Məşhur Məmmədov: “Şuşa Bəyannaməsi ilə türk dünyası birliyinin təməli qoyuldu”
Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin maraqları baxımından müstəsna önəm kəsb etdiyi birmənalıdır.
Bəs bu Bəyannamə türk dünyasının birliyi baxımından hansı əhəmiyyətə malikdir?
Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov hesab edir ki, Şuşa Bəyannaməsi sadəcə region dövlətlərinin deyil, bütün türk dünyasının maraqları baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu gün dünyanın yenidən qütblərə ayrılması, nüfuz dairələrinə bölüşdürülməsi prosesi gedir. Bəyannamənin məhz belə bir zamanda Şuşada imzalanması, məkan olaraq məhz Azərbaycanın mədəniyyət paytaxının seçilməsi ciddi mətləblərdən xəbər verir. Bəyannamənin Şuşada imzalanmsı bundan sonra “Şuşa” adının həm də bu səbəblə dünyada tez-tez səslənməsinə səbəb olacaq.
Şuşa Bəyannaməsi bütün dünyada böyük marağa səbəb olub. Çünki bu, bütün Qafqazda geosiyasi mühitin dəyişməsi deməkdir. Bəyannamə regiondakı dövlətləri əməkdaşlığa çağırır, regionun gələcəyinə böyük faydalar vəd edir. Yüz illər keçəcək, Bəyannamənin nə qədər böyük əhəmiyyət kəsb etdiyi daha çox dərk olunacaq.
Şuşa Bəyannaməsi ilə türk dünyası birliyinin təməli qoyuldu. Hansı ki, yaxın gələcəkdə məlum Bəyannamədən çıxış edərək bu istiqamətdə digər addımların atılması da mümkündür.
Şuşa Bəyannaməsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir. Bu Bəyannamə gələckdə ermənilərin mümkün təxribatçı addımlarını önləmək baxımından da etibarlı bir sipərdir. Şuşa Bəyannaməsi region dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur. Bu, Azərbaycan və Türkiyə arasında hərbi, iqtisadi, siyasi əməkdaşlığın yeni mərhələyə qalxmasını təmin edən bir sənəddir və hər baxımdan təqdirəlayiqdir”.
Seymur ƏLİYEV