Hissə 2. Quru Qoşunlarının “görən gözü, vuran qolu”
Azərbaycan Ordusunda yeni yaradılan əməliyyat hərbi hissələri xüsusi təyinatlı hərbi hissələrdən fərqlənir. Türkiyə variantında bizim əməliyyat hərbi hissələrimiz “komando” hərbi hissələri adlandırılır. Müdafiə Nazirliyinin açıqlamasında “əməliyyat (komando)” ifadəsindən istifadə edilib. Təlimləri bitirən heyətimizin uniformasında daşıdığı fərqlənmə nişanında isə “komando” yazılıb. Odur ki, biz Əsgərimizin daşıdığı geyimin üzərindəki fərqlənmə nişanına istinadən bu hərbi hissələri ən azından indiki dövrdə komando hissələri adlandıra bilərik. Türkiyə və Azərbaycanda ən üstün imkanlara malik qüvvə xüsusi təyinatlılardır, ikinci yerdə isə komandolar gəlir. Türkiyədə olduğu kimi Azərbaycanda da komando hissələri Quru Qoşunlarının tərkibində mövcud olan birlik komandanlarına tabe olacaq. Birliklərin vəzifə və təyinatına uyğun olaraq onun tərkibindəki komando hissələrinin sayı müxtəlif ola bilər. Məsələn ehtiyatda olan birliklərin komando hissələrinin sayı digərlərindən iki dəfə çox olması mümkündür. Bu günə qədər artıq iki birliyin komando hərbi hissəsi formalaşdırılıb. Azərbaycan komandoları Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbində keçir. TSQ-nin Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Əməliyyat Təlim Kursu” təxminən 2 ay davam edir. Oktyabrın 16-də başa çatan son təlimdə 383 azərbaycanlı hərbçi iştirak edib. Növbəti bölmələrin Türkiyədə təlimini davam etdirir. Prosesin davamlı olacağı və sonrakı illərdə də davam edəcəyi gözlənilir. Komanadoları digər hərbçilərdən xarici görünüşünə görə mavi beretləri və sinələrində daşınan döş nişanları fərqləndirir. Döş nişanları komandonun hansı kurslardan uğurla keçdiyini nümayiş etdirir.
Türkiyədə təcrübəsi
Təcrübəsini əldə etdiyimiz Türkiyə komando hərbi hissələrinin yaradılmasına 1953-cü ildən başlayıb. Türkiyə Silahlı Qüvvələrində mövcud olan 16 komando briqadasının hamısı Quru Qoşunlarının tərkibinə daxildir. Geyimlərində əsas fərqli element kimi mavi beretlər diqqəti cəlb edir. Komandoların əsas şüarı “Güclüyük, Cəsuruq, Hazırıq” sözlərindən ibarətdir. Komandoların əsgər marşları da motoatıcı bölmələrdən fərqlənir.
Türkiyənin komando hissə və bölmələri Şimali Kipr əməliyyatında, İŞİD-ə qarşı əməliyyatlarda, “Polad”, “Çəkic”, “Şəfəq”, “Günəş”, “Şəhid Yalçın” əməliyyatlarında, 2015-16-cı ildə Şırnak və Hakkari qarşıdurmalarında, PKK-ya qarşı bütün əməliyyatlarda, “Fərat Qalxanı”, “Zeytun budağı”, “Sülh çeşməsi”, “Bahar Qalxanı”, “Pəncə-Pələng” və s. kimi əməliyyatlarda uğurla iştirak ediblər. Türkiyənin vacib hərbi strukturlarından biri hesab edilən komando briqadalarına Sabri Evren, Səbri Dəmirbağ, Osman Pamukoğlu, Aydoğan Aydın, Sezgin Ərdoğan və s. kimi zabitlər komandirlik edib. Türkiyə Silahlı Qüvvələrində komando briqadalarının vəzifəsi ştat üzrə general mayor rütbəsi daşıyan şəxslərə həvalə edilir.
Türkiyə komandolarının yaranma tarixi
1926 -cı ildə Muğla dağ təlim poliqonunun qurulması və 1927 -ci ildə Eğirdirə köçürülməsi ilə Türkiyə yüngül piyada qüvvələrinin təməli qoyuldu. 1941-ci ildə almanlar Kritə havadan desant endirmə əməliyyatını keçirdikdən sonra ABŞ-dan alınan paraşütlərlə ilk Türk hava-desant diviziyası yaradıldı. 1953-cü ildə İzmirin Menteş qəsəbəsində ilk Komando Məktəbi təşkil edildi. 1957 -ci ildə Muğla dağ təlim poliqonunun adı Dağ Məktəbi olaraq dəyişdirildi. 1960 -cı ildə Komando Məktəbi Eğirdirə köçürüldü və Dağ Kommando Məktəb Kommandanlığı adlandırıldı.1965 -ci ildə Türkiyədə ilk komando briqadasının yaradılmasına qərar verildi və o, 1 -ci komando briqadası adlandırıldı. 1973 -cü ildə 1 -ci komando briqadasının taborlarının bazasında 2 -ci bomando briqadası quruldu. 1974 -cü ildə hər iki briqada birlikdə Kıpr əməliyyatına cəlb edili. 1984-cü ildən sonra komando briqadaları PKK-ya qarşı mübarizədə geniş iştirak etdilər.
1990-cı illərin əvvəllərində Hakkari və Siirtdə 1-ci və 2-ci komando briqadaları taborları bazasında yeni hərbi hissələr yarandı. 1993-cü ildə Hakkari dağ komando briqadası, 1994-cü ildə isə 3-cü komando briqadası yaradıldı. 2000 -ci illərin əvvəllərində Tuncelidə 4 -cü komando briqadası quruldu. Sonrakı illərdə bəzi mexanikləşdirilmiş piyada briqadalarını komando briqadalarına çevirərək komando briqadalarının artırılmasına qərar verildi və briqadaların sayı 16 -ya çatdırıldı. Komandolar 2015-2016-cı illərdə, 2016-2020-ci illərdə Suriya əməliyyatlarında (“Fərat Qalxanı”, “Zeytun Budağı” Əməliyyatı, “Sülh Çeşməsi”, “Bahar Qalxanı” Əməliyyatı) və 2019-cu ildən “Pənçə” əməliyyatlarında iştirak edirlər.
Dağ Komando Məktəbində Baza və komando ixtisas kursları üzrə təlim verilir. Baza kursu 10 həftə davam edir və yüngül piyada təlimlərinin daha sərt formasını xatırladır. Bəzi kursantlar 1-ci komando briqadası və Manisadakı 1-ci komando təlim briqadasında təlim alır.
Komandoların fərqlənmə nişanları
Komandoların nişanı, şevronu və mavi bereti, Silahlı Qüvvələrdə təlim keçmək üçün seçilən, təlimləri müvəffəqiyyətlə başa vuran zabit, gizir və çavuşlardan ibarət şəxsi heyətə təqdim edilən və onları digərlərindən fərqləndirən atributlardır. Nəzəri və praktiki təlimlər sayəsində əldə edilən qabiliyyətlər nəticəsində komando bölmələrinin şəxsi heyəti, məhdud təminat və təchizat şəraitində belə vəzifəsini uğurla yerinə yetirməyə borcludur. Adətən uzunmüddətli sistematik təlimlərə cəlb olunan komandolar düşmənə qəfil basqınlar etməklə onun qüvvələrini fiziki, taktiki və mənəvi cəhətdən zəiflədir və motoatıcı hissələrin irəlləməsi üçün münbit şərait yaradır.
Komando kursları
Komandoların ixtisas kürsu isə çox çətin kurslardır, məqsədi quru qoşunlarının xüsusi əməliyyatları üçün elit bölmələr hazırlamaqdan ibarətdir. Təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında həyata keçirilir. İxtisas kursu 28 həftə davam edir. Kurs 5 mərhələdən ibarətdir:
Dərin qar və şiddətli soyuqda döyüş əməliyyatları;
Quru komando əməliyyatları;
Suüstü komando əməliyyatı;
Hava desant əməliyyatı;
Yaşayış məntəqələrində antiterror əməliyyatı.
Komandoların Baza kursunu bitirənlər komando adını daşıya bilməz. Bu adı daşımaq və komando tituluna malik olmaq üçün ixtisas kursunu müvəffəqiyyətlə bitirmək və müvafiq rəngdə bereti və döş nişanı əldə etmək şərtdir.
Türkiyənin Quru Qoşunlarında qərbli həmkarlarında olduğu kimi yüngül piyada diviziya (dağ piyadası, hava desant piyadası, yüngül piyada, xüsusi əməliyyat və s.) qüvvəsi) kimi birlik və hissələr mövcud deyil. Odur ki, Quru Qoşunlarının bu tip xüsusi vəzifələrinin hamısını komando briqadaları öz üzərinə götürüb. Bütün briqadalar dağ piyada komando vəzifəsini yerinə yetirir, 1-ci komando briqadası isə həm də hava desant vəzifələrinin əsas icrasıdır. Hazırda Türkiyə Quru Qüvvələri tərkibində 16 komando briqadasından başqa 2 komando alayı da mövcuddur. Fərqli birliklərin tərkibində komando taburu və bölükləri də yer alır. Komando briqadaları və alayları Türkiyənin müxtəlif bölgələrində yerləşdirilib.
Komando briqadalarının silahlanması davamlı olaraq yenilənir. Hazırda türk komandolarının silahlanmasına MPT-76 (7,62x51 mm), MPT-76 MH (7,62x51 mm), MPT-55 (5,56x45 mm), MPT-55K (5,56x45 mm), HK33 (5,56x45 mm) piyada tüfənglərindən, PKM (7.62x54 mm), MG3 (7.62x51 mm), PMT-76 (7.62x51 mm) pulemyotlarından, JNG-90 (7,62x51 mm), KNT-76 (7,62x51 mm) snayper tüfəngləri, MGL, T-40Q avtomatik qumbaraatanları, RPQ-7 əl qumbaraatanları, müxtəlif seriyalı tapançalar və digər avadanlıqlar daxildir. Bizim komandoların silahlanmasında Ak-74 avtomat silahlarından, PKM pulemyotlarından, SVD snayper tüfənglərindən, tapança-pulemyotlardan, RPQ-7 əl qumbaratanından istifadə ediləcəyi gözlənilir. Komando birlikləri qarşılarına qoyulmuş vəzifələrin xüsusiyyətlərinə uyğun olaraq lazer tuşlayıcı, gecə görmə gözlüyü, gecəgörmə durbini, termal kamera, siqnal tapançası, tüstü yaradan vasitələr, əl radiostansiyaları, GPS, termal avadanlıqlar, kollimatorlar, yüngül zirehli maşınlar və s. təmin edilə bilərlər, buna görə hər bir komando adı çəkilən avadanlıqlar ilə peşəkarcasına davranmaq üçün təlimlərdən keçirilir.
Davamı var…
Ədalət Verdiyev, hərbi ekspert