Amerika əqrəb kimi Çini çalsa, öldürən də öləcək... - Elbəyi Həsənli YAZIR
1994
21 Nov 2023 | 17:58

Amerika əqrəb kimi Çini çalsa, öldürən də öləcək... - Elbəyi Həsənli YAZIR

1792-ci ildə - 231 il əvvəl ABŞ öz pul vahidini dövriyyəyə buraxdı. 1890-cı ildə isə Amerika dünyanın 1 saylı iqtisadi nəhəngi kimi ortaya çıxdı. Amerika hələ də bu statusu qoruyub saxlayır. Ancaq bir çox ekspert 2030-cu ildə Çin iqtisadiyyatının Amerikanı geridə qoyacağını bildirir. O da gün kimi aydındır ki, ABŞ ilə Çin arasında rəqabət getdikcə daha da kəskinləşir. Şübhəsiz ki, bu iki ölkənin bir-biri ilə münasibəti bütün bəşəriyyətin buğunu və gələcəyi üçün xüsusi önəm daşıyır. Sonuncu dəfə 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammitində bir araya gələn ABŞ prezidenti Co Bayden Kaliforniya ştatının San-Fransisko şəhərindəki Filoli bağında Çin prezidenti Si Cinpin ilə görüşüb. Sisyasi analitiklər hələ də 4 saat davam etmiş görüşün təfərrüatlarını şərh etməkdədir. Biz də bu yazıda həmin şərhlərin diqqətçəkən məqamlarını sizlərlə bölüşəcəyik. Bəri başdan deyim ki, yanaşmalarda bir-birinə daban-dabana zidd olan fikirlər var.
 
KJ Noh yazır ki, Çin özünü böyük həyat təcrübəsi olan yetkin birisi kimi aparır. Özünə və başqalarına zərər verməyə hazır olan ərköyün uşağa bənzər Amerikanı özünə qaytarmağa çalışır. Çinin qısa mesajı belədir: "Bu vəziyyətdən ya hər iki tərəf uduşla çıxacaq, ya da hər ikimiz lənətə gələcəyik".
 
Deyim ki, müəllif çox həssas bir məqama toxunub. Niyə Çin özünü bu qədər təmkinli aparır? Çünki hal-hazırkı vəziyyət, proseslərin gedişi Çini qane edir. Çünki rəsmi Pekin getdikcə daha da güclənir və Amerika ilə rəqabətdə irəliləyir. Amerika bu tendensiyadan narahatdır və proseslərin onun ziyanına işləməsinin fərqindədir. Bu isə Amerikanı getdikcə daha çox hövsələdən çıxarır.
 
Çin Amerikanı sakitləşdirmək üçün Si Cinpinin dili ilə belə deyir: “Yer planeti iki ölkənin uğur qazanması üçün kifayət qədər böyükdür". Çin liderinin sözünün canı odur ki, görünməmiş qlobal dəyişikliklər dövründə Çin və ABŞ üçün iki mümkün variant var. Ya bu ölkələr həmrəyliyi və əməkdaşlığı gücləndirəcək, qlobal çağırışlara cavab vermək üçün beynəlxalq təhlükəsizlik və rifahı təşviq etmək məqsədi ilə əl-ələ verəcəklər, ya da son dərəcə təhlükəli zehniyyətdən yapışaraq rəqabət və qarşıdurmanı yüksəltməklə, dünyanı qarışıqlıq və parçalanmaya doğru sürkləyəcəklər. Bu iki seçim bəşəriyyətin və Yer planetinin gələcəyini müəyyən edəcək. Çinin dediyi odur ki, gəl bir yerdə inkişaf edək, bunun alternativi birlikdə məhv olmaqdan başqa bir şey deyil.

us_president_joe_biden_praises_c.jpg (100 KB)

Müəllif liderlərin görüşü zamanı baş verən aşağıdakı epizoda diqqət çəkir: “Prezident Sinin avtomobili – “Hongqi” limuzini onu götürmək üçün yaxınlaşır. Prezident Bayden spontan şəkildə deyir: "Sizin gözəl avtomobiliniz var". Özü də avtomobil həvəskarı olan prezident avtomobilin salonuna nəzər salır və sonra Siyə deyir: “Sizin bu maşin bizim avtomobili xatırladır”. Sonra səsinin tonunu dəyişərək əlavə edir: "Bizim avtomobilin "kələ" adlandığını bilirdinizmi?”
 
Müəllif vurğulayır ki, ABŞ-ın Çinin EV avtomobil sənayesini sarsıtmaq üçün düşünülmüş strategiyası var. Amerika prezidenti "Hongqi"nin "qırmızı bayraq" mənasını verdiyinini yaxşı bilir və Qırmızı bayrağı kələ ilə hədələyir...
 
Məhz belə bir epizoda diqqət çəkəndən sonra müəllif bildirir ki, Amerika-Çin münasibətləri əqrəb-qurbağa pritçasını xatırladır. İslam Dünyasında da çox populyar olan həmin pritçada deyilir ki, əqrəb çayı keçmək üçün qurbağaya minnətçi düşür. Qurbağa tərəddüd edir, əqrəbin onu sancacağından qorxur, lakin əqrəb bunu etməyəcəyinə söz verir. Qurbağanı inandırmaq üçün deyir ki, çaydan keçərkən onu öldürərsə, o, özü də çayda boğulacaq. Qurbağa bu arqumenti əsaslı hesab edir və əqrəbi çayın o biri üzünə keçirməyə razılaşır. Ancaq çayın ortasında əqrəb qəfildən qurbağanı sancır. Nəticədə hər ikisi ölümlə üzləşir. Ölməkdə olan qurbağa əqrəbdən onu niyə sancdığını soruşur, çünki əqrəb yaxşı bilirdi ki, qurbağanı suda sancsa, özü də boğulub öləcək. Əqrəbin cavabı ibrətamiz olur: “Çünki mən əqrəbəm”. Yəni sancmaq mənim fitrətimdədir və təbiətimdən doğan bu fitrətə mən həmişə sadiqəm. Hətta ölüm təhlükəsi belə məni öz fitrətimə sadiqliyimə kölgə sala bilməz...
 
Müəllifin dediyi odur ki, iki ölkə liderinin bu görüşü də ikitərəfli münasibətləri müsbət axara yönəldə bilmədi. Çünki Amerikanın fitrətində olan bəzi xüsusiyyətlər buna imkan vermədi...
 
Qərb mətbuatı yazır ki, mətbuat konfransında jurnalistlərdən biri Ci Baydenə belə bir sual verir: “Si Cinpin diktatordurmu?” Cavaba diqqət edin: “Bəli, o, diktatordur. O, kommunist ölkəni idarə edən bir oğlandır”. Təbii ki, bu kimi söhbətlər tərəflər arasında dostluq münasibətlərinin mövcudluğundan xəbər vermir...
 
Cənab Baydenin Çin prezidenti Si Cinpin ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə Amerika özünün bərabər hüquqlu tərəf kimi yox, dominant tərəf kimi göstərməyə cəhd edir:
 
“ABŞ və Çin rəqabətdədir... Birləşmiş Ştatlar həmişə öz maraqlarını, dəyərlərini, müttəfiqlərini və tərəfdaşlarını müdafiə edəcək”.
"Bizim vahid Çin siyasətimiz dəyişməyib və onilliklər boyunca müxtəlif administrasiyalar bu siyasəti davam etdirib".
 
Prezident Bayden insan hüquqlarının universallığını və bütün xalqların insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə hörmət etmək məsuliyyətini vurğulayıb. O, Sincan (uyğur türklərinin kütləvi həbsi məsələsi), Tibet və Honq Konq da daxil olmaqla, Çin Xalq Respublikasında insan haqlarının pozulması ilə bağlı narahatlığını dilə gətirib.
 
“Birləşmiş Ştatlar önə çıxmış Amerika texnologiyasının Amerikanın öz milli təhlükəsizliyinin sarsıdılması üçün istifadənin qarşısını almaq məqsədi ilə gərəkən zəruri addımları atmaqda davamlı olacaq”.
 
Sonuncu cümləyə aydınlıq gətirməkdə fayda var. Amerika ictimai rəyində belə bir fikir formalaşıb ki, Çin kəşfiyyatı müxtəlif yollarla Amerikanın öncül texnologiyasının sirlərinə vaqif olmaq məqsədi ilə bütün mümkün variantlardan istifadə edir. Nəticədə qabaqcıl Amerika texnologiyası Çinin əlinə keçir. Rəsmi Pekin isə həmin texnologiyanı Amerikanın təhlükəsizliyini sarsıtmağa yönəldir...

20231116003553.jpg (145 KB)

Bu görüş haqqında daha optimist düşünən yazarlar da var. Məsələn, Qətərin məşhur “ Al-Jazeera” TV kanalı cənab Baydenin aşağıdakı fikrini qabardır. X sosial media hesabında status yazan Co Bayden, Si ilə görüşünü yüksək dəyərləndirir: "Düşünürəm ki, lider olaraq bir-birimizi aydın başa düşməyimiz vacibdir...Bizim birgə rəhbərliyimizi tələb edən kritik qlobal çağırışlar var. Və bu gün biz bu görüş zamanı real irəliləyiş əldə etdik”.
 
“ Al-Jazeera” xatırladır ki, Tayvanda növbəti prezident və parlament seçkiləri yanvar ayına təyin edilib, hazırkı vitse-prezident Uilyam Lai rəy sorğularında öndə gedir. Rəsmi Pekin isə onu “separatçı” adlandırır. Yəni Uilyam Lai Çin İlə Tyvanın birləşməsinin əleyhinədir, başqa sözlə desək, Amerikanın adamıdır. Si Cinpin bu məsələ ilə bağlı Co Baydenə belə deyib: "ABŞ tərəfi... Tayvanı silahlandırmağı dayandırmalı və Tayvanın Çin ilə sülh yolu ilə birləşməsini dəstəkləməlidir. Çin Tayvanla yenidən birləşməni həyata keçirəcək və bu qarşıalınmaz prosedir". Çin Xarici İşlər Nazirliyi Çin rəhbərinin Amerikaya belə dediyini vurğulayır...
 
Çin-ABŞ rəqabətindən danışakən ötəri də olsa bir tarixə də nəzər salmaq gərəkir. Çin nominal Ümumi Daxili Məhsulun həcmi baxımından dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Alıcılıq qabiliyyəti paritetinə görə isə Çin dünyada birinci yerdə qərar tutur. 2022-ci ilə kimi Çin nominal ÜDM-ə görə qlobal iqtisadiyyatın təxminən 18%-nə sahib olub. 1978-ci ildə Çində iqtisadi islahatların tətbiqindən sonra iqtisadi artımı demək olar ki, ardıcıl olaraq hər il 6 faizdən yuxarı qalxıb. Çin dünyanın ən sürətlə inkişaf edən əsas iqtisadiyyatlarından birinə malikdir. Dünya Bankının məlumatına görə, Çinin ÜDM-i 1978-ci ildəki 150 milyard dollardan 2022-ci ilə qədər 17,96 trilyon dollara yüksəlib. Dünyanın 500 ən böyük şirkətindən 142-nin baş ofisi Çində yerləşir.
 
Çin son iki minilliyin çox böyük bir hissəsində dünyanın ən böyük iqtisadiyyatına sahib ölkə kimi tanınıb. Arada tənəzzül dövrləri də yaşayıb. İqtisadi islahatlara 1978-ci ildə başlanandan bəri Çin yüksək şaxələnmiş iqtisadiyyata sahib oldu və beynəlxalq ticarətdə ən təsirli oyunçulardan birinə çevrildi. Rəqabət gücünün əsas sektorlarına istehsal, pərakəndə satış, mədən, polad, tekstil, avtomobil, enerji istehsalı, yaşıl enerji, bankçılıq, elektronika, telekommunikasiya, daşınmaz əmlak, e-ticarət və turizm daxildir. Çin, 2020-ci ilin oktyabrına olan məlumata görə, ümumi kapitalı 15,9 trilyon dollardan çox olan dünyanın on ən böyük birjasından üçünə-Şanxay, Honq Konq və Şençjena ev sahibliyi edir. Dünyada mövcud olan rəqabətə ən çox davamlı maliyyə mərkəzlərinin birinci onluğunda Çinin dörd (Şanxay, Honq-Konq, Pekin və Şenzen) mərkəzi var. Bu da 2020 Qlobal Maliyyə Mərkəzləri İndeksində görə Çinin hər hansı digər ölkədən öndə olduğunu göstərir...

869adebb-8df4-4138-b630-6edf7098142e_850.jpg (102 KB)

Yazının əvvəlində dollar haqqında bir-iki kəlmə dedik. ABŞ dolları hal-hazırda dünyanın ən güclü valyutası kimi qəbul olunur. Düzdür, dəyəri ABŞ dollarından üstün olan valyutalar da var. Özü də az deyil. Söhbət 10 fərqli valyutadan gedir. Məsələn, 1 Küveyt dinarı 3.26 dollara bərabərdir. Əlbəttə, bu, neftin hesabına belədir. Aydındır ki, Küveyt dinarı dünyada işlək valyuta deyil. Amerika dolları isə dünyada dominant mövqeyə sahibdir. Niyə belədir? Çünki Amerikanın iqtisadiyyatı güclüdür. Müvafiq olaraq Çinlə də bağlı vəziyyət eynidir. Dünənə kimi dünyada ən çox işlənən ikinci valyuta avro idi. İndi isə Çinin pul vahidi yuan avrodan önə keçib. Bu, özlüyündə ciddi bir göstəricidir. O da maraqlıdır ki, Çində Amerika dollarına Amerika yuanı, avroya isə Ouyuan , yəni Avropa yuanı deyirlər. Təxminən Türkiyədəki kimi...
 
Amerika onu ötüb keçməyə çalışan Çinin ayaq səslərini getdikcə daha aydın eşidir. Bu prosesin qarşısını almaq son dərəcə çətindir. Çünki Çin dünyada baş verən proseslərə son dərəcə təmkinli yanaşır. Məsələn, ABŞ, bütövlüdə Qərb öncə Ukraynaya, son olaylardan sonra isə İsrailə dəstək vermək zorunda qalıb. Bu dəstəyin həcmi yüz milyard dollarlarla ölçülür. 2023-cü ilin məlumatına görə, ABŞ ümumi milli borcu 30.11 trilyon dollardır. Ən pisi odur ki, bu borc sürətlə artır. Hə, Çinin də borcu var. Ancaq bu borc 14.00 trilyon dollarlardır. O da maraqlıdır ki, Çin təxminən 150 inkişaf etməkdə olan ölkəyə 1 trilyon dollara yaxın borc verib.
 
Ancaq Amerikanın bir üstünlüyü var və bu, çox önəmlidir. Belə ki, Amerikanın dominant rolda çıxış etdiyi Qərb ölkələri son dərəcə inkişaf edib. Yəni Amerikanın əsas müttəfiqləri, tutaq ki, Avropa İttifaqı, Kanada, Böyük Britaniya, Avstraliya, Yaponiya, Cənubi Koreya, İsrail, elə Tayvanın özü...son dərəcə varlı ölkələrdir. Ancaq Çinin ətrafında belə ölkələr yoxdur. Hətta etnik baxımdan çinlilərdən ibarət olan Tayvan belə Amerikanın yanındadır.
 
Hələlik isə şahmat taxtasında oyun gedir. Tərəflərdən birinin udması bəşəriyyəti od-alovun içinə ata bilər. Ən yaxşısı odur ki, bu oyun heç-heçə başa çatsın...
 
Elbəyi Həsənli, Sürix
Link kopyalandı!
Son xəbərlər