistandan ayrıldıqdan sonra Banqladeşlə ABŞ arasında çox yaxşı münasibət qurulub. Ölkədə demokratik dəyərlər və tikinti sahəsində irəliləyişlər olsa da, əhalinin böyük qismi yoxsulluq həddində yaşayıb. ABŞ ölkənin əsas ticarət tərəfdarı olub. 2006-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 3 milyard 190 milyon dollara çatıb. Həmin ildə Banqladeşin Çinə ixracatı 98,8 milyon dollar olub. Son illərdə ölkənin əsas ticarət tərəfdarı Çindir. Pekin Banqladeşlə iqtisadi əlaqələrdə hakim mövqedədir. Çin Banqladeşdən idxal edilən 84 növ mala tətbiq olunan rüsumu ləğv edib. Rəsmi Pekin Dəkkəyə atom elektrik stansiyası tikməyi belə təklif edib.
 
Çin buradan dəri, pambıq parçalar, balıq və s. idxal edir, qarşı tərəf isə toxuculuq məhsulları, maşın, elektrik malları, sement, gübrə, təkər, ipək, qarğıdalı və başqa məhsullar idxal edir.
 
Banqladeş Çin, Hindistan və ABŞ ilə əlaqəsi olan dövlətdir. Ancaq son illər ölkədə islam dini adı altında təşkilatlar yaranmağa, maoçular da fəallaşmağa başlayıblar.
 
Camaat-i İslami Partiyası və onun tələbə qanadı “Çxatra Şibir qadağan edilib. Onda tələblər bu qərarı “ədalətsiz” adlandırmışdı.
 
Şeyx Hasin istefa verib. O, Böyük Britaniyadan sığınacaq almaq istəyir. Bacısı Rehan krallığın vətəndaşıdır.
 
 
Hakimiyyət komendant saatı elan edib. Müvəqqəti hökumət formalaşdıqdan sonra parlament buraxılıb. Banqladeş ordusunun komandanı Baker-uz-Zaman ölkə Prezidenti Şahabuddin Çuppu ilə müvəqqəti hökumətin formalaşmasını müzakirə edib. Vaker-uz-Zaman bildirib ki, ölkədə sabitlik olsa, hərbi vəziyyət elan etməyəcək. Hələlik Banqladeşə hərbçilər nəzarət edir.
 
Tələbələr isə ölkədə hərbi hakimiyyətin qurulmasına qarşı çıxırlar.
 
Bu etiraz aksiyalarında 300-dən çox iştirakçının öldüyünə dair məlumatlar yayılıb.
 
Aksiyaçılar Şeyx Hasinin “zülmündən, diktaturadan xilas olduqlarını”, “ölkənin azadlığına qovuşdğunu” vurğulayırlar. Ölkədə onların arzuladığı azadlıq atmosferinin nə qədər davam edəcəyi sual altındadır.
 
Banqladeşin 200 milyona yaxın əhalisi var. O, Çin, Hindistan və ABŞ ilə əlaqələri qoruyub inkişaf etdirməyə çalışır. Cəmiyyət Şeyx Hasini istefaya məcbur etdi. Ancaq onun yerinə gələcək siyasi təşkilat məlum deyil. Bu hərəkatın siyasi partiyalar arasında çıxan, aksiyalara başçılıq edən siyasi lideri və ya liderləri də görünmədi. Prosesi kim uddu - ABŞ, Çin, Hindistan, yoxsa başqa biri? Bunların hər üçünün Banqladeşdə gələcək siyasi hakimiyyəti təsir dairəsində saxlamaq istəyi yox deyil.
 
 
Ancaq aksiyaların gedişindən görünən başqa səhnədir. Banqladeşdə hərbi çevriliş olub. 49 ildən sonra olduğu ölkəyə yenə hərbçilər nəzarət edir. Onda Şeyx Hasinin atası Şeyx Mucibur Rəhmanı və ailəsini öldürmüşdü. Hasin xanım isə sağ qalmışdı. Yenə baş rolda hərbçilər olub. Bu dəfə də Şeyx Hasin ölümdən qurtulub.
 
Hələ ki, Banqladeşdə vəziyyət qeyr-müəyyəndir. Hərbçilərin daha 30 il hakimiyyətdə qala bilməsi üçün şərait yox deyil. Şeyx Hasinin diktaturasından xilas olmaq istəyən Banqladeş xalqı, belə getsə, hərbçilərin quracağı rejimdə yaşayacaq. Necə deyərlər, benqallar “yağışdan çıxıb, yağmura düşüb”. “Kim gəlir-gəlsin, indiki getsin” prinsipinin acı nəticəsini, belə davam etsə, banqladeşlilər də görəcəklər... /report/
 
Link kopyalandı!
Son xəbərlər