“Minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşdu. Azərbaycandan müharibəyə 640 min adam səfərbər olundu, onlardan 350 min nəfər geriyə qayıtmadı. Həmin vaxt Azərbaycanın əhalisi 3.4 milyon nəfər idi. Müharibənin gedişində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı...”
“Hitler 1941-ci il dekabrın 22-də Qafqaz müsəlmanlarından xüsusi hərbi hissələr yaradılması haqqında əmr vermişdi. 1942-ci ilin yayında azərbaycanlılardan ibarət “Bozqurd”, “Aslan” , “Dönməz”, “Vətən”, “Qafqaz” və digər hərbi dəstələr Qafqaz cəbhələrində döyüşlərdə iştirak etmişdilər...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Şimali Azərbaycan II Dünya müharibəsi illərində. Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı...- XXXXIII yazı
XX əsrin 30-cu illərinin sonu üçün dünyada siyasi vəziyyət çox mürəkkəb və ziddiyyətli hal almışdı. Qərbdə Almaniya və İtaliya, Şərqdə isə militarist Yaponiya müharibə ocaqları yaratdılar. ABŞ, İngiltərə, Fransa isə yeni müharibə ilə dünya hökmranlıqlarını möhkəmləndirmək, həmçinin Almaniya və Yaponiyanın əli ilə “SSRİ təhlükəsi”ni aradan qaldıqmaq istəyirdi. SSRİ isə kapitalist dünyasının ziddiyyətlərindən istifadə edərək bu müharibədə yeni ərazilər zəbt etmək istəyirdi. Birinci Dünya müharibəsində məğlub olan Almaniya faşist ideyalarını rəhbər tutaraq, Paris sülh müqaviləsinin nəticələrini ləğv etmək, yeni ərazilər ələ keçirmək məqsədi ilə təcavüzkarlıq fəaliyyətini genişləndirdi. Yaponiya Şərqdə hegemonluq etmək iddiası ilə hərəkətə keçdi.
Təklənməkdən ehtiyat edən sovet rəhbərliyi 1939-cu ilin əvvəllərindən İngiltərə və Fransa hökumətlərinin təkliflərinə cavab olaraq təcavüzkara qarşı birgə hərəkət etmək barədə danışıqlara başladı [21]. Danışıqlar çox ləng, uğursuz və həvəssiz gedirdi. Bu şəraitdə faşist Almaniyası manevr edərək SSRİ ilə müvəqqəti razılığa gəlməyi qərara aldı. 1939-cu il avqustun 23-də Moskvada SSRİ ilə Almaniya arasında on il müddətinə bir-birinə hücum etməmək haqqında müqavilə imzalandı. Hər iki tərəfin sənədi imzalamış xarici işlər nazirlərinin soyadı ilə “Ribbentrop-Molotov paktı” adlandırılan müqaviləyə məxfi əlavə protokolda Şərqi Avropa, o cümlədən Baltikyanı dövlətlərin, Polşanın təsir dairələrinə bölünməsinə dair razılıq əldə olunmuşdu [15, s.513-545].
İkinci Dünya müharibəsi Hitler Almaniyasının 1 sentyabr 1939-cu ildə Polşa üzərinə hücumu ilə başladı, 2 sentyabr 1945-ci ilə qədər davam etdi. Müharibə bir tərəfdən İngiltərə, Fransa, ABŞ, SSRİ və başqalarının, digər tərəfdən Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrin daxil olduğu iki hərbi-siyasi blok arasında baş verdi. Müharibəyə o dövrdə mövcyd olan 74 dövlətin 61-i cəlb olunmuşdu. Bu müharibədə təxminən 55 milyon insan, o cümlədən 25 milyon hərbçi, 30 milyona yaxın mülki əhali həlak oldu. Müharibədə SSRİ 27 milyon, Polşa 6 milyon, ABŞ 405 min, İngiltərə 375 min, Fransa 600 min nəfər adam itirdi [19]. Almaniyanın itkiləri ilə bağlı müxtəlif fikirlər var, əksəriyyət bu ölkənin 6 milyon nəfər itki verdiyini qeyd edir [18, s.273].
Azərbaycanın da daxil olduğu Sovet imperiyası müharibəyə 1941-ci ildə, Almaniyanın hərbi təcavüzündən sonra qatıldı. Dünya ağalığı niyətində olan faşist Almaniyası 1939-cu il müqaviləsini pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi [23]. Faşistlərin fikrincə, SSRİ-nin aradan götürülməsi dünya ağalığına gedən yolun geniş açılması demək idi. Almaniyanın “Barbarossa” planına (Alman kralı I Fridrix (1152-1190) Barbarossanın (italyanca “sarı saqqal”) adından götürülüb) görə SSRİ bir neçə ay ərzində məhv edilməli, Uraldan Şərqə doğru kiçicik rus dövləti saxlanılmalı idi [27, s.10]...
Müharibənin ilk günündən Azərbaycan xalqı da SSRİ-nin başqa xalqları ilə birlikdə alman faşist işğalına qarşı mübarizəyə başladı. Almaniya Bakı neftinə xüsusi əhəmiyyət verir, Qafqaz cəbhəsində əsas hədəf olaraq Azərbaycanı seçmişdi. Kənd təsərrüfatında hərbi əhəmiyyətli, yeni texniki bitkilər becərilməsinə başlandı. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni və müəssisələri yanacaqla təmin edirdilər. Azərbaycanda yüksək oktanlı benzin istehsalına başlanıldı. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft verdilər [16]. Dənizdə, quruda və havada düşmən üzərində sovet ordusunun üstünlük qazanmasında Bakı neftçilərinin böyük payı olmuşdur.
Minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşdu. Azərbaycandan müharibəyə 640 min adam səfərbər olundu, onlardan 350 min nəfər geriyə qayıtmadı [26, s.15]. Həmin vaxt Azərbaycanın əhalisi 3.4 milyon nəfər idi [16].Müharibənin gedişində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı [24, s.6]. 1941-ci ildə Brest qalasının qəhrəman müdafiəçiləri arasında 44 nəfər azərbaycanlı var idi. 1941-ci ildə kiçik leytenant İsrafil Məmmədov Novqorod yaxınlığında şücaət göstərərək Sovet İttifaqı qəhrəmanı adını alan ilk azərbaycanlı oldu, Moskva yaxınlığındakı döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov fərqləndi, Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini məhv etdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad döyüşlərində düşmənin 6 təyyarəsini vurdu [17]. Azərbaycanlılardan ibarət milli diviziyalar yaradıldı. Onlardan 77, 402, 416, 293-cü diviziyalar daha çox tanınırdı. Bu diviziyalar müharibənin sonuna qədər rəşadətlə vuruşdular [20, s.253].
Almaniyanın Azərbaycanla bağlı xüsusi fikirləri var idi. Faşistlər Bakı neftinə sahib olmaqla yanaşı, Azərbaycanın cənubunu və şimalını imperiyanın əyalətinə çevirmək niyyətində idilər. Bəzi məlumatlara görə, Sovet rəhbərliyinin də azərbaycanlılarla bağlı məkrli planları var idi. Stalin Azərbaycan əhalisinin, lazım gələrsə, Orta Asiya və Qazaxıstana köçürülməsini istisna etmirdi. 1942-ci ilin yayında faşistlər «Edelveys» (Avropanın dağ çiçəklərindən birinin adı) planı üzrə Qafqaza hücuma başladılar. Bakı üçün ciddi təhlükə yarandı. Düşmənin hücumları dəf edildi [9, s.409].
Sovet Ordusunun Şimali Qafqaz əməliyyatlarında Azərbaycan diviziyalarında döyüşən əsgərlər qəhrəmanlıq göstərirdilər. Tuapşe uğrunda döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini öldürdü və öz həyatı bahasına komandirini xilas etdi [17, s.50,52]. İdris Süleymanov, Baloğlan Abbasov, Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görüldülər. 1944-cü il iyunun 29 –30 -da H.Aslanovun komandanlıq etdiyi 35-ci qvardiya tank briqadası Berezina çayını keçib Pleşeni şəhərini azad etdi. Bu əməliyyata görə o, ikinci dəfə Sovet İttifaqı Qərəmanı adı ilə təltif edildi. Bu barədə fərman ölümündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi [28].
Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqaviməti hərəkatında da iştirak edirdilər. 1942-ci ilin yayında Polşadakı faşist əsir düşərgələrində azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılar. Təşkilata azərbaycanlı zabitlər Nadir Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər. 1942-ci ilin noyabrında Fransada faşistlərin ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan azərbaycanlı Əhmədiyyə Cəbrayılov – «Axmed Mişel», Xarqo adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmişdi. Ə.Cəbrayılov Fransa paradında əsgərə generaldan irəlidə getmək hüququ verən hərbi medalla təltif olunmuşdu. 1942-ci ilin avqustunda ağır yaralanaraq əsir düşən Mehdi Hüseynzadə Yuqoslaviya partizanlarına qoşulmuş və «Mixaylo» ləqəbi ilə fəaliyyət göstərmişdi. O, hitlerçilərə qarşı müharibədə əfsanəvi qəhrəmanlıqlar göstərmiş, 700 hərbi əsiri azad etmişdi. Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat-təxribat qurupuna rəhbərlik edən Mixaylo 1000 nəfərdən çox alman zabit və əsgərin məhv etmişdi. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. Ona ölümündən xeyli sonra – 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Əli Babayev İtaliyadakı partizan hərəkatında iştirak etmiş, Haribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtaliyanın yüksək mükafatına layiq görülmüşdü [17, s.50,52].
Müharibə illərində nəinki faşizmə, habelə sovetizmə qarşı da müqavimət hərəkatı fəaliyyət göstərmişdi. Belə meyillər daxildə qaçaqçılıq hərəkatında [7, s.243-245] və xaricdə sovet rejiminə qarşı silahlı mübarizə aparan legionların yaradılmasında təzahür etmişdi [17, s.287-295]. Bu işdə xaricdəki siyasi mühacirlərin də mühüm rolu olmuşdu. Müharibənin ilk günlərində faşistlərə əsir düşən mayor Əbdürrəhman Fətəlibəyli Düdənginski tərəfindən antisovet milli hərbi legionların yaradılması təklifi verilmişdi. 1941-ci ilin payızında Almaniyaya dəvət olunmuş M.Ə. Rəsulzadə ilə də azərbaycanlılardan xüsusi legionlar yaradılması müzakirə edilmişdi [13].
Hitler 1941-ci il dekabrın 22-də Qafqaz müsəlmanlarından xüsusi hərbi hissələr yaradılması haqqında əmr vermişdi. 1942-ci ilin yayında azərbaycanlılardan ibarət “Bozqurd”, “Aslan” , “Dönməz”, “Vətən”, “Qafqaz” və digər hərbi dəstələr Qafqaz cəbhələrində döyüşlərdə iştirak etmişdilər. Mühacirlərin fəaliyyətini idarə etmək məqsədi ilə Berlində 1934-cü ildə “Azərbaycan İstiqlal Komitəsi”, 1943-cü ildə isə “Azərbaycan Milli Mərkəzi” yaradıldı [6; 7, s.290-292].
Almaniyanın vasitəsilə Azərbaycanın müstəqilliyinə nail olmaq niyyətində olan M.Ə.Rəsulzadə faşist rəhbərləri ilə söhbət zamanı bunun mümkün olmadığını başa düşdükdən sonra Almaniyanı tərk etdi. Bundan sonra proseslərə əsasən Ə.Fətəlibəyli Düdənginski rəhbərlik etdi, 1943-cü ilin payızında Berlində “Mühacir Azərbaycan hökuməti” və parlamentini yaratdılar, lakin konkret nəticə əldə olunmadı [13].
1945-ci il mayın 8-də Almaniya qeyd-şərtsiz təslim oldu. Sentyabrın 2-də Yaponiyanın təslim olması ilə isə İkinci Dünya müharibəsi başa çatdı. Bəşər tarixinin ən dəhşətli müharibəsi başa çatdı. Dünyada yeni münasibətlər sistemi formalaşdı. Dünya daha konkret şəkildə iki düşərgəyə- sosialist və kapitalist cəbhələrinə bölündü, üçüncü dünya dövlətləri deyilən qütb də formalaşdı. Azərbaycan xalqı cəbhənin hər iki tərəfində təmsil olunaraq, vuruşaraq, tarixinin ən təzadlı dövrlərindən birini yaşadı. Azərbaycan üçün müharibə həm də bir sınaq oldu. Xalqımız döyüş qabiliyyətini, həmçinin müstəqillik ideyalarına, müstəqil dövlətçilik ənənələrinə sadiq qaldığını nümayiş etdirdi...
(Davamı var)
Ədəbiyyat:
1. Ağasıyev İ.K., Səlimov Ş.D. Azərbaycan tarixi. Dərslik. Bakı, “Elm”, 2017.
2. Bayramzadə S. 21 Azər hərəkatı və Azərbaycan Milli Hökuməti.- science.gov.az/az/news/open/23159.
3. Cənubi Azərbaycanda ana dilində təhsilin tarixi 1945-ci ilə gedib çıxır.- baki-xeber.com/siyaset/149558.html.
4. Çeşmazər M.M. Azərbaycan Demokrat Firqəsinin (ADF) yaranması və fəaliyyəti. Bakı, “Elm”, 1986.
5. Çingizoğlu Ə. Rza şahın tacgüzarlığı.- reyting.az/muellifler/enver-cingizoglu/63383-rza-ahn-tacguzarl.html.
6. Əhmədov D. Berlində Nuri paşa ilə birgə qəbul edilən qərar.- teleqraf.com, 27 yanvar 2022.- teleqraf.com/news/toplum/315175.html.
7. Əmrahov M. XX əsrdə Azərbaycanda milli azadlıq hərəkatı. Ali məktəblər üçün dərslik. Bakı, ADPU-nun nəşriyyatı, 2009.
8. Hacıyeva Y. 1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi. 7 noyabr 2017.- xalqcebhesi.az/news/ southazerbaijan/23849.html.
9. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
10. Məmmədov İ. Azərbaycan tarixi. Bakı, “Adiloğlu”, 2005.
11. Mustafayev V. Cənubi Azərbaycan. Milli şüur (20-ci əsrin birinci yarısında), s. 63-67, 77-78.- achiq.info/yazi%204/vidadi%20butov% 20dl.pdf.
12. Nuriyeva İ. Azərbaycan tarixi: ən qədim dövrlərdən zəmanəmizədək. Texniki Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
13. Yaqublu N., M.Ə.Rəsulzadənin Almaniyadakı fəaliyyəti.- “Yeni Müsavat” qəzeti, 2014, 02 fevral, s. 12.
14. Hess G.R. The Iranian Crisis of 1945-46 and the Cold War. Political Science Quarterly, Vol. 89, №1 (March, 1974) (1).- azargoshnasp.net/recent_ history/ atoor/theiraniancrisis194546.pdf.
15. Shirer L.W. Pise and Fail of the Third Reich: A History of Nazi Germany. Simon and Schuster, 1990.
16. Азербайджан в годы Великой Отечественной войны.- a-r.az/ru/ article/15002.
17. Алиева С., Аскер А. Азербайджанцы в годы второй мировой войны.- cyberleninka.ru/article/n/azerbaydzhantsy-v-gody-vtoroy-mirovoy-voyny/ viewer.
18. Великая Отечественная война. Юбилейный статистический сборник. Москва, «Росстат», 2020.
19. Вторая мировая война 1939-1945. Большая российская энциклопедия 2004-2017.- old.bigenc.ru/military_science/text/2335018.
20. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, «Флинта», 2010.
21. Мельтюхов М.И. Упущенный шанс Сталина. Советский Союз и борьба за Европу: 1939-1941. Москва, «Вече», 2000, глава «Политический кризис 1939 г.»- militera.lib.ru/research/meltyukov/02.html.
22. Мохаммед Реза Пехлеви. Большая российская энциклопедия 2004-2017.- old.bigenc.ru/world_ history/text/2234954.
23. Началась Великая Отечественная война.- prlib.ru/history.619331.
24.Попков М.Д. Дружба и братство народов СССР- один из источников Великой Победы// Военно-исторический журнал, 1985, №3.
25. Реза-шах Пехлеви. Энциклопедия Кругосвет.- krugosvet.ru/enc/ istoriya/REZA-SHAH-PEHLEVI/html.
26. Тюркские народы: энциклопедический справочник/ Гл.ред. Б.Г.Аяган. Алматы, ЗАО «Казак энциклопедиясы», 2004.
27. Хавкин Б.Л. История «Барбароссы»// «Историк», 2021, №6 (78).
28. Халилов Дж. Генерал Ази Асланов-зеркало азербайджанского патриотизма.- Газета «Вышка», 2020, 7 февраля, s.8.