“Finlandiyadan 100 sosial innovasiya” kitabının təqdimatı keçirildi
2344
30 Nov 2018 | 14:36

“Finlandiyadan 100 sosial innovasiya” kitabının təqdimatı keçirildi

Noyabrın 29-da "The Landmark Hotel"-də Kitabıstan tərəfindən tərcümə olunmuş "Finlandiyadan 100 sosial innovasiya" kitabının təqdimatı keçirilib. Təqdimatda Finlandiyadan gələn fəxri qonaqlar, diplomatik korpus nümayəndələri, ictimai simalar və gənclər iştirak edib.
Təqdimatı giriş sözü ilə Kitabıstanın direktoru Pünhani Əsgərli açıb. Azərbaycan və Finlandiyanın Dövlət Himni səsləndikdən sonra o, "Finlandiyadan 100 sosial innovasiya" və Kitabıstanın digər nəşrləri haqqında qonaqlara məlumat verib: "Kitabıstan alternativ informasiya mənbəyi kimi 2015-ci ildə Şəhriyar Məcidzadə tərəfindən təsis edilib. Bu gün nəşriyyatımızın tərcümə olaraq 6-cı, ümumilikdə 7-ci kitabını təqdim edirik. Nəşrlərimiz müxtəlif sahələri əhatə edir. "Finlandiyadan 100 sosial innovasiya" kitabı isə Finlandiya haqqında nəşr etdiyimiz 2-ci kitabdır. İlk kitab olan "Bəyaz zanbaqlar ölkəsində" böyük sevgi və maraqla qarşılandı.

Bu kitabın yazılmasında İlkka Taypale, keçmiş nazirlər, keçmiş deputatlar və s. iştirak edib. "Finlandiyadan 100 sosial innovasiya" kitabı indiyə qədər 27 dilə tərcümə edilib. Kitab Finlandiya Prezidenti Sauli Niinistönün giriş sözü ilə başlayır. Pünhani Əsgərlinin çıxışından sonra qonaqlar "Finlandiyadan 100 sosial innovasiya" kitabı haqqında hazırlanmış təqdimat videosunu izləyib. "2012-ci ildə cəmi 4 gənclə, vaxtilə Snelmanın başlatdığı kimi biz də Azərbaycanda aydınlanma hərəkatı başlatmağa qərar verdik" Daha sonra sözü Kitabistanın və Etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadəyə verilib: "Xanımlar və bəylər, dəyərli qonaqlar hər birinizi görməkdən şadam və hər birinizi salamlayıram. Öncəliklə vurğulayım ki, mən təqdimata gələndə bildim ki, təqdimat İlkka Taypalenin doğum gününə təsadüf edir. Bu gün İlkka Taypalenin doğum günüdür. Mən bu möhtəşəm insanın yazdığı və redaktorluq etdiyi kitabı vərəqləyərkən ilk olaraq onu düşündüm ki, biz nədən başlamışdıq... 2012-ci ildə cəmi 4 gənclə, vaxtilə Snelmanın başlatdığı kimi biz də Azərbaycanda aydınlanma hərəkatı başlatmağa qərar verdik.

Mən Finlandiya və Azərbaycanın çoxsaylı alternativini göstərə bilərəm: hər iki ölkə müharibə görüb, bəzən separatizmlə üzləşib, hər ikisinin də əhalisi çox olmayıb. Lakin kitabda da qeyd olunan dialoq anlayışı Finlandiyanı möhtəşəm ölkəyə çevirib. Mən düşünürəm ki, Azərbaycan ilk olaraq Finlandiyanı öyrənməlidir. Bu kitabda yer alan şəffaflıq anlayışı, vətəndaş cəmiyyəti, insan haqları, təhsil, bunların yalnız bir hissəsidir. Bütün bunların həyata keçməsində fin cəmiyyətinin aydınlarının, bu zalda olanların böyük əməyi var.

Mən bayaq videoya baxanda İlkka Taypalenin gözünün necə dolduğunu hiss etdim. Məncə onun gözü dolmamalı, əksinə gülümsəməlidir. Onların sayəsində bu ölkə möhtəşəm olub. Kitabları oxuyun və başqalarına oxutdurun. Biz Finlandiyanı Azərbaycanı sevdiyimiz qədər sevirik". ""Finlandiyadan 100 sosial innovasiya" kitabı fin yaradıcılığına ən yaxşı nümunədir". Daha sonra çıxış edən Finlandiyanın Azərbaycandakı səfirinin ikinci müşaviri Tarya Parkkinen Azərbaycan dilinə tərcümə edilmiş "Finlandiyadan 100 sosial innovasiya" kitabının təqdimatında iştirak etməkdən məmnunluq duyduğunu bildirib: "Kitab ilk dəfə 2006-cı ildə cənab İlkka Taypale tərəfindən nəşr edilib və o, kitabda çox mühüm əməyi keçən xanım Taypale ilə birgə bu gün burada, bizimlədir. Bu günə kimi kitab 30-a yaxın dilə tərcümə edilib: Biz finlər praqmatik və yaradıcı xalq kimi tanınırıq və bunun bir səbəbi də bizim tariximizdir. Böyük və kiçik problemlərdən xilas ola bilmək üçün biz praktiki həllər və praktiki ixtiralar tapmaq məcburiyyətində idik. Bu Finlandiyanın uğur tarixçəsinin əsas təkanverici gücüdür. Belə deyirlər ki, problemləri həll etmək biz finlər üçün çox təbii bacarıqdır. Tariximiz güllər içində, şən-firavan keçməyib, ancaq biz 100 ildir ki, öz müstəqilliyimizi çox çalışaraq, bərabərlik əsasında inkişaf edən Qərb demokratiyası quraraq, hər kəs üçün təhsil və sosial rifahla qoruduq. Biz finlər bir az qəribə olmağımızla qürur duyuruq və sözlərə deyil fəaliyyətə üstünlük veririk. Biz nə etdiyimizi deyirik və dediyimizi də edirik. Elə buna görədir ki, Finlandiya dünyada ən funksional ölkədir.

“Finlandiyadan 100 sosial innovasiya” kitabı fin yaradıcılığına ən yaxşı nümunədir. İnnovasiyalar yalnız texniki cəhətdən deyil, təbiətcə, sosial cəhətdən də görünə bilər. Bu kitab buna yaxşı bir sübutdur. Finlandiya ilə maraqlanan hər kəs üçün bu kitab ən yaxşı bələdçidir. Kitab 100 hekayəsi ilə sizə Finlandiyanın bu günə necə gəlib çıxdığını izah edir, fin yaşayış tərzini anlamağa kömək edir və hətta deyərdim ki, bizim bəzi sirlərimizi belə ortaya çıxarır. Finlandiyaya aid kitabın başqa ölkələrdə yayımlanmasını görmək hər zaman xoşdur. Biz təhsilə inanırıq və onu çox dəyərləndiririk. Finlandiya tarixinin ən görkəmli hadisələrindən biri də 1960-cı illərdə fin baza məktəb sisteminin təqdim edilməsi olub. Cəmi 5 milyon yarım olan kiçik bir xalqıq və az olduğumuz üçün də heç kimin geridə qalmasını istəmirik. Bizim təhsil sistemimiz sosial-iqtisadi statusundan, yaşadığı yer və mədəni keçmişindən asılı olmayaraq, hər kəs üçün bərabər təhsil imkanları təklif edir. Yüksək təhsil sistemimiz nəticəsində son illərdə beynəlxalq səviyyədə bir sıra iqtisadi və sosial sektorda çox yaxşı nailiyətlər əldə etmişik. Təhsil bizim cəmiyyətimizin və uğurlarımızın onurğa sütunudur. Biz bərabərliyə inanırıq və bir-birimizin qayğısına qalırıq, həmçinin birgə çalışmağı da yüksək qiymətləndiririk. İnsanlar da daxil olmaqla, sahib olduqlarımızdan ən yaxşı şəkildə yararlanmalı olduğumuzu hər zaman bilmişik. Bu gün burada sizi, xüsusilə, gəncləri görmək məni hədsiz xoşbəxt edir. Bu axşam indi burada etdiyimiz kimi başqa ölkələrlə körpülər qurmaq, insanlar arasında əlaqələri genişləndirmək bizim

üçün çox vacibdir. Sizin müəllif cənab İlkka Taypale ilə birbaşa danışmaq imkanınız var. İstərdim cənab Taypale və həmçinin bu axşam bizimlə olan, kitabda bir sıra yazının müəllifi xanım Taypalenin özündən kitab haqqında daha geniş eşidək. Bu tədbirə qatıldığınız üçün sizə minnətdaram.

Mən Kitabıstan nəşriyatının təsisçisi cənab Şəhriyar Məcidzadəyə, direktoru Pünhani Əsgərliyə və Mələk xanıma kitabda çəkdikləri bütün əziyətlərə və bu gecəki tədbir üçün təşəkkür etmək istəyirəm. Sizə bu gün bizimlə birgə ola bilməyən səfir xanım Arya Makkonenin xüsusi salamlarını çatdırıram. Xanım səfir sizlərin hər birinizə ən xoş azrzularını çatdırır". "Əgər kasıb ölkəsinizsə, neftiniz yoxdursa, nə edə bilərsiniz? İnsanlarınızı maarifləndirə bilərsiniz". Sonra sözü kitabın ideya müəllifi, dosent İlkka Taypale və onun xanımı Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə naziri xanım Vappu Taypaleyə verildi. İlkka Taypale çıxışı zamanı bildirdi ki, ilk dəfə bir azərbaycanlı ilə 1991-ci ildə tanış olub: "O, Estoniyada bir həbsxanada xidmət edən əsgər idi. Biz finlər həmin vaxt Estoniyada keçirilən referendumu müşahidə etmək üçün Estoniyada idik. Bizim üçün maraqlı o idi ki, həbsxanada səsvermə necə keçirilir. Sonra nə baş verdi... Biz yaxınlaşırdıq, azərbaycanlı əsgərin isə əlində silah var idi və o silahı özünə sıxmışdı. Bildirdik ki, biz Estoniyanın müstəqilliyi üçün burdayıq, bəs sən Azərbaycanın müstəqil olmasını istəyirsənmi? O, "Kalaşnikov"u dik tutdu və dedi: "Əbəttə biz istəyirik". Mən artıq ikinci dəfədir ki, azərbaycanlı ilə tanış oluram. Onlar Kitabıstan komandasındadırlar və ölkələrinin inkişafı üçün çalışırlar. 1971-ci ildə parlamentə seçiləndə bir şüarım var idi "30-dan yuxarı heç kimə inanma", hal-hazırda mən növbəti seçkilərə hazırlaşıram və ən yaşlı mənəm. Yeni şüarım budur "76 yaşdan aşağı heç kimə inanma".

Daha sonra müəllif kitab haqqında məlumat verərək bildirdi ki, "Finlandiyadan 100 sosial innovasiya" kitabında əslində 100-dən çox hekayə var, lakin bizim əsas 5 sirrimiz var. Həmin 5 sirdən isə xanım Vappu Taypale danışdı: "İlk növbədə təhsil. Əgər kasıb ölkəsinizsə, neftiniz yoxdursa, nə edə bilərsiniz? İnsanlarınızı maarifləndirə bilərsiniz. Pulsuz təhsil çox vacibdir. Finlandiyada 6 yaşından başlayaraq, universitet də daxil olmaqla təhsil pulsuzdur. Bizim ölkədə müəllimlərə çox böyük dəyər verilir, onlara "ölkənin şamları" deyilir. İlk sirrimiz təhsildir". İkinci "sirr" haqqında İlkka Taypale danışıb: "Kənd təsərrüfatı ölkəsi olan Finlandiyada qadınlar və kişilər birlikdə çalışıblar, köləlik olmayıb, kasıb və ya daha yaxşı yaşayan sahibkarlar, müstəqil fermerlər olub. 1907-ci ildə Finlandiyada qadınlara ilk dəfə seçki hüququ verilib. Bizdə evdar qadınlar yox idi, hamı işləyirdi. Həm qonaqlara, həm özümüzə xidmət edirdik. Mən deyə bilərəm ki, biz Norveç və İsveçdən çox ciddi nümunələr götürmüşük. Bələdiyyə, parlament və s. sahələrdə seçki sistemində qadın-kişi bərabərliyinə önəm verilir. Deyə bilərik ki, bu kvota sistemidir. Bəzilərində bu 20-80 faiz kvota olur, lakin bizdə 50-50-

yədir. Deyə bilərsiniz ki, qanunu kim yaradıb - biz kişilər qadınların inkişafı üçün etmişik? Biz ola bilsin ki, çox yetkin deyildik, lakin xoşbəxt idik ki, qadınları belə dəstəkləyirdik. Digər sahələrdə qadın və kişi nisbəti 50-50-yə olsa da, parlamentdə isə bu, 40-60 faizdir. Düşünürük ki, niyə parlamentdə kişilər daha çox olsun, parlamentdə də kvota 50-50-yə olsun". Üçüncü "sirr" isə könüllü yardımlaşmadır. Xanım Vappu Taypale bunun haqqında qısa məlumat verib: "Finlərin həmişə könülülləri olub. Könüllü olmaq - tək və yardıma ehtiyacı olanlara, başqalarına kömək etmək, dəstəkləmək deməkdir. 1936-cı ildə belə bir aydınlanma oldu ki, kazino, mərc oyunları sivil cəmiyyətə və QHT-yə keçdi. Kazinolardan alınan pullar QHT-lərə, sivil cəmiyyətlərə verilirdi. Onlardan alınan 1 milyondan çox vəsait QHT-lərə bağışlanıb. Məsələn, mənim öz təşkilatım hər il kazinolardan 2000 avro alırdı. Bu vəsait haqqında isə İlkka danışsın".

"Finlandiyada təşkilat yaratmaq üçün siyasətçi olmalı deyilsiniz". "Son 50 ildə Vappuyla 50-yə yaxın təşkilat yaratmışıq. Finlandiyada təşkilat yaratmaq üçün siyasətçi olmalı deyilsiniz. 50 il öncə Finlandiyada velosipeddən istifadə edənlərin sayı az idi, bu gün isə maşınlar daha azdır. 50 il əvvəl hərbçilər assosasiya yaradıdı və burada 60 minə yaxın üzvlər var idi. Oxuma və yazma problemi olanlar üçün assosiasiya yaradıldı, onlar da Eynşteyn kimi yazıb öyrənsinlər deyə. İnsanlar var idi ki, onların musiqi qabiliyyəti var idi, onlar üçün assossisiya yaratdıq. Hal-hazırda 330 bələdiyyə var. Bələdiyyələrin muxtariyyəti tanınır. Bu 150 illik ənənədir. Hökumət ancaq siyasəti müəyyənləşdirir, bələdiyyələrin öz qanunları var, onun əsasında fəaliyyət göstərirlər. Finlandiyada bələdiyyə sisteminin özəlliyi odur ki, burada adi insanlar bələdiyyəyə seçilirlər, nazirlikdən əvvəl bəldiyyə ilə əlaqə saxlayıb problemlərimizi bildiririk. Vappu indi əsas məsələ olan konsensus və insanların bir-birinə inamından danışacaq". "Biz bir-birimizə güvənirik, qonşularımıza, polisə, hökumətə inanırıq. Bu yaşamaq üçün ən sadə və rahat yoldur" "Bizdə koalisiya hökuməti var, bir neçə partiya və bələdiyyə sistemi mövcuddur. Bu ABŞ sistemi kimi deyil - demokratlar, respublikaçılar. Finlandiyada hər zaman danışıqlara getmək əhəmiyyətlidir. Biz əlaqəmiz olmayanlarla da danışıqlara gedirik, hökumətin siyasətindən asılı olmayaraq. Bu o deməkdir ki, biz bir-birimizə güvənirik, qonşularımıza, polisə, hökumətə inanırıq. Bu yaşamaq üçün ən sadə və rahat yoldur. Bu işgüzar sahədə, həmçinin biznes əlaqəsi üçün çox yaxşıdır", - deyə Vappu Taypale bildirib. İlkka Taypale güvən məsələsi haqqında danışıb: "Bununla bağlı 2 hekayə var. Hər hansı ölkədə biz konvertdə pul qoyub yola atsaq, nə baş verər. Finlandiyada 99.99-% pulları tanıdıqları qurumlara verərlər. Biz tez-tez məktəblərdə uşaqlardan soruşuruq ki, küçədə 1 milyon pul tapsan nə edərsən? Bu yaxınlarda 7 yaşlı bir qız belə cavab verdi ki, itən və tapılan əşyalar qurumuna bağışlayaram, çünki bəlkə də bu kasıb bir adamın son 1 milyonudur.

Konsensus barədə müxtəlif partiyada təmsil olunan qadınlar var, amma bütün parlamentdə təmsil olunmurlar. Bizdə 200 parlament üzvü və yalnız parlamentin kişi nümayəndələri üçün sauna var. Biz ora yığışıb müzakirələr edirik... paltarsız şəkildə. 1970-ci ilə qədər bizdə də çox cüzi də olsa korrupsiya olub. Sonra bu məsələnin həlli üçün hökumət parlament nümayəndələrini özü

maliyyələşdirməyə başladı. Belə bir anlayış var ki, hər hansı bir parlament üzvünə soyuq sendviç və isti pivə versəniz, bu korrupsiya deyil, lakin siz soyuq pivə və isti sendviç versəniz, bu, artıq korrupsiya sayılır. Biz bunu Pakistanda çıxışımız zamanı danışanda bu hekayə onlarda bir çox xəbərdə başlıqda getmişdi. İsveçrədə belə baş nazir və prezident korrupsiyada günahlandırılır və bu, sadəcə sendviç, pivə məsələsi deyil. Biz burada Finlandiyanın yaxşı tərəflərindən danışdıq, lakin ölkəmizin mənfi bir xüsusiyyəti var ki, Finlandiyada 12 faiz kasıb əhali var. Bunlar, əsasən, ailəsi olmayan, tək yaşayan yaşlı qadın və kişilərdir. Biz bu məsələni beynəlxalq səviyyəyə çıxarmağı düşünürük, xüsusilə də, sənayeləşmiş ölkələrdə yalnız, kasıb insanların olması həll edilməli məsələdir. Bizdə sonuncu sözü qadınlar deyir. Qeyd etmək istərdim ki, biz bu kitabda Finlandiyada 100 innovasiya haqqında yazmışıq, siz isə yaxın illərdə 200 innovasiya haqqında yazmalısınız, çünki sizin ölkənizin tarixi 1000 ildən çoxdur, bizdə isə bir neçə yüz ildir". Vappu Taypale isə bildirib ki, ətrafınıza baxın, gündəlik həyatda, siyasətdə nə kimi innovasiyalarınız olduğunu müşahidə edin. Siz mütləq tapacaqsınız: “Finlandiyadan 100 sosial innovasiya” kitabı ilk dəfə 2006-cı ildə, Finlandiyanın Aİ-də sədrlik etdiyi vaxtda nəşr olunub. 100 müxtəlif bölümün müəllifləri Finlandiyanın ən yaxşı mütəxəssisləridir. Bu günədək kitab 27 dilə tərcümə edilib və nəşr olunub. Kitab haqqında danışmaq üçün biz onlarla ölkəyə səfər etmişik. Məsələn, Çili, Tunis, Cənubi Koreya, Liviya, Yaponiya, İran və Albaniya kimi ölkələr sosial innovasiyalara çox maraq göstəriblər. Kitab cəmiyyətimizin 100 müxtəlif xüsusiyyətindən ibarət olsa da, onun verdiyi mesajlar 5 mərkəzdə sadələşdirilə bilər. Birincisi, güclü bələdiyyə muxtariyyəti olan konsesus cəmiyyətində demokratiyamızın quruluşu. İkincisi, qadınlar və kişilər arasında bərabərlik, xüsusilə, qadınlarımız həmişə iş həyatında çox fəal olublar. Qeyri-hökumət təşkilatları, QHT xalqımızın və vətəndaş cəmiyyətinin təməlidir. Universitetlərdə pulsuz təhsilin olması sivilizasiyamızın əsasını təşkil edir. Amma ən əsası, cəmiyyətdə güclü güvən hissidir. Güvən - sosial kapitalın özəyidir. İnsanlar bir-birilərinə, hökumətə, polisə inana bilirlər və korrupsiya demək olar ki, çox azdır. Zəngin sosial kapital xalqı sağlam və xoşbəxt edir. "Bu kitab azərbaycanlıların Finlandiyanı daha yaxından tanımasına, öyrəndikərini ölkəmizdə tətbiq etməsinə kömək edəcək" Sonda söz Finlandiyanın Azərbaycandakı fəxri konsulu Faiq Cəbiyevə verilib: "Bu gün bizimçün, Finlandiyanın bütün dostları üçün əlamətdar gündür. Biz, bu gün Azərbaycan auditoriyasına İlkka Taypalenin "Finlandiyadan 100 sosial innovasiya" kitabını təqdim edirik. Hər birimiz Finlandiyanı gölləri olan gözəl təbiətə, zəngin tarixə və mədəniyyətə, həmçinin mükəmməl təhsil və tibb sistemi, yüksək inkişaf etmiş iqtisadiyyata malik olan bir ölkə kimi tanıyıriq.

Təbii ki, Finlandiya bu inkişaf səviyyəsinə addım-addım nail olub və bu nailiyyətlərdə sosial innovasiyaların da rolu böyük olub. Əminəm ki, bu kitab azərbaycanlıların Finlandiyanı daha yaxından tanımasına, öyrəndikərini ölkəmizdə tətbiq etməsinə kömək edəcək. Bu da öz növbəsində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində öz pozitiv rolunu oynayacaq.

Təqdimatın rəsmi hissəsindən sonra furşet verilib və təqdimatı keçirilən kitabın imza mərasimi keçirilib. Qeyd edək ki, fəxri qonaqlar - Finlandiya Parlamentinin sabiq millət vəkili, dosent İlkka Taypale, Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə Naziri xanım Vappu Taypale və Finlandiyanın Azərbaycan üzrə səfirinin müşaviri xanım Tarya Parkkinen Kitabıstanın və Etatist.com-un təsisçisi Şəhriyar Məcidzadənin dəvəti ilə Azərbaycana gəlib.

Link kopyalandı!
Son xəbərlər