Azərbaycanda daha bir mükafatlandırma mərasimi ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Zəfər Zirvəsi” adlı tədbirdə bloggerlərin mükafata layiq görülməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Moderator.az-a danışan ifaçı Nadir Qafarzadə bu mükafatlandırılmaların əsassız olduğunu bildirib:
“Özəl mükafatlar tez-tez müxtəlif insanlara təqdim edilir. Hətta bir neçə dəfə mənə də başqa mükafatlar təklif edilmişdi, amma mən bundan imtina etdim. Çünki belə mükafatlandırılmalar mənə maraqlı deyil. Bunlar önəmli mükafatlar deyil. Yəni burda verilən mükafat heç yerə yazılmır, sənətkarın müvəffəqiyyətinin göstəricisi deyil. Bunlar insanlara elə-belə verilir. Mən o mükafatlandırılmada olmamışam. Ancaq “Zəfər Zirvəsi” mükafatının adından istifadə etmək olmaz. Bu mükafatı qazilərə, hərbi qulluqçulara, bizə zəfəri yaşadan insanlara vermək lazımdır. Bizim əldə etdiyimiz zəfərdə onlar qədər haqqımız yoxdur. Bəli, bizim də yardımlarımız olub, amma bu o demək deyil ki, etdiyimiz yardıma görə durub “Zəfər Zirvəsi” mükafatı alaq. Düşünürəm ki, bu addımı atmaq əsassızdır”.