“1991-1995-ci illərdə ÜDM 60% azalmış, manat dəyərini 13 dəfə itirmişdi...”-TARİX
2417
08 Jul 2024 | 14:04

“1991-1995-ci illərdə ÜDM 60% azalmış, manat dəyərini 13 dəfə itirmişdi...”-TARİX

“Dünyanın 8 dövlətini təmsil edən 13 iri şirkət arasında müqavilə imzalandı və bu sənəd “Əsrin müqaviləsi” adını aldı. Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”,”Çıraq” və “Günəşli” neft yataqlarının birgə işlənməsini nəzərdə tuturdu... Şərtlərə görə, təmiz gəlirin 80%-i Azərbaycanın, 4%-i SOCAR-ın, qalan 16%-i xarici şirkətlərin payına düşür...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
Müstəqilliyin ilk dövründə həyata keçirilən tədbirlər. İctimai-siyasi həyat...-  XXXXVIII mövzu
(Əvvəli burada: )
 
Azərbaycan iqtisadiyyatı çətin dövrünü yaşayırdı. 1991-1995-ci illər ərzində iqtisadi-sosial sahədə tam tənəzzül, geriləmə baş verdi. Ölkə siyasi müstəqillik əldə etmişdi, lakin iqtisadiyyat dərin böhran içərisində idi [24, s.86]. 1991-1995-ci illərdə ÜDM 60% azalmışdı, milli valyuta dəyərini 13 dəfə itirmiş, gündəlik tələbat mallarının qiyməti 240 dəfə artmışdı [22]. Minimum əmək haqqı təxminən 2 dollara enmiş [24, s.86-87], valyuta ehtiyatları isə yox dərəcəsində idi [16, s.5-9].
 
İqtisadi-siyasi vəziyyətin nizama salınması üçün ilk növbədə neft strategiyası işlənib hazırlanmalı və həyata keçirilməli idi. Ağır və mürəkkəb müzakirələrdən, danışıqlardan sonra aparıcı dünya dövlətləri, böyük neft şirkətləri ilə razılığa gəlmək mümkün oldu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında dünyanın 8 dövlətini təmsil edən 13 iri şirkət arasında müqavilə imzalandı və bu sənəd “Əsrin müqaviləsi” adını aldı. Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”,”Çıraq” və “Günəşli” neft yataqlarının birgə işlənməsini nəzərdə tuturdu [12, s.146; 17, s.47].
 
Müqavilədə Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, İngiltərə və digər ölkələr təmsil olundu. Şirkətlərdən aparıcı rol BP-yə məxsus idi. Şərtlərə görə, təmiz gəlirin 80%-i Azərbaycanın, 4%-i SOCAR-ın, qalan 16%-i xarici şirkətlərin payına düşür [14, s.1-14]. Şərtlərə görə, müqavilə 30 il müddətinə imzalanmışdı (2017-ci ilin sentyabrında müddəti üzv şirkətlər tərəfindən 2050-ci ilə qədər uzadıldı) [15, s.109-120.]. Prezident Heydər Əliyevin 16 avqust 2001-ci il fərmanı ilə 20 sentyabr Neftçilər Günü kimi qeyd olunur.
“Əsrin müqaviləsi” tezliklə nəticələrini verdi. Neft hasilatı 1994-cü ildəki 9,5 milyon tondan [13] 2001-ci ildə 14,9 milyon tona çatdı. Neft strategiyasına uyğun olaraq, 1997-ci ildə Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilərək istifadəyə verildi. Bakı-Supsa neft kəməri isə 1999-cu ildə işə salındı. 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan “Əsas İxrac Neft Kəməri”nin çəkilişinə dair Azərbaycan, Türkiyə, ABŞ, Gürcüstan, Qazaxstan və Türkmənistan prezidentləri arasında ilkin razılıq əldə olundu və həmin ilin noyabrında İstanbulda keçirilən ATƏT-in Sammiti çərçivəsində prezidentlər müqavilə imzaladı. Bir neçə ildən sonra müqavilənin icrasına başlanıldı [18]. Azərbaycan Respublikası prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə neft gəlirlərindən səmərəli istifadə olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı.
 
Bu dövrdə Xəzər dənizinin Azərbaycan sektorunda qaz yataqlarının da kəşfiyyatına başlanıldı. 1996-1999-cu illərdə “Şahdəniz” [11], “Abşeron” [19] və digər qaz yataqlarının ilkin kəşfiyyat-yoxlama işlərinə start verildi.
 
İqtisadiyyatın bütün sahələrində tədricən stabil inkişaf təmin edilirdi. Azərbaycan prezidentinin 11 dekabr 1993-cü il tarixli fərmanı ilə manat ölkədə yeganə ödəniş vasitəsi kimi təsdiq edildi [20].
1993-cü ildən əsrin sonuna qədər iqtisadi islahatların həyata keçirilməsi məqsədi ilə 34 qanun, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi, banklar və bank fəaliyyəti, mülkiyyət, xarici investisiyaların qorunması, icarə, torpaq vergisi haqqında qanunlar qəbul edildi. Bir çox sahələr, o cümlədən özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatlarının inkişafı haqqında dövlət proqramları hazırlandı. Bununla, iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradıldı. Qısa müddətdə minlərlə xüsusi müəssisə, onlarla müstəqil bank fəaliyyətə başladı, kənddə 17 mindən çox icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı [4].
 
1995-ci ildən yeni əsrin əvvəllərinə qədər Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 90%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsullarının həcmi 25%, kənd təsərrüfatı istehsalının həcmi 54%, iqtisadiyyatda çalışanların orta aylıq əmək haqqı 5 dəfə artdı, infilyasiyanın səviyyəsi 3%-ə qədər endirildi. Azərbaycan beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olundu [4].
 
Bu dövrdə metallurgiya, dağ-mədən, kimya, tikinti materialları, maşınqayırma, yüksək texnologiyalar və digər sahələrdə ilkin nəticələr əldə olundu. 2001-ci ildə illik istehsal həcmi 1 milyon ton olan iri həcmli metallurgiya müəssisəsi- “Baku Steel Company” işə salındı. 1999-cu ildə Qaradağ Sement zavodu xarici investisiyanın cəlb edilməsi ilə istehsalı bərpa etdi. Dövlət əmlakının özəlləşdirilməsi 1993-cü ildə başladı, 1998-ci ilə qədər 21 min kiçik, 1 min orta və iri müəssisə özəlləşdirildi. Kənd təsərrüfatı müəssisələrinin 90 faizi özəlləşdirildi, nəticədə 2000-ci il üçün Ümumi Daxili Məhsulda özəl sektorun payı 68%-ə çatdı [21]...
 
 Ədəbiyyat:
 
 1. Azərbaycanda qeydiyyatdan keçən QHT-lərin sayı açıqlanıb.- report.az/daxili-siyaset/azerbaycanda-qeydiyyatdan-kecen-qht-lerin-sayi-aciqlanib/.
 
2. “Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri.”- kayzen.az/blog/ law/7827/ azerbaycan-konstitusiyasınınn-inkişaf-mərhələləri.html.
 
3. Azərbaycan Respublikasında parlament seçkiləri.- cec.gov.az/az/umumi/ seckiler-referendumlar/1995.html.
 
4. “Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası- İqtisadiyyat. –https//files.preslip.az/projects/ azerbaijan/gl4.pdf.
 
5. Heydər Əliyev qiyamı belə yatırdı.- axar.az/news/gundem/66921.html.
 
6. 2000-ci il parlament seçkilərinin nəticəsi.- meclis.gov.az/cat-dep.php? cat=95&lang=az.
 
7. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015. 
 
8. “Sadval”ın təhlükəsi hələ qalmaqdadır.- hafta.az/sadvalin-tehlukesi-hele-qalmaqdadir-71724-xeber.html.
 
9. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı, “İlay MMC”, 2008.
 
10. Azerbaijan Coup Attempt Crushed Caucasus: Loyal forces storm a building and overcome mutinous police units, President reports. Los Angeles Times, 18 March 1995.
 
11. Shah Deniz has been and still is BP`s Largest discovery since Prudhol Bay.- bp.com/en_az/azerbaijan/home.html.
 
12. Zonn I. S., Kosarev A. N., Glantz M., Kostianoy A. G. The Caspian Sea Encyclopedia.- Heidelberg- Dordrecht- London- New York: Springer Science & Business Media, 2010. 
 
13. Аббасова Н. «Контракт века»- 25 лет: прошлое, настоящее, будущее. Интерфакс Азербайджан (9 сентября 2019).- web.archive.org/web/ 20220130135153/ https: //interfax.az/view/777131.
 
14. Абдуллаев Н.Н. Правовая основа сотрудничества между Азербайджанской Республикой и ЕС в энергетической сфере// Международное право,- 2021, №3, s.1-14.-https//nbpublish.com/ library_read_article.php?id=35859.
 
15. Ализаде Э.Ф. Формирование внешней политики Азербайджана в системе геополитических координат Каспийского региона: энергетический фактор.// Международные отношения и диалог культур: журнал.- 2018. Выпуск 6.
 
16. Гамбарли М.М., Энергетическая политика Азербайджанской Республики как основа государственной безопасности.- Политикус: научный журнал.- Баку, 2019,- вып.3.
 
17. Гусейнов В.А. Каспийская нефть: экономика и геополитика.- Москва: Олма медиа групп, 2002.
 
18. Нефтепровод Баку-Джейхан.- travelgeorgia.ru/499/.
 
19. Президент Илхам Алиев: Начинается новый этап разработки газоконденсатного месторождения «Абшерон».- trend.az/azerbaijan/politics/ 3301927.html.
 
20. CBC. «25 лет назад манат был признан единым платежным средством в Азербайджане. youtube.com/watch? v=oRzOnHFfbZU&ab_ channel=CBCTV Azerbaijan.
 
21. Успешная модель независимой экономики.- trend.az/business/ economy/ 1922347.html.
 
22. Цалик С. Каспийские нефтяные месторождения: кто окажется в выигрыше?- New York: Институт Открытого Общества, 2003, s.113.-https: //resourcegovernance.org/sites/default/files/Caspian- oil-Windfalles- 051203_ rus.pdf.
 
23. Шнирльман В.А. Войны памяти: мифы, идентичность и политика в Закавказе.- Москва, Академкниг, 2003.
 
24. Юнусов А. Азербайджан в начале XXI века. Конфликты и потенциальные угрозы. Баку, 2007.
 
 
Link kopyalandı!
Son xəbərlər