Yazar
Sultan Laçın
Bütün yazılar
kse
8405
26 Jul 2018 | 17:19

Hərəyə bir erməni gətirək Bakıya... –Axı biz tolerantıq...

Dünən “Jara” festivalının təşkilat komitəsinin artıq Azərbaycanda dağda çobanın da tanıdığı  Zara Mgoyan haqda  çox məntiqli(!) və həyalı(!) bəyanatını oxuduq. Bu bəyanatdan bir neçə saat öncə məlumat yayılmışdı ki, guya  artıq Bakıya gələn məşhur əcnəbi manısların siyahısında Zaranın adı yoxdur. Ölkəmizin tolerantlıq və multikulturalizm siyasətinə kölgə salmaq, soyadından açıq-aşkar erməniliyi bəlli olan Zara Mgloyanın Azərbaycana gəlişini əngəlləmək istəyən bəzi ekstremist qüvvələr artıq bərk sevinmişdi.  Yaxşı ki, sonradan bu cümlələrlə bitən belə bir bəyanat verildi:
“Milliyyətcə kürd olan(bu ekstremistlərin ucbatından yazıq təşkilatçılar məşhur sənətçinin əsl millətini  gizlətməyə məcbur olublar-S.L.) müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O, bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq...”
Tamamilə doğru fikirdir. Bütün planet Azərbaycanın tolerantlığından danışır, bütün dünya deyir ki, Qarabağ  məsələsini yalnız sülh yoluyla həll etmək olar. Biz də az qalmışıq, bu nərmənazik erməni-yezidi kürd qızına güllə ataq. Nə xəbərdi? Ay camaat, bu ekstremist qüvvələrə uymayın. Day, iş-işdən keçib, olan olub –torba dolub. 1980-ci illərdən yekə dövlətlər aranı qarışdırıb, əsrlərdir qardaşlıq, kirvəlik etdiyimiz qonşu xalqla biri-birimizə güllə atmışıq.  İndi onlar bir az fərasətli tərpənib olan-qopan torpaqlarımızın dörddə birini də götürüblər. Təzədən nə qayıracağuq, durub kirvə xalqla  qırğına gedəcəyik...  Hər şeyi yaddan çıxarmaq lazımdı: Xocalını da, Şuşanı da, Laçını da, Kəlbəcəri də, Ağdamı da... Axı biz tolerant, dözümlü xalqıq... Yalnız bilirsiz, nələri yada salmaq lazımdı? Ermənilərin bizə etdiyi yaxşılıqları, o gözəl keçmiş günləri... 1905-1906-cı, 1918-ci ildəki onların bizlərə qarşı törətdiyi qırğınları unudub ermənilərlə bir yerdə Andranikin, Şaumyanın sağlığına yeyib-içdiyimiz günləri, erməni axçilərlə  kef etdiyimiz günləri... Bakıdakı erməni katibələri... Rayonlardan gələn tələbələrin evlərində kirayənişin qaldığı xallı erməni xalalarını...   
Xülasə... “Jara” festivalının təşkilat komitəsinin uğurlu bəyanatından ruhlanan  bu sətirlərin müəllifi də bu cür bir təklif irəli sürmək istərdi. Bir vaxtlar Bakıda belə bir şüar dillər əzbəri olmuşdu: “Hərəyə bir ağac əkək!”. İndi artıq bu şüar dəbdən düşüb. Çünki ondan pul çıxmır. Şəhərdə ağac çox olanda tikinti şirkətlərinin əl-ayağına dolaşır, göydər(!)ən tikməyə yer tapmırlar. Bu gün fərasətli, işbilən oğlanlar öz aralarında deyirlər:”Hərəyə bir ağac kəsək!”. “Yaxud hərəyə bir ağac zəhərləyək!”  Bunun nümunəsini göstərənlər də var artıq...  Nə isə, azca qala, Zara axçi yadımdan çıxmışdı... Mən bütün küçələrə, binalara belə bir şüar yapışdırmağı təklif edirəm:”Hərəyə bir erməni əkək, üzr istəyirəm, hərəyə bir erməni gətirək Bakıya...” Axı biz tolerant xalqıq... Təşkilat komitəsi demiş, qoy, gəlsinlər, həm bizim mədəniyyətimizin, qonaqpərvərliyimizin bir daha şahidi olsunlar... Çünki sovet vaxtı, Nikolay vaxtı erməni kirvələrimiz yuxuda olublar, bizim xarakterimizi öyrənə bilməyiblər... Həm də bizim təzədən üzümüz-gözümüz  onlara öyrəşsin, dilimiz, qulağımız erməni adına-soyadına, sözlərinə vərdiş eləsin... Birdən bir qonşumuz deyəndə ki, mən axşam Sərkisyanla, Petrosyanla, yaxud Balayanla  çay içməyə gedirəm –cin başımıza vurmasın... Sabah ermənilər kütləvi şəkildə Bakıya, Gəncəyə, Sumqayıta qayıdanda başımızı itirməyək, hazır olaq... 
Haydı, dostlar, erməni axtarışına... Moskva, Krasnodar, Rostov, Fransa, Kaloforniya... –harda axçi, diğa gördünüz, tutun –gətirin Bakıya... Kim də buna qarşı səsini çıxarsa, “ektremist” damğasıyla basdırdın içəri... 

Sultan Laçın


Link kopyalandı!
Son xəbərlər