23656
29 Jun 2021 | 23:06

"Bu cür jurnalistlər məni məcbur edirlər ki, bundan sonra heç kimə müsahibə verməyim..."

"Təxminən bir saat  yarım davam edən müsahibədə incəsənətdən, kinodan, musiqidən danışmışam. Görünür jurnalistə bunlar lazım deyildi. Onun hədəfi yalan sözlər yazıb,  sensassiya qurmaq idi. Məqsədinə də çatdı. Görürsünüz ki, bütün insanlar hamı bu müsahibədən danışır. Mən rayon-şəhər ayrı seçkiliyi salan insanam? Guya mən demişəm ki, rayonlular konsertə getmirlər, çünki başa düşmürlər. Bu nə sözlərdir?! Elə şeylər yazıb ki..Mən sanballı sənətçiyəm, kişiyəm. Bir çoxu da o müsahibəyə inanır, mövzu tapıblar danışmağa, utanmırlar?!"
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Sərxan Sərxan bildirib. O daha sonra əlavə edib.
 
"Mən heç vaxt milləti rayonlu-şəhərli deyib bölməmişəm. Mənim Moskvadakı dostlarımın çoxu rayondan çıxan uşaqlardır. O vaxtlar da deyirdim ki, milləti rayonlu və şəhərlilərə bölməyin. Özüm bu məsələlərə həssaslıqla yanaşan biriyəm. Biz hamımız Azərbaycanlıyıq, dünyanın hansı yerində oluruqsa olaq. Biz müsahibədə musiqi ilə bağlı mövzulara toxunmuşuq. Ümumi dedim ki, konsertlərə heç kim gəlib-getmir, heç konsert təşkil edən də yoxdur. Filarmoniyada estrada yoxdur, ancaq klassik musiqi var. Lap əvvəllər isə estrada var idi, artistləri göndərirdilər rayonlara, şəhərlərə, konsertlər təşkil edib, biletləri satırdılar. İndi isə bu kimi hallar yoxdur. Bax bu mövzuda söhbətimiz olub. Toydan danışanda isə dedim ki, o vaxtlar o qədər də toylar geniş vüsət almamışdı. Çünki Bakıda azərbaycanlı az yaşayırdı, 50 faiz, qalan faizi rus, erməni, yəhudi və s. millətin nümayəndələri idi. Heç vaxt deməmişəm ki, bu toy ifaçısıdır, toy musiqiçisidir. Bəs onlar hardan qazansınlar? Ona görə də həmin müğənnilərin toy mahnıları daha tələbatlıdır. Heç kimin onları qınamağa haqqı yoxdur. Rayon-şəhər söhbətinə qalanda isə, özüm şahidi olmuşam ki, 1990-cı illərdə Bakıya gələnlər semiçkanı çırtlayıb, siqareti çəkib atırdılar şəhərə, indi isə bir baxın şəhərə. Bir dənə də yerdə semiçka qabığı, siqaret kötüyü yoxdur, hər yer təmizdir. O rayonlular şəhər adamı olublar. Bu prossesdir, məni də indi Parisə yollasan, onların gözündə rayonlu olacağam. Deyəcəklər ki, Moskvadan gəlib. Mən dəli deyiləm ki, belə söz deyim. Belə çıxır ki, rayonlu birinci növdür, şəhərli ikinci növ. Bu nə deməkdir? Biz hamımız Azərbaycanlıyıq. Axtarsaq hamımızın kökləri rayondan, kənddən gəlib. Bu cür jurnalistlər məni məcbur edirlər ki, bundan sonra heç kimə müsahibə verməyim. Sözləri çevirirlər, utanmırlar? Bakıya gəlib bu məsələni aydınlaşdıracağam, mənim əlimdə o saytı və jurnalisti tapmağa imkanlar var. Qoy mənim gözümün içinə baxsın! Mənə müsahibə üçün yalvarırdı. Biz deyirik ki, erməni düşməndir, bu cür düşmənlər bizim aramızdadır. Camaatı mənim üstümə qaldırıb, mənə qarşı çevirirlər. Utanmırlar. Düzdür, əsəbləşib deyirəm, bəlkə də heç o qızın günahı yoxdur. Ola bilsin ki, o yazını gətirib, redaktorumu, yaxud kimsə başqa adam çap edib. Mən inanmaram ki, o bu cür biabırçı yazılar yazsın" deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər