Rusiya hərbçiləri Qarabağa gedən erməniləri Laçında belə “dəqiq” yoxlayır... – VİDEO
Qarabağ
12467
29 Sep 2021 | 09:36

Rusiya hərbçiləri Qarabağa gedən erməniləri Laçında belə “dəqiq” yoxlayır... – VİDEO

"Hərbçilərdən biri  yalnız “Biz 5 nəfərik,  Stepanakertə - evimizə gedirik” deyən sürücünün sənədinə gözucu baxmaqla “sağ olun” deyib avtomobili irəli –Azərbaycan torpaqlarına buraxır..."
 
Rusiyanın “sülhməramlı” adlanan hərbçiləri Laçın rayonunun Zabux kəndindəki 1 nömrəli postlarında Ermənistandan avtomobillə Azərbaycan Respublikasının Qarabağ ərazisinə gələn 5 nəfər ermənini yalnız sürücünün sənədinə ötəri baxmaqla buraxırlar...
 
Moderator.az xəbər verir ki, bu olayın video-görüntüləri  qəsbkar Ermənistanın  News.am  nəşri əməkdaşının dünən – sentyabrın 28-də təqdim reportajında meydana çıxıb.
 
Özü də sözügedən avtomobildəki 5 nəfərdən biri olan əməkdaş Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla sərbəst səfərlərindən bəhs edir.  Xocavənddəki Amaras məbədini də ziyarət edən  erməniləri yol boyu - düz  Kəlbəcər rayonunun Çərəktar kəndindəki posta qədər yalnız iki yerdə yoxlayırlar: Ermənistanın Dığ(“Tex”) kəndi  yaxınlığındakı Ermənistan-Azərbaycan sərhədindəki erməni sərhədçilər və Zabux kəndindəki 1 nömrəli postdakı Rusiya hərbçiləri... 
 
Təbii ki, erməni sərhədçiləri soydaşlarının heç sənədlərinə də baxmırlar. Yalnız zarafatla “İsveçrə”yə gedirsiniz?” deyə soruşurlar... 
 
Artıq sərhəddən bir neçə kilometr irəlidə - Azərbaycan Respublikasının Laçın rayonu ərazisində - Zabux kəndinin girişindəki yanında yalnız erməni dilində lövhələr görünən  “sülhməramlı” postda isə avtomobili saxladaraq nəzakətlə rus dilində salam verən Rusiya hərbçiləri  ermənilərə gerçəkdən sülh məramıyla yanaşır. Hərbçilərdən biri  yalnız “Biz 5 nəfərik,  Stepanakertə - evimizə gedirik” deyən sürücünün sənədinə ötəri, gözucu baxmaqla “sağ olun” deyib avtomobili irəli –Azərbaycan torpaqlarına buraxır. Halbuki bir neçə gün öncə də Rusiya MN-in rəsmi saytındakı məlumatda Rusiya "sülhməramlı"larının komandanlığı "Laçın dəhlizindən Qarabağa gedən hər bir maşını diqqətlə yoxladıqları, şübhə yarandıqda təkrar yoxlanışdan keçirdikləri"ni bildirib...
 
Laçın şəhəri ərazisindən keçən erməni sürücü müxbir qadına “Berdzor” adlandırdığı bu şəhərin ermənilər üçün əhəmiyyətindən danışır... Laçının Şuşa istiqamətindəki çıxışında erməni və rus dilində yazılar yazılmış dükan və digər obyektlər görünür... Burada Rusiya hərbçiləri olsa da, heç bir yoxlanış aparılmır...
 
Bir az sonra zəng edən anasına erməni sürücü ““Lısaqorda”yıq”  cavabını verir. “Lısaqor” əslində Şuşa rayonunun Turşu qəsəbəsidir. Sovet dövrünün sonlarında bir erməninin də yaşamadığı bu məntəqəmizdə hazırda onlarla erməni yaşayır. Buradakı Rusiya hərbçilərinin postunda qarşıdakı avtomobillər də dayandığı üçün ermənilər bir az ləngiyir. Hərbçilər ora-bura qaçırlar. Bundan narahat olan erməni sürücü rus hərbçilərdən  “Nəsə olub?”-deyə soruşur. Cavabında, sadəcə, təlim keçirildiyini öyrənir...
 
Bundan sonra sənədləri və avtomobilləri “diqqətlə yoxlanmış” 5 erməni Şuşa şəhərinin girişindəki Azərbaycan və Türkiyə bayraqlarının da yanından rahat keçib Xankəndinə daxil olurlar...
 
Sözügedən reportaj haqda əlavə yazımız da olacaq...

 

Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər