Amerika vətəndaşları da daxil olmaqla, əcnəbilər Əfqanıstandan çıxmaq üçün mübarizə aparırlar. Bu arada Kabildəki məscidlərdə ABŞ üzərində qələbə qazandıqları üçün “Taliban”a dualar edilir və “Amerikaya ölüm!” şüarını qışqırırlar. Moderator.az bildirir ki, bu barədə Amerikanın “Fox News” telekanalı xəbər verir.
Videosüjetdə bildirilir: bu gün “Taliban” hakimiyyətə gəldikdən sonra ailəsini xilas etmək üçün ABŞ-dakı evini tərk edən bir amerikalı əfqana qulaq asırıq. Müxbirimiz Trey Yinqst bizim üçün amerikalıların və müttəfiqlərinin hələ də təhlükəsiz yerə qaçmağa çalışdıqları Kabildən diqqət çəkən bir hekayə hazırlayıb.
Əllərində pasportu olan xarici vətəndaşlar Kabildəki “Serena” otelinin qarşısında gözləyirlər. Onlar otelin evakuasiya üçün başlanğıc nöqtəsi olaraq istifadə ediləcək ərazisinə girməyə çalışırlar. Qətər rəsmisi “Fox News”a bildirib ki, bu gün 170 nəfər Əfqanıstanı çarter reysi ilə tərk edib.
Sərnişinlər arasında ABŞ da daxil olmaqla, 8 fərqli ölkənin vətəndaşı var. Amerika vətəndaşı Esanullah Musen həyat yoldaşı və iki yaşlı qızı Miriamla birlikdə təyyarədədirlər.
TREY YİNQST, “Fox News”un müxbiri: Keçən ay Sent-Luisdə idiniz?
ESANULLAH MUSEN, amerikalı əfqan: Bəli.
TREY YİNQST: Həyat yoldaşınız və qızınız burada toyda idi?
ESANULLAH MUSEN: (Təsdiqlə başını yelləyir.)
TREY YİNQST: Sonra taliblər hakimiyyətə gəldi və özünüzə dediniz ki...?
ESANULLAH MUSEN: Ailəmi çıxaracağıma söz verdim. Xüsusən İŞİD məlum partlayışı təşkil etdikdə və sonradan etirazçılara atəş açılarkən və digər hadisələr baş verəndə mən artıq bilirdim ki, necə olur-olsun ailəmi buradan çıxarmalıyam.
Hava limanının yaxınlığındakı xaos səhnələrini gördükdən və ABŞ səlahiyyətlilərindən məhdud yardım aldıqdan sonra Esanullah Pakistana uçub, oradan isə quru yolla Əfqanıstana keçib.
TREY YİNQST: Bayden rəhbərliyi amerikalıların təxliyəsi üçün təcili hərəkətə keçdi. Siz bunu öz üzərinizdə hiss etdiniz və bu barədə nə deyə bilərsiniz?
ESANULLAH MUSEN: Bu doğru deyil! Bu doğru deyil! Bütün bunların qarşısını almaq olardı. Ancaq çox qarışıqlıq və xaos var idi.
Küçənin o tayında bu qədər insanın Əfqanıstandan qaçmasının səbəbini görə bilərsiniz.
TREY YİNQST: Əfqanıstanın paytaxtı Kabildə insanlar indi cümə namazına gedirlər. Bu məscidin içərisində olan imam “Amerikaya ölüm!” qışqıraraq, “Taliban” və əfqan xalqının qələbəsini elan edir.
İçəridə müsəlmanların duaları eşidilir, bəzi möminlər taliblərin Amerika qüvvələri üzərində qələbəsinə görə Allaha şükür edirlər. Cəmi bir ay əvvəl “Taliban” Kabilə girdi. İndi bütün şəhərdəki məscidlər onun yaraqlılarını tərifləyir. Kimin “Taliban”ı könüllü qəbul etdiyini və kimin buna məcbur edildiyini ayırd etmək mümkün deyil.
TREY YİNQST: “Taliban” artıq Əfqanıstan həyatının necə olacağı ilə bağlı bir sıra vədlərindən dönüb. Bu məsciddə gördükləriniz gələcək üçün təhlükəli bir müqəddimədir.
Tərcümə və təqdim etdi: Miraslan