Əslən Laçın rayonundan olan gənc tarzən, Sumqayıt Musiqi Kollecinin III kurs tələbəsi Fərid İmranlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Moderator.az xəbər verir ki, görüş əsnasında Azərbaycanın qədim xalq çalğı aləti olan tara maraq və sevgisini ifadə edən Cahit Bağçı, türk xalqlarının zəngin mədəniyyətə malik olduğunu vurğulayıb.
Qəbula görə Türkiyə səfirinə öz təşəkkürünü bildirən Fərid İmranlı, görüş əsnasında maraqlı musiqi parçası ifa edib, ölkəmizdə mədəniyyətimizin, milli musiqimizin inkişafına böyük diqqət yetirildiyini qeyd edib.
Görüşdən sonra Türkiyə səfiri “Tvitter”dəki hesabında Fərid İmranlı, habelə onun bacısı – 10 yaşlı bədii qiraətçi Zəhra İmranlı ilə bağlı təəssüratını dilə gətirib:
“Qarabağlı, laçınlı bir ailənin iki gözəl övladını qonaq etdik. Zəhra qızımız şeirləri, qardaşı Fərid tarının tembri ilə enerjimizi ikiyə qatladı. Zəhra qızımızın şeirlərindəki duyğular və Tayyib Ərdoğan sevgisi qardaşlıq bağımızın sarsılmaz və ürəkdən olduğunu bir kəs daha göstərdi”.
Xatırladaq ki, Fərid İmranlı görkəmli tarzən, qran-pri mükafatçısı Ayaz İmranovun övladıdır.