Şəki Xan sarayı haqqında əfsanələr, bilmədiyimiz məqamlar - ARAŞDIRMA
Cəmiyyət
11382
07 May 2018 | 17:55

Şəki Xan sarayı haqqında əfsanələr, bilmədiyimiz məqamlar - ARAŞDIRMA

Moderator.az XVIII əsr möcüzəsi olan Şəki Xan sarayı barəsində araşdırmanı təqdim edir:

Tarixi 1957-ci ildə Azərbaycana qonaq gələn böyük türk şairi Nazim Hikmət Şəki Xan sarayını ziyarət edir. O zaman yenidən bərpa edilən memarlıq möcüzəsini görən şair heyrətini gizlədə bilmir. “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi", deyir. Lakin dünya şöhrətli şair bir məsələdən xəbərsiz olur: o, bilmirdi ki, dünya memarlığında analoqu olmayan bu tikilini bəzən“Zalım xan sarayı” da adlandırıblar. Bunun  öz tarixçəsi var: rəvayətə görə, Şəki xanı dövrün tanınmış memarlarından birinə bənzəri olmayan saray tikməyi tapşırır. Saray hazır olandan sonra  memardan bundan  da yaxşısını ucalda bilib-bilməyəcəyini soruşur. Usta “əgər daha çox pul versələr, bundan möhtəşəmini tikərəm”, deyə cavab verir. Memarın cavabı xanı bərk qəzəbləndirir. Kiminsə sarayının onun sarayından daha üstün olmasını istəməyən xan memarı edam etdirir. Ona görə də Şəki Xan Sarayını “memarını edam etdirən saray” da adlandırırlar. Rəvayətin başqa versiyasında isə xanın memarı öldürməyib, əllərini kəsdirdiyi deyilir.

Şəki Xan sarayını Hacı Çələbinin nəvəsi Məhəmməd Hüseyn xan Müştaq tikdirib ki, onun ömrünün sonu  çox faciəli olub. Əmisi Hacı Abdulqadir xanlığı ələ keçirərək qardaşı oğlu Hüseyni öldürtdürür. Abdulqadir xanın altmış nəfərədək dəstəsi gecə xəlvətcə qalaya daxil olur və saraya hücum edir. Bu vaxt saraya bitişik evdəki otaqda olan xan qapıları içəridən bağlayaraq,  hücum edənlərlə atışmağa başlayır. Xanın yanında olan kiçikyaşlı oğlu Fətəli də tüfəngləri doldurmaqla atasına kömək edir. Bir neçə saatlıq atışmadan sonra xan ağır yaralanır. Qapını sındıraraq, onu yaralı halda ələ keçirirlər. Xanı bir həftə saxladıqdan və hansısa müqaviləyə imza atdırdıqdan sonra boğub öldürürlər. Beləliklə, 1759-1780-ci illərdə Şəkinın xanı olan Məhəmməd Hüseyn xan Müştaqinin xanlığı faciəli sonluqla bitir. 

Babası Hacı Çələbi xanın ənənələrini davam etdirərək Şəkidə neçə-neçə saray, məscid, mədrəsə tikdirən Hüseyn xan yazdığı poetik əsərlər kimi, tikdirdiyi binaların daş və kərpiclərinin, ağac və şəbəkələrinin rənginə, naxışına, ölçüsünə də həssaslıqla yanaşırdı. Onun tikdirdiyi Xan Sarayı indi də hər kəsi heyran edir. 

Sarayın memarı şirazlı usta Zeynal Abdulladır.  Tikintisi 1790-cı ildə başa çatıb. Lakin istər tarix dərsliklərində, istərsə də, rəsmi mənbələrdə Şəki Xan sarayının 1762-ci ildə inşa edildiyi vurğulanır. Binanın inşasına 32 min İran tüməni məbləğində pul xərclənib. O zamanlar xanlıq əhalisi xan qarşısında öhdəlik daşıyırdılar. Bu öhdəliyə əsasən, lazım olduqda həftədə, yaxud ayda bir  gün onunüçün pulsuz işləməli idilər. Əhalinin xan qarşısında daşıdığı bu öhdəlik saray inşasının  daha tez başa çatmasına səbəb olub. Amma tarixçiləri uzun müddət bir məsələ çox düşündürüb: tikilinin əsas memarı kim olub? Çünki saraydakı divarların üzərində usta Zeynalla yanaşı, usta Abbasqulu və Mirzə Cəfərin də adı çəkilir. Lakin hansı hissələrin bu ustalar tərəfindən ərsəyə gəlməsi məlum deyil. 

Memarlıq özəllikləri

Xəyalən də olsa, Şəki Xan sarayını ziyarət edək. 1300 metrlik qala divarları ilə əhatə olunan sarayın ərazisi   300  kvadratmetrdir. İkimərtəbəli sarayın 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvanı var. Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə quşların təsviri həkk olunan naxışlardan ibarətdir. Sarayın ikinci mərtəbəsinə qalxsaq, buradakı  divarlarda təsvir olunan döyüş və ov səhnələri ilə tanış ola bilərik. Qeyd edək ki, bu səhnələr bütün ziyarətçilərin marağını özünə cəlb edir. İndiyə qədər beş dəfə bərpa edilən Şəki Xan sarayı mərkəzdə böyük salon və salonun hər iki mərtəbəsindəki dəhlizlərə bitişik yan otaqlardan ibarətdir. 1853-cü ildə tərtib olunan plana əsasən, iqamətgahda xanın ailəsi və nökərləri üçün müxtəlif təyinatlı kiçik tikililər yerləşirdi. Ancaq bu plana görə ayrı-ayrı binaların təyinatını müəyyən etmək mümkün deyil, çünki onların bu planda hərbi vəziyyətə uyğun təyinatları göstərilib. Kompleksə daxil olan tikililərin əksəriyyəti xan nəslinin ayrı-ayrı üzvlərinin yaşayış evləri idi. Tikililər güman ki, müxtəlif vaxtlarda tikilib.

Şəki Xan sarayını “ziyarət ediriksə”, onun əsas özəlliyini deməyə bilmərik: binanın inşasında  mismar və yapışqandan istifadə edilməyib. 

Bunu Hüseyn xan Müştaq memar Zeynal Abdulladan şəxsən özü tələb edib. İki mərtəbə, altı otaq, iki dəhliz və iki güzgülü eyvanda qətiyyən mismar və  yapışqan istifadə edilməyib ki, bu da öz növbəsində müəyyən problemlər törədib. Məsələn, xanın memarın qarşısına qoyduğu bu tələb pəncərələrin salınmasında memarların işini xeyli çətinləşdirib. Şirazlı Zeynalın başçılıq etdiyi ustalar qrupu pəncərələrin salınması üçün qeyri-ənənəvi vasitələr axtarmaq məcburiyyətində qalıblar. Ən sonda isə pəncərələrin  şəbəkə üsulu ilə hazırlanmasına qərar veriblər. Bu üsulda kiçik taxta hissəciklər bir birinə keçirdilir və aralarına rəngli şüşələr qoyularaq bərkidilirdi.  Ümumiyyətlə, şəbəkə üsulu çox mürəkkəb proseslərdən biridir. Bəzən, bir kvadratmetrlik sahə üçün 14-15 min şəbəkə hazırlanır. Şəbəkədə kiçik detalların sayının az və ya çoxluğundan asılı olaraq, bəzən bir kvadratmetrin tam hazır olması ustalardan 7-8 ay vaxt tələb edir. Lakin sevindirici məqam ondan ibarətdir ki, bu gün Şəkidə az da olsa, şəbəkə sənəti yaşadan insanlar var ki, Xan sarayının son bərpa işləri də onların zəhmətinin nəticəsidir. 
Xan sarayındakı virtual səyahətimizi davam  edək. Sarayın baş otaqları birinci və ikinci mərtəbədə yerləşən zallar olub. Buradakı divarlarda ensiz və geniş taxçalar yerləşdirilib. Birinci mərtəbədəki  zal rəsmi qəbul yeri olub. Sarayın bəlkə də, çatışmayan yeganə cəhəti  burada mərtəbələr arasında daxili əlaqənin olmamasıdır. Xan ailəsi və xidmətçilər, eləcə də saraya gələn qonaqlar ikinci mərtəbəyə yan fasadlara kirişləri olan, yan otaqların arxasında yerləşən pillələrlə qalxırdılar. Qış sarayı yay sarayına sarayın şimal fasadı ilə əlaqədar olan tikinti ilə birləşirdi. Həmçinin, mərtəbələr arasında daxili yolun olmaması sarayı iki hissəyə -rəsmi qonaq və şəxsi xüsusi hissəyə ayırıb.

Binanın həyətindəki nəhəng çinarlar sarayın orijinal memarlıq üslubu ilə bağlı  olan bir sıra təxminlərin açıqlanmasına səbəb olur. Ağacların yaşı saray binasının yaşından minimum 50-100 il çoxdur. 1797-ci ildə inşa olunan saray binasının tikilməsindən öncə onlar mövcud olub. Həmçinin, buradakı ağaclardan memarlıq elementi kimi də istifadə edilib. Ağacların yerləşməsi sarayın simasını təyin edən element kimi memar tərəfindən xüsusi olaraq nəzərə alınıb. Hazırda sarayın fonunu bağdakı həmin ağaclar təşkil edir. 

Saray kompleksinin tərkibinə müxtəlif təyinatlı qurğular da aid edilirdi. Tarixi – arxiv materiallar sübut edir ki, Xan sarayın hazırda bizə bəlli olan binası bir zamanlar həmin ərazidə mövcud olan  böyük saray kompleksininyalnız bir hissəsidir. Saray kompleksi yalnız  hazırda gördüyümüz və “içində gəzdiyimiz” Xan sarayından ibarət olmayıb. Burada müxtəlif məqsədli xeyli əlavə tikilər olub. Təpədə olan bina qurğusunun mərkəzi cənub fasadının plastiki işlənməsi, o cümlədən, abidənin  təbii ətraf mühitlə əlaqələnməsi, seyredicinin qəbul edilməsi üçün bir neçə nöqtəni müəyyənləşdirir. 

Gözlənilən uğur

Şəki Xan sarayı orijinal memarlıq üslubu ilə hər zaman xarici turistləri heyrətləndirib. Yazının əvvəlində adını çəkdiyimiz Nazim Hikmət heyrətlənən məşhurlar siyahıda tək deyil. Son olaraq, İngiltərənin məşhur mətbu orqanlarının jurnalistləri və ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da Xan sarayının qarşısında öz heyrətlərini gizlətməyib. İngilis jurnalistlər ölkələrinə qayıdar-qayıtmaz, tikili haqqında irihəcmli məqalələr yazıblar ki, bu da İngiltərə cəmiyyətində böyük marağa səbəb olub. Həmçinin, səfir Sekuta da “Şəkiyə səmimi qəbula görə təşəkkür edirik. Nə gözəl yer! Nə gözəl şəhər! Bu yer haqqında eşitmiş, saray haqqında oxumuşdum, ancaq gəlib buranı öz gözlərinlə görmək diqqətəlayiqdir. Şəki Xan Sarayı əsl milli xəzinədir. Bu yer təkcə Azərbaycan üçün deyil, həmçinin dünya üçün bir xəzinədir”, deməklə Xan sarayının xaricilər üçün daşıdığı dəyəri bir daha təsdiqləmiş olub.

Bunları qeyd etməkdə məqsədimiz var: bir gün sonra qarşılayacağımız  2017-ci ildə Şəki Xan sarayı UNESCO-nun Mədəni İrs siyahısına düşə bilər. Artıq uzun illərdir ki, saray dünyanın əsas  abidələri siyahısına düşmək üçün öz növbəsini gözləyir. Bu səbəbdən abidənin böyük dünya dövlətlərinin media orqanlarında, ictimai və diplomatik çərçivələrdə təbliği çox vacibdir. 2001-ci ildə UNESCO-nun Ehtiyat Siyahısında yer alan Şəki Xan sarayı üçün qarşıdakı 2017-ci ilin uğurlu olacağına inanırıq!

Link kopyalandı!
Son xəbərlər