Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Dillər Universitetinin dosenti Belqrad Universitetində keçirilən “Universitet mədəniyyəti və Filologiya” və “İpək Yolu” mövzularında beynəlxalq konfranslarda iştirak etmişdir.
30-31 may 2018-ci il tarixində Belqrad Universitetinin Filologiya Fakültəsinin təşkilatçılığı ilə həmin universitetdə “Universitet mədəniyyəti və Filologiya” mövzusunda VI beynəlxalq elmi konfrans keçirilmişdir.
Serbiyanın mədəniyyət və informasiya naziri Vladan Vukosavlyeviçin, eləcə də Rusiya, ABŞ, Xorvatiya, Rumıniya, Böyük Britaniya, Serbiya, Yaponiya, Polşa, Çex Respublikasının elm adamlarının iştirak etdiyi Konfransda ölkəmizi Azərbaycan Dillər Universitetinin (ADU) dosenti, filologiya üzrə fəlsəfə doktoru, ADU-nun təşəbbüsü ilə Belqrad Universitetində yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin direktoru Lalə Məcidova təmsil etmişdir.
Dosent L.Məcidova Konfransda “Azərbaycan Dillər Universitetində yeni ədəbi janrların tədrisi” mövzusunda çıxış etmişdir. Çıxışının əvvəlində ADU-nun tarixi, yaranması və fəaliyyəti haqqında iştirakçılara qısa məlumat verən L.Məcidova müasir dövrdə Azərbaycan gənclərinin, o cümlədən ADU-da təhsil alan tələbələrin marağından bəhs etmişdir. Gənclərimizin dünya ədəbiyyatının müxtəlif janrlarına olan marağını qeyd edən L.Məcidova, bu səpkidə Azərbaycan ədəbiyyatında detektiv janrının formalaşmasından bəhs etmiş, ölkəmizdə və dünyada bu janrın görkəmli nümayəndələrindən biri hesab olunan yazıçı Çingiz Abdullayevin yaradıcılığından danışmış, onun müxtəlif əsərlərinin indiyədək dünyanın bir çox xalqlarının dillərinə, o cümlədən “Avropanın opponentləri” romanının serb dilinə tərcümə olunduğunu qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış serb yazıçıları Milorad Paviç və İvo Andriçin “Xəzər lüğəti” və “Drina üzərində körpü” əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu bildirmiş, yaxın zamanlarda ADU-nun təşəbbüsü ilə tanınmış daha beş serb yazıçısının əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasının planlaşdırıldığını diqqətə çatdırmışdır.
1 iyun 2018-ci il tarixində L.Məcidova Belqrad Universitetində “İpək Yolu” mövzusunda keçirilən beynəlxalq Konfransda da iştirak etmiş, Konfransın bölmə iclasında Azərbaycanın tarixən Qədim İpək yolu üzərində yerləşməsi, bu yolun ölkəmizdə ipəkçiliyin və digər sahələrin inkişafına təkan verməsi və Azərbaycanın bu marşrut üzərində yerləşən ölkələrlə ticarət əlaqələrinə malik olması, müasir dövrdə Azərbaycanın İpək yolunun yenidən bərpası istiqamətində fəaliyyəti, ölkəmizin Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakı barədə iştirakçılara məlumat vermiş, 2000 il ərzində şərqlə qərbi birləşdirən Böyük İpək yolunun yenidən bərpası ilə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında bir körpü yarandığını bildirmişdir.