Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Slavyan Universitetinin Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Məmmədovun həmmüəllifliyi ilə 8 Noyabr- Zəfər Gününə həsr olunan “Qarabağ: mif və həqiqət” adlı dərs vəsaiti çap edilib.
Moderator.az xəbər verir ki, bu haqda mektebguşesi.az saytı məlumat yayıb.
Kitabda Azərbaycanın əzəli-əbədi ərazisi olan Qarabağın tarixi-coğrafi mövqeyi, bu ərazidə yaşamış tayfalar, onların mədəni-ədəbi abidələri, ermənilərin Qarabağda məskunlaşması, türk torpaqlarında dövlət qurmaq cəhdləri, erməni uydurmalarının ifşası, qədim erməni dili ilə bağlı həqiqəti əks etdirməyən iddialar, Qarabağda erməni cinayətləri, Qarabağ problemini həll edən Azərbaycan dövlətinin siyasi mövqeyi öz əksini tapıb.
Dosent Sadir Məmmədovun “Azərbaycanşünaslıq tədqiqatları” silsiləsindən “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görmüş növbəti kitabı universitet tələbələri, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Dərs vəsaiti Bakı Slavyan Universitetinin xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri, xarici universitetlərdə “Azərbaycan dili” ixtisası üzrə təhsil alan və dilimizi öyrənən tələbələr üçün faydalı tədris resursudur.
Xatırladaq ki, polis polkovniki Sadir Məmmədov 1989-1990-cı illərdə Azərbaycan Respublikası Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, 1990-cı ildə keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini, 1992-ci ildə isə Ağdərə Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Qarabağ münaqişəsinin ilk illərində Qarabağda erməni ekstremist və terrorçularına qarşı mübarizədə xüsusi xidmətləri olub, bir sıra əməliyyatlarda bilavasitə iştirak edib.