ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyev Təhlükəsizlik Forumunda ukraynalıları sülh və ümumi dəyərləri qorumağa davam etməyə çağırıb. Nuland onu da əlavə edib ki, onun fikrincə, rusiyalıların çoxu Ukrayna kimi bir ölkədə yaşamaq istərdilər.
Moderator.az bu barədə LIGA.net portalına istinadla xəbər verir. Nuland forumda Rusiyanın Ukrayna sərhədləri yaxınlığındakı fəallığından danışıb. Onun sözlərinə görə, Ukraynanın milli birlik nümunəsi göstərməsi və ədalətli demokratik ölkə yaratmaq üçün bundan sonra da çalışması çox vacibdir.
“Bunun nə demək olduğunu sizə izah etməyimə ehtiyac yoxdur. Söhbət sizin öz aranızda dinc yanaşı yaşamağınızdan gedir. Rusiyalıların çoxu Ukrayna kimi bir ölkədə yaşamaq istərdi”, - deyə o, bildirib.
Nuland xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken NATO-nun nazirlər toplantısında Rusiyanı qoşunlarını çıxarmağa və vəziyyəti diplomatiya yolu ilə həll etməyə çağırıb. “O, Rusiyanın yarada biləcəyi təxribatların tələsinə düşməmək üçün ukraynalıları birliyə və təmkinli olmağa çağırıb”, - deyə Nuland vurğulayıb.
“Tələyə salmaq üçün sizi təcavüzkar adlandırmağa cəhdlər edilir. Buna görə də biz sizi həmişə müdafiə etdiyiniz sülh və ortaq dəyərləri qorumağa davam etməyə çağırırıq. Rusiyalıların çoxu ölkənizdə baş verənlərin onların ölkəsində baş verməsini istərdi”, - deyə ABŞ dövlət katibinin müavini əlavə edib.
Miraslan