Qan effekti yaradan qrim ustası: “Realda qandan qorxuram...” + FOTOLAR
6011
20 Feb 2021 | 19:22

Qan effekti yaradan qrim ustası: “Realda qandan qorxuram...” + FOTOLAR

Türkiyə film və seriallarında çalışan azərbaycanlı qrim ustası Gülnaz Bayramova Moderator.az-ın suallarını cavablandırdı. Daha çox yara, qorxu, zombi üslunda qrimlər etməyə üstünlük verən müsahibimiz Azərbaycanda bu sənətə yetəri qədər dəyər verilmədiyini və serial, filmlərdə qrimyora ödəniş etməmək üçün bunu çəkiliş qruplarının özləri etdiklərini bildirdi.   

 

- Azərbaycanda qrim sənətinə tələbat varmı?


-Bizdə bu sahə inkişaf etməyib, ona görə ki, film çəkən rejissorlar qrimə pul vermək istəmirlər. Çox hallarda qrimi özləri etməyə üstünlük verirlər. Belə ki, filmlərdə rejissorların, aktyorların simasında etməyə çalışdıqları qan effektləri istər istəməz filmin keyfiyyətini aşağı salır. Özləri hazırlamaq istədikləri qan effekti ilə ərsəyə gələn qan effekti arasında çox fərq var.
 Azərbaycanda isə qrimyora çox da tələbat yoxdur.  Ölkəmdə film və seriallardan çox az iş təkliflərini alırdım, Türkiyədə isə əksinə.

 

- Bizdə bu sənəti öyrədən təhsil ocağı da yoxdur. Siz necə və hansı şəkildə öyrənmisiniz?


- Hər işin başında istək və həvəs dayanır. Yeni başlayanda "Youtube"dan məşhur filmlərin qrimçilərinin müsahibələrini izləyirdim. Bu sənətin sirlərini heç kimdən  öyrənməmişəm. İnternetin yetişdirdiyi tələbələrdənəm. Müəllimim internet olub. Əslində insan kiminsə əlinə baxanda daha tez öyrənir. Mən bundan məhrum olmuşam. Görürdüm ki, bu, mənə kifayət etmir. Online dərslər ödənişli olsa da, qoşulurdum və arzularımın arxasınca getməyə çalışırdım. Hazırda isə 8 tələbəm var. İndi  Türkiyədəyəm və burada qrim dərsləri vermək istəyirəm.

-Daha çox yara, qorxu yaradan qrimlərə üstünlük verirsiniz. Sənətinizdən insanları qorxutmaq üçün  istifadə etdiyiniz məqamlar olubmu? 


-Olub. Türkiyədəki film çəkiliş prosesində bir dəfə qrim edərək başqa insanları qorxutmuşdum.  Onların da reaksiyaları qəribə oldu. İlk dəfə isə üzümdə çapık effekti yaradıb valideynlərimi və dostlarımı qorxutmuşdum.  


 
-Daha çox bu tip qrimləri xarici və Hollivud flimlərində görürük. Özümüzdə belə qrimlər gördükdə bunu süni adlandırırıq. Sizcə bunun səbəbi nədir? 


- Belə qrimlərin bizdə süni alınmağının səbəbi rejissorların yara effektlərini özləri yaratmağa çalışmağından qaynaqlanır.  Filmdə öz işini peşəkar görən qrimyor osla effeketlər süni alınmaz. Həmçinin  qrimin materialları ilə bağlı problemlər var. Mən o materialları Amerikadan  sifariş edirəm. Bizdə isə həmin materialların satışı yoxdur. Olsa da  baha satıldığı üçün  o hər qrimyorun onu almağa imkanı çatmır. Ona görə də insanlar öz əlində  olduğu ləvazmatlarla bu effektləri verməyə çalışır. O da əksər hallarda uğursuz alınır. 

 

- Qrim sənətinin çətin tərəfləri nələrdir?


 - Əslində hər işin çətin tərəfi var. Amma bu işdə çətin tərəf materialların  həddindəna artıq bahalı olması, çəkilən filmlərdə zamanın çox az omasından irəli gəlir. Film çəkilişi üçün əlimin altında bütün materiallarım və yetəri qədər zamanın olsa o işi rahatlıqlq görə bilərsən. Bəzi hallarda material problemi yaşandığına görə çətinliklə üzləşirik.

 


 
-Bildiyimiz qədərilə Türkiyədə yeni film üzərində çalışırsınız. Hazırda orada vəziyyət necədir?


- Bir ay öncə Türkiyədə tanınan rejissor Metin Yücel tərəfindən “İfritler” filminə dəvət aldım. Qərara aldım ki,  bu təklifi dəyərləndirim. Maraqlı çəkiliş prosesi baş verdi, hazırda filmin montaj işləri gedir. Filmdə yeganə Azərbaycanlı mən deyildim, aktrisamız Firəngiz Orucova da bu çəkiliş prosesində iştirak edirdi. Kinoteatrlar fəaliyyətə başladıqda İstanbulda, Bakıda və Manisada filmin qala gecəsi olacaq. 


- İki ölkə arasında çəkiliş prosesində nə kimi fərqlər var?


 -Fərq daha keyfiyyətli kameraların və öz işini peşəkar görməyə çalışan çəkiliş qrupundadır. Bizdə bəzi hallarda bunlara önəm verilmir. Setdə gecikmələr baş verir. Burda hər şey öncədən tam dəqiqliyi ilə danışıldığına görə bu problemlər yaşanmır. Elə olub ki, mən Bakıda gördüyüm işlərlə maddi problem yaşamışam, amma burda belə bir problemlə rastlaşmadım. 

 


-Fərqli imicə və stilə sahibsiniz. Bu sənətinizdən irəli gəlir yoxsa xarakterinizdən?


 -Fərqli imicə  və stilə sahib olmağımın səbəbi hər zaman fərqli stildə olan insnalar bəyəndiyimdən irəli gəlir. Bu mənim xarakterimdən irəli gəlmir. Məndə olan pinsitlərə baxıb, deyirlər ki, özünə əziyyət verməyi sevirsən. Yoxsa niyə üzünü, burnunu, qulaqlarını deşdirisən ki?  Ancaq bu mənim xarakterimdən irəli gəlmir. Real həyatda həqiqətən  qandan qorxuram.

 

 Xəyalə Rəis 
 
 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər