Məlum olduğu kimi, prezident İlham Əliyevin 2019-cu ilin 3 aprel tarixində "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" verdiyi fərman bu sahədə keyfiyyət etibari ilə yeni bir mərhələnin başlanmasına səbəb oldu. Məhkəmələrin şəfafflaşmasını, məhkəmələrdə müasir informasiya texnologiyaların tətbiqini, ekspertiza fəaliyyətinin yaxşılaşmasını və s-ni tələb edən bu fərman, məhkəmələrdə daha ədalətli, dürüst və obyektiv qərarların çxıarılmasına hədəflənib.
Bəs bu fərmandan sonra Ədliyyə Nazirliyi tərəfindən onun icrası istiqamətində hansı addımlar atılıb? Atılan addımlar, onların miqyas və dərinliyi bu fərmanın tələblərini kifayət qədər əhatə edirmi?
Ədliyyə Nazirliyindən çevik reaksiya: Sistemli addımlar və koordinasiyalı fəaliyyət
Ölkə başçısının 3 aprel 2019-cu il tarixli məlum fərmanından sonra Ədliyyə Nazirliyi tərəfindən görülən işlər adıçəkilən qurumun bu fərmana çevik reaksiya verdiyini, ondan irəli gələn vəzifələrin icrası istiqamətində ciddi addımlar atdığını göstərir.
Sözügedən fərmanın elan edilməsindən dərhal sonra Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib, işçi qrupu yaradılıb. Elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi, məhkəmə statistikasının elektronlaşması, məhkəmə işlərinə daha operativ şəkildə baxılması, cəza siyasətinin humanistləşdirilməsi, ən əsası, ədalətli qərarların çıxarılmasının təmini məsələsinə daha böyük diqqətin ayrılması istiqamətində mühüm işlər görülüb. Ölkə başçısının məlum fərmanının icrasının tam və qüsursuz şəkildə icrasını təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən bütün əlaqədar qurumlarla birlikdə Əlaqələndirmə Komissiyası yaradılıb ki, bu da kompleks tədbirlər planının həyata keçirilməsinə şərait yaradır. (1).
3 aprel 2019-cu il tarixli fərman ümummili liderin hüquqi dövlət siyasətinin davamı kimi...
Prezident İlham Əliyevin məlum fərmanının bir çox baxımdan mühüm əhəmiyyəti var ki, bunlardan da biri Azərbaycanın hüquqi dövlətçilik tarixi ilə bağlıdır. Ilk baxışdan nə qədər qəribə görünsə də, bu fərmanın ulu öndər Heydər Əliyevin hüquqi dövlətşilik irsi ilə ciddi bağlılığı mövcuddur. Bu bağlılığın kökündə isə cəzaların humanistləşdirilməsi, insan taleyinə daha duyarlı və həssas münasibətin ortaya qoyulması dayanır.
Xatırladaq ki, Azərbaycanın hüquqi dövlətçilik tarixində cəzaların humanistləşdirilməsi siyasəti məhz Heydər Əliyevin adı ilə əlaqədardır. Belə ki, ulu öndərin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman insan hüquqlarına daha ali baxışı təmin etdi. 1998-ci ildə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi ki, bu da ümumilli liderin insan hüquqlarına, insan talelərinə olan həssas münasibətinin göstəricisi idi. Məhz bu fərman yüzlərlə insana həyat bəxş etdi, xeyli sayda insanı cəmiyyətə yenidən qazandırdı.
Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı da, bir sıra məsələlərlə yanaşı, cəzaların humanistləşdirilməsini nəzərdə tutur ki, bu da ulu öndərin hüquqi dövlət və cəzaların humanistləşdirilməsi siyasətinin davav və inkişaf etdirilməsi deməkdir. Başqa sözlə desək, ölkə başçısı tərəfindən verilən və Ədliyyə Nazirliyi tərəfindən icra edilən 3 aprel 2019-cu il tarixli fərman tarixi-hüquqi baxımdan da mühüm əhəmiyyət kəsb edir. (2)
Yüksək maddi təminat və hərtərəfli toxunulmazlıq ədalətli qərarların qarantı rolunda...
Ölkə başçısının 3 aprel 2019-cu il tarixli fərmanında məhkəmələrin ədalətli qərarlar çıxarmasının zəruriliyi xüsusi olaraq vurğulanıb. İşin ən önəmli tərəflərindən biri isə məhkəmələrin ədalətli qərarlar çıxarmasını təmin etmək mexanizmi də bu fərmanda özünü əks etdirib. Bunun üçün isə ilk növbədə hakimlərin sosial təminatının gücləndirilməsi nəzərdə tutulub. Hansı ki, dünya praktikası sübut edir ki, sosial baxımdan daha yaxşı təmin olunan məmurlar, o cümlədən hakimlər rüşvət və korrupsiyaya daha az maraq göstərir. Onları hansısa maddi maraq müqabilində ədalətsiz qərarların qəbuluna təşviq etmək daha çətin və ya tamamilə mümkünsüz olur.
Hakimlərin müstəqilliyini təmin etmək məqsədi ilə məhkəmələrə müdaxilə hallarının qarşısının alınması, buna görə nəzərdə tutulan məsuliyyətin daha da ağırlaşması da fərmandan irəli gələn məsələlər sırasındadır. Aydındır ki, təzyiq altında qalan, hansısa məmur, iş adamı və ya dövlət qurumunun basqısını öz üzərində hiss edən, öz təhlükəsizliyi və toxunulmazlığı üçün ciddi risk və təhdidlər görən hər hansı bir hakimin obyektiv qərarlar qəbul etməsi o qədər də asan məsələ deyil. Məhz buna görə də hakimlərin sosial müdafiəsini gücləndirməklə yanaşı, onların tam müstəqil fəaliyyətini təmin etmək bu fərmanda əsas məsələlərdən biri kimi irəli sürülüb.
Prezident İlham Əliyev Şəki məhkəmə kompleksinin açılışı zamanı ədalətli qərarların qəbulunun mühüm önəm kəsb etdiyini bildirib: “...Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.” (3).
Məhkəmə-hüquq sistemindəki islahatlar sahibkarlıq mühitini necə yaxşılaşdırır?
Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı və bundan irəli gələn vəzifələrin icrasının mühüm faydalarından biri də, bunun sahibkarlıq mühitinin inkişafına da müsbət təsir göstərməsi ilə bağlıdır. Belə ki, məlum fərman vergi və gömrük ödənişləri, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxmaqdan ötrü ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutur. Hansı ki, ixtsiaslaşmış bu məhkəmələr sahibkarlarla bağlı yaranmış mübahisəli məsələləri daha həssas və xüsusi incəliklə araşdırmağa kömək edir ki, bu da nəticə etibari ilə sahibkarları ədalətsiz qərarlardan, haqsız cərimələrdən qoruyur. Bu isə sahibkarlarda məhkəmələrə və dövlətin ədalətinə inam yaradır, onların öz hüquqlarını qanun müstəvisində tam şəkildə qorumasını təmin edir. Məhkəmələrin ədalətli qərarına inam nəticə etibari ilə sahibkarlıq mühitinin yaxşılaşmasına, bu müstəvidə sağlam atmosferin formalaşmasına kömək edir. (4).
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Vahid Əhmədov da, məhkəmələrdə sahibkarların şikayətlərinin daha obyektiv və çevik araşdırılmasının hər mənada faydalı olacağını vurğuladı:
“Təbii ki, sahibkarların hüqqularının qorunması, onların fəaliyyəti üçün normal şəraitin yaradılmasıl olduqca vacibdir. Bildiyiniz kimi, ölkə başçısı sahibkarlığın inkişafına xüsusi diqqət verir. Sahibkarlara mane olan, onlar üçün süni problemlər yaradan şəxslərin cəzalandırılmasını tələb edir. Ölkə başçısının bu iradəsi ölkəmizdə azad sahibkarlığın inkişafı baxımdan olduqca əhəmiyyətlidir.
Vergi və gömrük ödənişləri ilə bağlı yaranan mübahisəli məqamların ixtisaslaşmış məhkəmələrdə araşdırılması təbii ki, sahibkarların hüquqlarının daha etibarlı şəkildə qorunması, sahibkarlarda məhkəmələrə inamın daha da artması baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu yenilik şübhəsiz ki, təqdiredilməlidir”.
3 aprel fərmanının simasını dəyişdiyi daha bir qurum - Məhkəmə-Hüquq Şurası...
Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanının digər mühüm önəmlərindən biri də bu fərmanın Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə sözün həqiqi mənasında yeni nəfəs gətirməsi, ona yeni sima qazandırması gerçəyi ilə bağlıdır. Hər şeydən öncə qeyd edək ki, məhkəmələrin fəaliyyətinə edilən müdaxilələr və s. kimi neqativ hallarla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməyi asanlaşdırmaq məqsədi ilə adıçəkilən qurumda qaynar xətt yaradılıb. (5). (012) 310-22-77 nömrəli qaynar xətlə bütün iş günləri əlaqə saxlamaq mümkündür.
Ölkə başçısının məlum fərmanı ilə əlaqədar olaraq 50-yə yaxın məhkəmədə monitorinqlər keçirilib, aşkar edilən pozuntular 100-dən artıq hakimin, o cümlədən məhəmə sədrinin diqqətinə çatdırılıb. (6).
Alternativ ekspertiza, yaxud ikiqat şəffaflıq...
Ölkə başçısının məlum fərmanının yeni tələb kimi qarşıya qoyduğu məsələlərdən biri də tərəflərin öz hesabına ekspertiza təyin etmək imkanı əldə etməsi ilə bağlıdır. Bu, vətəndaşlara espertiza işinə nəzarət etməyə, ekspertizanın nəticələrindən əmin olmağa, bu məsələdə ikiqat şəffaflığın təmin olunmasına imkan verəcək.
Məlumat üçün qeyd edək ki, Avropada geniş yayılan bu cür ekspertiza son illər MDB məkanında da ciddi populyarlıq əldə etməkdədir. Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı Azərbaycanda da bu yeniliyin bərpa edilməsini aktuallaşdırır ki, bu da ölkəmiz üçün çox ciddi yenilikdir.
Göründüyü kimi, 3 aprel 2019-cu il tarixli fərman ölkəmizin məhkəmə-hüquq sisteminin simasını ciddi şəkildə dəyişməkdədir. Bütün bu dəyişiklik isə hüquqi baxımdan daha ədalətli sistemin formalaşmasına hesablanıb.
Seymur ƏLİYEV
Məqalə Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür.
Ədəbiyyat
1.”Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlarla bağlı qanunvericilik layihələri hazırlanır”
//news.milli.az/country/746068.html
2.”Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”
//www.justice.gov.az/articles/67
3.”Azərbaycan məhkəmə sisteminin inkişafının “yol xəritəsi”
//www.supremecourt.gov.az/post/view/978
4. “Məhkəmə-hüquq islahatları məhkəmə sisteminin fəaliyyətini yaxşılaşdırır”
//xalqqazeti.com/az/news/34956
5. Məhkəmə-Hüquq Şurasında “QAYNAR XƏTT” yaradıldı
6.Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanın icrası üzrə tədbirlər davam etdirilir
//www.judicialcouncil.gov.az/view_index.php?id=853
7. Azərbaycan məhkəmələrində tərəflər öz hesabına ekspertiza təyin edə biləcəklər
//expert.gov.az/details/?id=17632