Dünən Prezidentin köməkçisi cənab Hikmət Hacıyevin sülhməramlı qüvvələrin mandatı ilə bağlı verdiyi müsahibəni dəfələrlə şərh etməli oldum. Başa düşmək lazımdır ki, vəzifəli şəxs iş başında olarkən rəsmi mövqe ifadə edir və təbii ki, hazırlıqsız bir auditoriya üçün ətraflı məlumat verə bilməz.
Bunu politoloq Tofiq Zülfüqarov deyib.
“Bu bəyanat qısa idi və əsas iki məqamla bağlı mövqeyimizi əks etdirirdi:
- Azərbaycan 10 noyabr Bəyannaməsində təsbit edilmiş razılaşmalar əsasında fəaliyyət göstərən sülhməramlı qüvvələrin fəaliyyətinin hüquqi əsaslarının konkretləşdirilməsi istiqamətində işlərin davam etdirilməsini vacib hesab edir;
- Müzakirələr zamanı yanaşmalarda fərqli olan bir sıra problemlər müəyyən edildi.
İndi sadə dildə bu, nə deməkdir?
Beynəlxalq təcrübə göstərir ki, bu məsələdə 3 variant mümkündür:
1. BMT Nizamnaməsinə uyğun olaraq, BMT strukturları tərəfindən təşkil edilən və həyata keçirilən sülhməramlı əməliyyat;
2. Ev sahibi ölkənin razılığı və razılaşdırılmış bir mandat əsasında BMT-yə üzv dövlət və ya bir sıra dövlətlər tərəfindən həyata keçirilən sülhməramlı əməliyyat. Bu halda BMT ya BMT Təhlükəsizlik Şurası rəhbərinin xüsusi bəyanatı ilə, ya da BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə razılaşdırılmış mandatı təsdiq edir.
3. Dövlət və ya bir sıra dövlətlər ev sahibi dövlətlə razılaşaraq sülhməramlı əməliyyat keçirirlər. Eyni zamanda, razılaşdıqları tapşırıqları və hüquqları bir mandat olaraq qəbul edə bilərlər.
Bizdə 3-cü bənddə göstərilən faktiki vəziyyət formalaşıb.
Bu, yaxşıdır, yoxsa pis?
Pisdir - çünki tərəflərin həllini fərqli gördükləri və təklif olunan addımları dəqiqləşdirmək üçün tez-tez danışıqlar aparmalı olduqları problemlər yaranır.
Yaxşıdır - ona görə ki, danışıq aparan ölkələrin dairəsi 3 ölkə - Azərbaycan, Türkiyə və Rusiya ilə məhdudlaşır.
Aydındır ki, mandat razılaşdırılsa və təsdiqlənməsi üçün BMT -yə təqdim edilsə, ən azı Fransa və ABŞ bu missiyada iştiraklarını tələb edəcəklər.
Beynəlxalq qaydalara görə, mandatın qüvvəyə minməsi üçün ev sahibi tərəfin razılığını təsdiq edən sənəd kimi Anlaşma Memorandumunun imzalanması tələb olunacaq. Nəzərə alın ki, ölkələr yox, tərəflər, yəni Xankəndidən olan marionetlər də bu memorandumu imzalamalıdır.
Yuxarıda göstərilənlərə əsaslanaraq, mandatın olmaması ümumiyyətlə taktiki maraqlarımıza cavab verən bir şeydir. Həm Türkiyə, həm də Rusiyanın Qərbi prosesdən uzaq tutmaq niyyətində olduğunu nəzərə alsaq, mandatın təsdiqini gözləməyə ehtiyac yoxdur.
BMT prosedurları ilə müəyyən edilməmiş belə bir vəziyyət bizim üçün daha üstündür, çünki sülhməramlı əməliyyata xitam verilməsi qərarı Azərbaycan tərəfindən müstəqil olaraq veriləcək.
P.S. Sual olunur, bəs, bu sülhməramlı əməliyyatı realda kim maliyyələşdirir?