Şimali Koreyanın “Arirang Meari” dövlət internet portalı Cənubi Koreyanı tənqid etmək üçün böyük populyarlıq qazanmış “Kalmar oyunu” serialndan istifadə edir. KXDR təbliğatçıları bu televiziya dramının qonşu dövlətin cəmiyyətində “yaşamaq və tamahkarlıq uğrunda böyük rəqabətin tüğyan etdiyini” göstərdiyini düşünürlər.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “The Hill” qəzeti yazır.
KXDR mediası “Netflix” platformasında yayımlanan Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” serialından təbliğat məqsədi ilə istifadə edərək televiziya dramında Cənubi Koreyanın əcaib cəmiyyətinin kədərli reallığının əks olunduğunu iddia edir.
Serial “borc içində batan” bir neçə yüz insanın ölüm saçan uşaq oyunlarının iştirakçılarına çevrildiklərindən bəhs edir. Qalib milyonlarla dollar mükafat alır, digərləri isə vəhşicəsinə öldürülürlər.
Şou qısa müddətdə “Netflix” platformasında ən çox izlənilən serial oldu. “The Hill” qeyd edir ki, serial böyük beynəlxalq tamaşaçı auditoriyası cəlb etdi və bəzi pərəstişkarları hətta nümayiş olunan oyunları yenidən canlandırdılar - təbii ki, öldürmədən.
“Arirang Meari” portalı bildirir ki, “Kalmar oyunu” televiziya dramı zəiflər arasında yaşamaq və tamahkarlıq uğrunda həddindən artıq rəqabətin getdiyi kapitalist cəmiyyətini və Cənubi Koreya reallığını nümayiş etdirməklə tamaşaçılar arasında populyarlıq qazanır.
“Tamaşaçılar Cənubi Koreya cəmiyyətində ciddi iqtisadi bərabərsizlik fonunda baş verənləri izləmək üçün bu seriala maraq göstərirlər. Axı müasir Cənubi Koreya cəmiyyətində məşğulluq, daşınmaz əmlak və səhmlər uğrunda gedən şiddətli rəqabətdə məğlub olanların sayı kəskin şəkildə artır”, - deyə “Arirang Meari” portalında dərc olunan yazının müəllifi qeyd edir.
Xatırladaq ki, bu ilin əvvəlində “Arirang Meari” portalı Cənubi Koreyanın məşhur K-pop musiqi sənayesini müğənnilərin “əməyini istismar etməkdə” qınamışdı. Bildiyiniz kimi, Cənubi Koreyada pop ulduzları debüt etməzdən əvvəl bir neçə illik yorucu təlim və hazırlıqdan keçirlər və səsyazma şirkətləri çox vaxt onların həyatına tam nəzarət edir.
KXDR mediasının tənqid üçün qonşu dövlətin film istehsalına istinad etməsi ilk hal deyil. “The Hill” yazır ki, “Kalmar oyunu” kimi bir neçə “Oskar” almış “Parazitlər” sosial dramında da sinfi bərabərsizlik problemini gündəmə gətirən KXDR mediası oxucularını və izləyicilərinı Şimali Koreyanın Cənubdan üstünlüyünə inandırmağa çalışırlar.
Miraslan