Bizi sosial şəbəkələrdən izləyin:
“1988-1991-ci illərdə, yəni hələ sovet dövründə bizim Azərbaycan hökumət qurumlarının, o cümlədən o vaxt milis adlanan Daxili İşlər Nazirliyi əməkdaşlarının Qarabağda fəaliyyət göstərməsi çox çətin idi. Öz ordumuz isə yox idi, yalnız 1991-ci ilin payızında ilk nizami hərbi birləşmələrin təməli qoyulmağa başlandı. Erməni terrorçu və işğalçılarına qarşı rəsmən yalnız Azərbaycan milisi və Dövlət Təhlükəsizlik Komitəsinin kiçik dəstələri, bir də kortəbii halda könüllü dəstələr mübarizə apara bilirdi.
Bu fikirləri Moderator.az-a açıqlamasında 1988-1992-ci illərdə Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini və Ağdərə Rayon Polis Şöbəsinin rəisi vəzifələrində xidmət etmiş istefada olan polis polkovniki Sadir Məmmədov söyləyib.
“Digər tərəfdən, bizim əlimiz-qolumuz bağlı idi... Mən bunu Xankəndində vilayət Dİİ rəisi müavini, eləcə də Şuşada milis rəisi işləyərkən çox açıq və əyani şəkildə hiss edirdim. Bütün respublikada olduğu kimi, Qarabağda, Xankəndi, Şuşa, Laçın, Əsgərandakı və s. sovet ordusunun, SSRİ Daxili Qoşunlarının komandanlığı, eləcə də Qarabağ üzrə Xüsusi İdarə, komendatlıq və Təşkilat Komitəsi Moskvadan gələn əmrlər əsasında bizə göstərişlər verir, çox zaman dediklərimizlə hesablaşmırdılar. Və son nəticədə çox zaman ermənilərin xeyrinə olan qərarlar verirdilər. Odur ki, biz erməni ekstremistləri və terrorçularına qarşı planlı və sistematik müavimət göstərə bilmirdik. Lakin hazırda Laçından- Xankəndinədək və Azərbaycan-Ermənistan sərhədi boyu yerləşdiriləcək Rusiya sülhməramlıları o vaxtkı rus qoşunlarından çox fərqlidir. Əvvəla, onlar müstəqil Azərbaycan dövlətinin razılığı əsasında bizim hüquqi ərazilərə daxil olurlar. İkincisi də həmin Rusiya hərbi birləşməsinin xüsusi və məhdud missiyası var. Onların işi, sadəcə, Ermənistan və Azərbaycan orduları arasında atəşkəsin qorunmasını və Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamağa razılıq vermiş ermənilərin Laçın “dəhlizi” deyilən yol vasitəsi ilə Xankəndinə və digər yerlərə təhlükəsiz gedib-gəlməsini təmin etməkdən ibarətdir. Qarabağdakı rus hərbçiləri artıq Azərbaycan dövlət qurumlarının işğaldan azad edilmiş digər ərazilərində apardığı digər məsələlərə qarışa bilməzlər. Buna müdaxilə edə bilməzlər. Odur ki, Rusiya sülhməramlılarının müvəqqəti olaraq işğaldan azad edilmiş ərazilərimizin kiçik bir qismində fəaliyyət göstərməsindən əndişələnməyə dəyməz”-deyə istefada olan polis polkovniki vurğulayıb.
Sultan Laçın