Ötən gün Əməkdar artist Dilarə Əliyevanın doğum günündə tanınmış aktyor Vüsal Murtuzəliyevin təbriki bir qədər tərəddüdə səbəb olub. Uzun müddətdir ki, serial və filmlərdə bacı-qardaş rolunu canlandıran həmkarlar real həyatda da doğma bacı-qardaşdırlar. Onların həm həyatda, həm də serialda bacı-qardaş olması tamaşaçılarda bir qədər çaşqınlığa səbəb olub.
Aktyor Vüsal Murtuzəliyev Modertor.az-a açıqlamasında Dilarə ilə aralarında 10 yaş fərq olduğunu və Əməkdar artistin onun doğma bacısı olduğunu bildirib:
“Əslində bizi tanıyanlar bilir ki, Dilarə mənim bacımdır. Xəbəri olmayanların da bilməməsi normaldır. Bizim Dilarə ilə iş birliyimiz “Cavid ömrü” filmi ilə başladı. Dilarə orada Hüsyen Cavidin həyat yoldaşı Müşkünaz obrazını canlandırırdı. Mən də Hüseyn Cavidin oğlu Ərtoğrulu. Həmin filmdə Dilarə anamı oynayırdı. Ondan sonra Dilarə ilə birlikdə “Qaynanamız” serialında rol aldıq. Orada bacı-qardaş rolunu oynadıq. Artıq 4 mövsümdür ki, ARB telekanalında yayımlanan “Baldız” serialında bacı-qardaşı canlandırırıq. Bizi tanımayanlar elə bilir ki, biz yalnız serial və filmdə bacı-qardaşıq.
Dilarə mənim doğma bacımdır. Aramızda 10 yaş fərq var. Tərəddüddə qalan tamaşaçılar bilsin ki, biz həyatda da doğma bacı qardaşıq. Hansısa layihədə bacı qardaş rolunu da canlandıra bilərik, fərqli obrazlarda da. Hətta deyərdim ki, onunla zahirən oxşarlığımız da var. Belə ki, onunla üz cizgilərimiz, gülüşlərimiz belə bənzəyir. Dilarə çox yaxşı bacıdır. Bunu ürəkdən deyirəm. Bir qardaş olaraq hər kəsə Dilarə kimi bacı arzu edirəm. O, həddindən artıq həssas insandır. Efirdə pozitivdir, deyib-gülür və güldürür bu onun profilidir. Ancaq həyatda pozitiv olduğu qədər də çox həssasdır”.