Terrorçu rejimin növbəti “rus dili” oyunu - “dəmir yumruq” yenə qaçılmaz olacaq
1706
18 Feb 2021 | 09:33

Terrorçu rejimin növbəti “rus dili” oyunu - “dəmir yumruq” yenə qaçılmaz olacaq

Qarabağdakı qanunsuz rejimin başçısı “rus dilinin kölgəsi”ndə gizlənmək və xilas olmaq istəyir; ekspert: “Üçtərəfli razılaşmanın dəfələrlə pozulduğunu diqqətə çatdıraraq, güc tətbiq etməklə Xankəndinə girməliyik”
 
Qarabağın dağlıq hissəsində oyuncaq dövlət təsisatı quran ermənilər 44 günlük müharibədə “böyük qardaşı” Ermənistanla birlikdə acı məğlubiyyətə uğramalarına baxmayaraq, öz mövcudluqlarını qoruduqlarını göstərmək üçün müxtəlif təxribat xarakterli hərəkətlər edirlər. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər yayıb. Məlumata görə, qondarma “respublika”nın rəhbəri Araik Arutyunyan rus dilinin rəsmi dil kimi tanınması barədə qərar verib.
 
Bu barədə yayılan materialda qeyd etdiyimiz kimi, öz taleyi tükdən asılı olan terrorçu tör-töküntüləri “sülhməramlı qüvvələr”ə güvənərək, bu yolla Moskvaya yarınmağa cəhd edib. Məsələ burasındadır ki, Ermənistanın özü təkmillətli ölkəyə çevrilib. Üstəlik, bu ölkədə rus dilinə qarşı mübarizə illərdir aparılır. Belə olan halda haqlı sual ortaya çıxır, qondarma “dqr”də Rusiyanın məhdud hərbi kontingentindən başqa rus dilində danışan bir kimsə yoxdursa, həmin “rəsmi dil” kimə nə üçün lazımdır? Hər hansı bir status alıb-almamasından asılı olmayaraq, sülhməramlılar onsuz da öz dillərində danışırlar və erməniləri onlarla bu dildə danışmağa məcbur qoyublar. Digər tərəfdən, Rusiya rəhbərliyi də bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan təqdirdə, Qarabağ ermənilərinin də əsas dövlət dili Azərbaycan dilidir, məhz belə də olmalıdır. Ola bilsin ki, ermənilər bölgədə “ikinci Donbas” yaratmaq xülyasına düşüblər, amma yanılırlar, Azərbaycan dövlətinin iradəsi ortadadır, hər an terrorçuların başını əzməyə qadirdir.
 
Bu arada Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin qalıqlarının orada yaşayan dinc erməniləri cəzalandırmağa başlaması barədə də xəbər yayılıb. “Report” xəbər verir ki, qondarma rejimin “baş prokurorluğu” İkinci Qarabağ müharibəsində satqınlıqla bağlı cinayət işi açıb. Cinayət işi ictimai təşkilatların döyüşlər zamanı bir qrup sakinin qarşı tərəfə yardım etməsi ilə bağlı məlumatları əsasında başlanılıb. Qondarma rejimin “İstintaq Komitəsi”nə göndərilən iş “Cinayət Məcəlləsi”nin “dövlətə xəyanət” maddəsi ilə araşdırılır. Qarabağdakı mülki ermənilərin qanunsuz və əsassız cəzadan qaçmaları üçün bir yolları var: kütləvi formada Azərbaycan vətəndaşlığını qəbul etdiklərini və Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarını bəyan etmək. Azərbaycan dövləti digər vətəndaşlar kimi, heç bir cinayətdə əli olmayan mülki ermənilərin də təhlükəsizliyini təmin edəcək.
 
Göründüyü kimi, qondarma rejimin cəzasını almayan rəhbərliyinin özbaşınalıqları davam edir. Üstəlik, separatçılar Əsgəran istiqamətində yeni qəsəbənin əsasını qoyduqlarını da açıqlayıblar. Ermənilər ruslara arxayın olaraq bölgədə süni məskunlaşmanı sürətləndirmək üçün də paralel addımlar atırlar.
 
Bu arada Qarabağdakı qondarma qurumun rus dili ilə bağlı “qərar”ından danışan “Çiçəklənən Ermənistan” fraksiyasının başçısı Edmon Marukyan absurd fikirlər səsləndirərək deyib ki, rus dilinin statusu ilə bağlı layihə “nkr”in “suverenliyi”nə mane olmur. “Bizim iki variantımız var, ya Qarabağda rəsmi dil ancaq Azərbaycan dili olmalıdır, o zaman erməni dili, ümumiyyətlə, olmayacaq, ya da erməni dili ilə birgə rus dili olmalıdır. Çünki böyük rus kontingenti var, hansı ki, təhlükəsizliyi təmin edir. Onlar qəbul olunan sənədlərlə tanış olmalıdırlar”, Marukyan rus dili ilə bağlı atılan addımı “əsaslandırmağa” çalışıb. Həmçinin əlavə edib ki, rus dili ilə bağlı qərar “konstitusiyaya” əsasən yox, “dil haqqında qanun”la tənzimlənir.
 
Qarabağın bütün əraziləri Azərbaycana məxsus olduğu üçün Arutyunyan kimi quldurun verdiyi qərar da özü kimi, tam qanunsuzdur. Qeyd edək ki, ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşının Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovla birgə A.Arutyunyanı sorğu-sual etdikləri barədə məlumat yayılmışdı. Bundan sonra ermənilər sevincək xəbərlər yaydılar ki, guya Azərbaycan tərəf Qarabağ erməniləri ilə görüşüb, guya bu, Xankəndi separatçılarına əlavə üstünlük qazandırır. Görünür, bu kimi məsələlər də A.Arutyunyanı anlaqsız addımlar atmağa sövq edib. Hər halda, unutmamalıdır ki, barəsində cinayət işi qaldırılan şəxsdir. 
 
Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, ermənilər Dağlıq Qarabağın bizim nəzarət etmədiyimiz hissəsində Azərbaycana tabe olmamaq üçün mümkün bütün variantları işə salacaq və arxalarına Rusiyanı almaq cəhdləri edəcəklər: “Separatçı qurum rəhbərliyinin rus dilini ”rəsmi dövlət dili" elan etməsi də bu cəhdlərdən biridir və Azərbaycanın qanunlarına zidd olduğunu bilə-bilə buna gedirlərsə, demək, arxa planda hansısa gücə arxalanırlar. İlk növbədə bu qanunsuzluğun da gərginliyə səbəb olacağını Rusiya sülhməramlılarının diqqətinə çatdırmaq və bu cəhdin özünün onların missiyasına uyğun olmadığını bəyan etmək lazımdır. Biz Qarabağın bütün ərazisində suveren haqlarımızı bərpa etməkdə gecikdikcə ermənilər çox oyunlar fikirləşəcəklər. 10 noyabr razılaşmasının pozulması kimi və Azərbaycan ərazisində dövlət dilinə faktiki hörmətsizlik və onun yolverilməzliyini əldə rəhbər tutub Xankəndinə yeni əməliyyatlar düzənləmək ən doğrusu olardı".
 
Q.Çaxmaqlı hesab edir ki, əks təqdirdə, Rusiyanın özü bu qanunsuzluğun qarşısını almaq tədbirləri görməlidir: “Rusiya bunu etməkdən imtina etsə, bunu Rusiyanın anti-azərbaycan mövqeyi hesab etməliyik, həm də razılaşmanın pozulması kimi qiymətləndirib Rusiya sülməramlılarının ölkəmizin ərazisini tərk etməsini tələb etmək lazımdır. Bunu etməsək, sabah ermənilər daha irəli gedəcəklər. Burada yaşayan ermənilərə Rusiya vətəndaşlığı verilməsi, pasportlar paylanması  - Krımda olduğu kimi - və hətta Dağlıq Qarabağın işğaldan azad olunmamış ərazisinin Rusiyaya birləşdirilməsi kimi təxribatlar ola bilər. Və deyim ki, Ermənistanda bu məsələlər çıxış yolu kimi müzakirə edilməkdədir. Bir an öncə Azərbaycan burada öz dövlətinin gücünü göstərməlidir”. Politoloq onu da qeyd etdi ki,  Azərbaycan rəsmisinin separatçı və axtarışa verilən Arayik Arutyunyanla və yaxud oradakı başqa şəxslərlə görüşməsi həmin şəxsin cinayətlərinə xitam demək deyil: “Bundan əvvəl də oradakı cinayətkar rəhbərlərlə görüşlər olub. İndiki halda ola bilsin bizim üçün də aydınlaşdırılmalı və bilməli olduğumuz, Dağlıq Qarabağda suveren hüquqlarımızı bərpa etmək istiqamətində addımlar atmaq üçün belə texniki xarakterli görüşlər olsun. Bu, Araikin cinayətkar olmaması anlamına gəlməz. Ermənistan indi bizimlə təmas qurmaq üçün müəyyən addımlar atır, onlar 44 günlük müharibədən sonra əsir düşən terrorçuları almaq üçün görüş tələb edirlər. Məncə, bu görüşdə də həmin məsələ müzakirə edilib. Biz görüşlərdən qaçmamalıyıq. Qarabağda tam qələbə üçün mümkün tədbirləri görməliyik. Elə Araik kimilərini məsuliyyətə cəlb etmək üçün də bu bölgədə hər mənada aktiv olmalıyıq”.
 
QAT sədri Akif Nağı isə rus dili ilə bağlı ermənilərin hoqqabazlığından bəhs edərkən dedi ki, bu, rusların növbəti oyunudur: “Azərbaycan cəmiyyəti Rusiyanın proseslərdə iştirakına həmişə ehtiyatla yanaşıb, yaxşı bir şey gözləməyib. Rusiya Dağlıq Qarabağı nəzarətə götürmək istəyir, bu niyyətini 10 noyabrdan sonra müxtəlif bəhanələrlə gizlətməyə çalışıb. Dağlıq Qarabağdakı qondarma rejim vəziyyətdən Rusiyanın köməyi ilə çıxmağa çalışır. Rusiya və Ermənistanın maraqları bu nöqtədə üst-üstə düşür. Artıq kartlar kifayət qədər açılıb. Biz 30 il gözlədik ki, məsələ qan tökülmədən həll olunsun. Sonda güc tətbiqinin qaçılmaz olduğunu gördük və güc yolu ilə məqsədimizə nail olduq. Bütün dünya təcrübəsi göstərir ki, bu cür işlərin bir tərəfi zor olmalıdır. 30 ildən sonra yalnız güc tətbiqi ilə ciddi nəticəyə nail olduq. İndi biz üstün vəziyyətdəyik. Bu üstünlüyümüzü tam qələbəyə çatdırmaq üçün gücdən istifadəni davam etdirməliyik”.
 
A.Nağı hesab edir ki, ermənilərin ruslarla birlikdə başqa fəndlərə əl atmasına imkan vermək olmaz: “Sonra gec ola bilər. Dərhal hərəkətə keçməliyik! Rus da, digərləri də gücümüzü görüb, bizimlə hesablaşmaq zorundadır. Araik bu hərəkəti ilə 10 noyabr razılaşmasını pozur, indiyə qədər də həmin razılaşmaya əməl etməyib. Bu, bizim hərəkətə keçməyimiz üçün son damla olmalıdır. Biz üçtərəfli razılaşmanın dəfələrlə pozulduğunu diqqətə çatdıraraq, güc tətbiq etməklə Xankəndinə girməliyik. Çıxış yolu budur. Risk elementləri var, amma uğur qazanacağımız da şübhəsizdir. Başqa yolumuz yoxdur”.
 
Terrorçu rejimin bütün bu kimi addımları isə Qarabağda növbəti antiterror əməliyyatını qaçılmaz edə bilər. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Publika.az-a bildirib ki, Azərbaycan Ordusunun qısa müddətdə qazandığı qələbəsinin arxasında dörd amil xüsusi rol oynayıb. Türkiyəli general Ermənistandakı bəzi revanşistlər Qarabağda müharibəyə yenidən cəhd edərsə, Azərbaycanın sərt addımlar ata biləcəyini də dilə gətirib.
Link kopyalandı!
Son xəbərlər