Bizi sosial şəbəkələrdən izləyin:
Qeyd etdiyimiz kimi, Dövlət Xidməti “Kartdan karta” üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib.
Belə ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.
Bu barədə hüquqşünas Əkrəm Həsənov Moderator.az-a deyib ki, nağdsız vəsaitin qəbul edilməsi zamanı “Kartdan karta” üsulu ilə işləyən sahibkarlar ona görə riskə girirlər ki, qazancları itkidən çoxdur və onların ifşa olunma ehtimalı aşağıdır:
“Vətəndaş sahibkar barəsində şikayət edərsə, o zaman ifşa oluna bilər. Məsələn, mən sahibkaram, siz alıcısınız və mən deyirəm ki, ödənişi şəxsi kartıma göndərin. Heç kim sübut edə bilməz ki, siz o vəsaiti mənə şəxsi məqsədlə göndərməmisiniz. Mən deyə bilərəm ki, tanışımdır və borcunu qaytarıb. Vətəndaşın şikayət ehtimalı aşağı olduğu üçün sahibkarlar vergidən yayınaraq belə riskə girirlər”.
Mehin Mehmanqızı