27 sentyabr - tam qələbəyə gedən yolun başlanğıcı - ŞƏRH + FOTO
Analitika
3208
27 Sep 2023 | 15:49

27 sentyabr - tam qələbəyə gedən yolun başlanğıcı - ŞƏRH + FOTO

Azərbaycanın Qarabağ bölgəsi ətrafında yaranmış vəziyyət yüz ildən artıqdır Cənubi Qafqazda siyasətin təyinedici amilidir. Bu ərazi bir əsrdən çoxdur sönmüş vulkanı xatırladırdı. Regiondakı bütün hadisələr Rusiyanın və keçmiş sovetlərin Cənubi Qafqazı işğal etməsi ilə başlamışdı. Ovaxtkı SSRİ rəhbərliyi bu torpaqlarla öz mülkiyyəti kimi davranaraq burada qondarma muxtar vilayət belə yaratmışdı. Bu saxta qurumla vəziyyət bir müddət sabit qalsa da, alt qatda ermənilər Moskvanın dəstəyi ilə Azərbaycanın yeni torpaqlarını ələ keçirmək üçün fəaliyyət göstəriblər. Sönmüş sayılan bu vulkan 1988-ci ildə yenidən püskürdü. Rusiya və ya SSRİ regiona gələndə baş vermiş hadisələr onlar bölgəni tərk edəndə təkrarlanmağa başladı.

Azərbaycan torpaqları ermənilərin və gedənlərin müxtəlif sahələr üzrə yardımı ilə 30 ildən artıq işğal altında saxlanılıb. Yaşayış, sosial, inzibati binalar, o cümlədən xəstəxanalar, uşaq bağçaları, mədəniyyət evləri, məscidlər, tarixi-mədəni abidələr dağıdılmış, bir milyondan çox insan öz tarixi torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüşdü. Bunlarla yanaşı, Azərbaycan təbiətinə ziyan vurulmuş, təbii sərvətləri talan edilmişdi. Ermənistan və havadarları birlikdə Azərbaycan iqtisadiyyatına yüz milyard dollardan çox ziyan vurub. İnsan itkisinin vurduğu maddi-mənəvi ziyanın qiyməti saya gəlməz.

Əlbəttə, Azərbaycan bu qələbəyə addım-addım yaxınlaşıb. Çar Rusiyası və SSRİ dövründə azərbaycanlıların döyüşməsində və bu qabiliyyətinin artmasında maraqlı olmayıblar. Birinci Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinə döyüşməyi, torpağı qorumağı, onun uğrunda şəhid olmağı öyrədib. Azərbaycan könüllüləri sovet ordusu və Rusiyanın ovaxtkı müasir silahları ilə silahlanan erməni hərbi birləşmələrindən torpaqları ov tüfəngləri ilə belə müdafiə edirdi. Təəssüf ki, beynəlxalq ictimaiyyətin, xüsusən Moskvanın, ATƏT-in keçmiş Minsk qrupunun və onun həmsədrlik institutunun tutduğu anti-Azərbaycan mövqe Qarabağ və ətraf ərazilərin Ermənistanın işğalı altında qalmasına yardım etdi.

Yüz ildən artıqdır Cənubi Qafqazı gərgin saxlayan Qarabağ mərkəzli gərginliyi Azərbaycan sentyabrın 27-də “Dəmir yumruq” əks-hücum əməliyyatı ilə 44 gün ərzində həll edib. Bu əməliyyatdan sonra Azərbaycan kapitulyasiya aktını imzalamış və bir sıra məsələlərə “centlmen razılığı” vermiş Ermənistana beynəlxalq normalara uyğun olaraq şərtlərini açıqlayıb. Prezident İlham Əliyev Ermənistana, havadarlarına və qondarma, cinayətkar struktura bəyan etdi ki, heç bir status olmayacaq. Azərbaycan bununla Qarabağla bağlı mövqeyini bütün dünyaya bir daha açıqladı. Dövlət başçısı münaqişənin bitdiyini də elan etdi. Bu da beynəlxalq vasitəçi kimi özünü regiona soxmaq istəyənlərə diplomatik açıqlama idi. Bu, ATƏT-in Minsk qrupunun da fəaliyyətinin başa çatması demək idi. Rəsmi Bakı bununla da Qarabağ məsələsini heç kimlə müzakirə etməyəcəyini beynəlxalq ictimaiyyətə çatdırdı.

Sentyabrın 27-də başlamış müharibənin uğuru nəticəsində Azərbaycan beynəlxalq siyasi arenada özünə layiqli yer tutdu. Bu müharibə Azərbaycan cəmiyyəti və dövləti üçün bir sıra məsələləri aydınlaşdırdı: dost və düşmən bir daha tanındı, Azərbaycan cəmiyyəti “Dəmir yumruq” ətrafında birləşdi, Prezident-ordu-xalq üçlüyü Azərbaycanın maddi-mənəvi gücünü göstərdi, Silahlı Qüvvələrin döyüş bacarığı, müasir silah və hərbi texnikadan istifadə etmək imkanları nümayiş olundu, Türkiyə, Pakistan, İsrailin Azərbaycana dəstəyi müttəfiqlik nümunəsi oldu. Azərbaycan anası, atası, xanımı, oğlu, qızı şəhid verməyin acısını və sevgisini yaşadı. Bunu bacardığını göstərdi.

Sentyabrın 27-dən sonra Cənubi Qafqazda yaranan yeni geocoğrafi vəziyyət bölgədə yeni beynəlxalq layihələr üçün də yol açdı. Xəzərin üzərindən keçəcək Orta xətt layihəsinin reallaşması imkanları artdı. Odur ki, bu hadisələr regionda təhlükəsizlik və sülhü təmin etməklə qlobal miqyasda da böyük əhəmiyyətə malik olduğunu isbatladı.

Üç il öncə başlamış müharibə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə başa çatdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarına əməl olunmaması, müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarəti altında olan regionda erməni separatçılarının tör-töküntülərinin, Ermənistan silahlı qüvvələrinin qalması, qanunsuz silahlı dəstələrin tərk-silah olunmaması, ölkənin suverenliyini və ərazi bütövlüyünü pozan, təhlükəsizliyini təhdid edənlərin terror törədib təxribatla məşğul olması, başqa bu kimi qanunazidd əməllər əmin-amanlığa mane olurdu. Sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi birgünlük antiterror tədbirləri tam qələbəni təmin etdi.

Azərbaycan böyük zəfəri 44 + 1 günə təmin edib. 45 günlük döyüşlər nəticəsində Rusiya və SSRİ-dən qalma terror, qarşıdurma ocağı söndü. Sovetlərin çöküşü qərbi azərbaycanlıların Ermənistandan qovulması, Qarabağın işğalı ilə başlamışdı. Tam qələbə isə kommunist imperiyasının Azərbaycanda köklərinin birdəfəlik kəsilməsi ilə başa çatdı. Bu, Qərb və Rusiya ilə münasibətlərin inkişafına təkan verir. Sentyabr hadisələrindən sonra Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması, sülh, əməkdaşlıq üçün yeni şərait yaranıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etməsi bölgə ölkələrinin inteqrasiyası, üçtərəfli əməkdaşlığa başlaması üçün imkanları artırır.

Sentyabr hadisələri postsovet məkanındakı münaqişələrin həlli yolunu da göstərdi... Bu kimi bütün müsbət hallar sentyabrın 27-də başlamaqla 44 gün davam edib, 2023-cü il sentyabrın 19-20-də də birgünlük tədbirlə bitib:

“Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!”

Vətəni sevmək imandandır. Allah qazilərə şəfa versin. Torpağı müqəddəsləşdirənləri sevgi və sayğı ilə yad edirik. /Report/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər