Ağdərənin azərbaycanlı 2-ci katibi öz torpağında necə girov götürüldü?- Tarixi ibrət…
Qarabağ
3776
21 Sep 2021 | 18:34

Ağdərənin azərbaycanlı 2-ci katibi öz torpağında necə girov götürüldü?- Tarixi ibrət…

“İki saqqallı erməni dedi: “Sizdən birinizi öldürməliyik - özünüz qərara gəlin...”
 
31 il öncə bu günlərdə  erməni separatçı və terrorçularıyla qarşıdurmalar  əsasən  keçmiş Dağlıq Qarabağ ərazisində gedirdi.  O zaman da indiki kimi Ermənistanla sərhəd və Qarabağda, eləcə də Laçın rayonu ərazisində keçmiş sovet-rus ordusu dayanırdı. Düzdü, o vaxt həmin ordu Azərbaycan SSR torpağında sülhməramlı statusunda yox, hüquqi cəhətdən öz ərazilərində(yəni keçmiş SSRİ) sabitliyin “qarantı” kimi  fəaliyyət göstərirdi. Amma bu günkü kimi, onda da azərbaycanlılarla ermənilər arasında mübahisəli məsələləri; girov dəyişdirilməsi, meyitlərin alınması və s. rus hərbçiləri həll edirdi…
 
Belə hadisələrin biri də məhz sovet ordu birləşmələrinin gözü qarşısında baş vermiş və onların vasitəsilə sonuclanmışdı. 1990-cı ilin sentyabr günlərində o vaxt rəsmən “Mardakert” adlanan keçmiş Ağdərə rayon partiya komitəsinin 2-ci katibi Arif Əliyev ermənilər tərəfindən girov götürülmüşdü…
 
Moderator.az bu günümüz üçün ibrətamiz olan həmin tarixçəni tanınmış mərhum həmkarımız Ziyəddin Sultanovun 1990-cı ilin noyabrında “Kommunist” qəzetində dərc edilmiş “İşıq həsrəti” adlı məqaləsi əsasında təqdim edir(Qeyd edək ki, materialda  Qarabağdakı bəzi yer adları o vaxtın rəsmi adlarıyla verilib: “Stepanakert” – Xankəndi, “Mardakert”- Ağdərə, “Martuni”- Xocavənd):
 
“Söhbət Mardakert rayonu partiya komitəsinin ikinci katibi Arif Əliyevin erməni quldurları tərəfindən  girov götürülməsindən, 12 gün davam edən mənəvi və fiziki işgəncələrdən gedir. 
 
…Arif Əliyevi çoxdan tanıyıram – uşaqlıq illərindən. Yaddaşımda həlim, mehriban, bir az da qayğılı görkəmi ilə qalıb. Sonralar tale yolları hərəmizi bir tərəfə aparıb. O, orta məktəbdə dərs dedi, dogma kəndlərində - Kosalarda təsərrüfat rəhbəri oldu. Sonralar partiya və icraiyyə komitələrində müxtəlif vəzifələrdə çalışırdı. 1980-ci ildə Mardakert rayon partiya komitəsinin ikinci katibi seçildi.  Son vaxtlar isə Arif Əliyev respublika təşkilat komitəsinin(o dövrdə Azərbaycan KPMK-nın 2-ci katibi V.Polyaniçkonun rəhbərliyi ilə Xankəndində fəaliyyət göstərən qurum-S.L.) işinə cəlb edilmişdi. Mardakert rayonunun Manikli kəndində  fəaliyyət göstərən  dayaq məntəqəsinin rəhbəridir.  Birgə səfərimiz çox olub - əvvəllər də, elə indi də. Qarabağın, demək olar ki, bütün kəndlərini qarış-qarış gəzmişik. Həmişə də bir-birimizə ürək-dirək verirdik: “Öz torpağımızda nədən ehtiyat edəcəyik?”
 
Bu dəfə isə… onunla görüşə tələsmirdim. Ürəyim sim kimi titrəsə də, Arif müəllim üçün yamanca darıxsam da, addım ata bilmirdim. Axı, onu həmişə şən, gümrah, sağlam, görmüşdüm. İndi isə… deyirdilər ki, 12 günlük əzab və işgəncələr onu üzüb əldən salıb. Beləcə, bilə-bilə ləngidim və Arif Əliyevin görüşünə bu günlərdə getdim….
 
Hadisə sentyabrın 10-da səhər tezdən baş verdi. Arif Əliyev sürücüsü Bayram Misirovla birlikdə Füzulidən Ağdama, ordan da Mardakert rayonunun  Manikli kəndinə gedirdi.  Yol Martuni rayonundan keçirdi.  Sentyabrın 10-u Arif müəllim üçün də, Bayram üçün də əziz günü idi; Arif müəllimin oğlu Anarın ad gününü  qeyd etmişdilər. Bayram isə oğul atası olmuşdu. Hər ikisinin qəlbi ata qüruru, ata sevinci ilə döyünürdü.  Bəlkə,  elə ona görə də arxayın idilər –sanki unutmuşdular ki, yol erməni saqqallılarının arasından, düşmənçilik və ədavət yuvasından keçir. Hər ikisinin qəlbi açılan bu payız səhəri kimi təmiz və pak duyğularla döyünürdü. Qarşıdakı döngəni keçəndə isə...
 
Elə bil, ikisi də qəfil yuxudan ayıldı. Sürücü ani tərəddüddən sonra  maşının sürətini azaltdı. Təlaş və həyəcanla bir-birlərinə baxdılar.  Bəli, vəziyyət ağır idi. Erməni quldurları yolu kəsmişdilər. Geri qayıtmaq istədilər. Lakin arxada da “KaMAZ” dayanmışdı... 
Arif müəllim başa düşdü ki, çoxdan gözlənilən dəhşətli gün gəlib yetişib – o, quldurların əhatəsinə düşüb. Bununla belə, özünü itirmədi. Bayrama “Möhkəm ol – dedi, - maşını sağ tərəfə, azərbaycanlılar yaşayan Xocavənd kəndinə sür.  Onlar yenicə yoldan çıxmışdılar ki, sanki nəhəng “ZİL” göydən düşdü – yeganə çıxış yolunu da kəsdi. Bir göz qırpımında iki nəfərin üstünə yüzlərlə adam töküldü.  Onları sürüyüb yerə saldılar, sonra da döyməyə başladılar. Kimin gücü nəyə  çatırdısa: ağacla, avtomatın qundağıyla, təpiklə... İkisinin də sir-sifəti, bədəni al qana boyandı...
 
Sonra isə yumaq kimi götürüb maşına atdılar.  Əvvəlcə Martuni qəsəbəsindəki köhnə məktəbə gətirdilər.  Lakin burada çox saxlamadılar.  Arif müəllim erməni dilində gedən danışıqlardan başa düşdü ki, onlar hərbçilərin(söhbət sovet-rus hərbçilərindən gedir-S.L.) izə düşüb bura gəlmələrindən ehtiyat edirlər. Halbuki canilər “narahat” olmaya bilərdilər.  Ona görə ki, bir az bundan əvvəlki hadisə hərbi postun lap yaxınlığında baş vermişdi. Haraya gəlmək istəyən oğlan onda gələrdi, indi yox...
 
Nə isə, əzablı, igəncəli, amansız günlər başladı. Bir gündən sonra onların yanına daha iki nəfər girov da gətirdilər: Bərdədəki 3 nömrəli səyyar mexanikləşdirilmiş dəstənin  baş mühəndisi Əmirxan Baxşalıyevi və onun sürücüsü Xasayı...
 
...Arif müəllimlə üz-üzə oturmuşuq. Ağır-ağır danışır, nəyisə xatırlamağa, dəqiqləşdirməyə çalışır. Hərdən çöhrəsinə təbəssüm yayılsa da, hiss olunur ki, ağrılar aman vermir, çətin nəfəs alır... 
-Hansı yolla gəlmisən? – deyə, başını qaldırıb düz gözlərimin içinə baxır. 
-Martunidən keçən yolla...
-Düz eləmisən – dedi,- qoy gediş-gəliş kəsilməsin.  Bəziləri Füzuliyə getmək üçün Ağcabədidən, Beyləqandan hərlənib gəlirlər. Bu, quldurların dəyirmanına su tökmək deməkdir. Ancaq gərək ehtiyatlı olaq...- indi qətiyyətlə, bir qədər də əsəbi danışırdı. 
 
Dağlıq Qarabağ hadisələrinin bir qədər başlanğıcını – təxminən 3 il əvvəli xatırlayıram. Arif müəllimlə, demək olar ki, hər gün ya görüşür, ya da zəngləşirdik. Həmişə də eyni sözləri təkrar edirdi: “ Nə burdan gedəcəyəm, nə də Mardakertdəki xidməti yaşayış evimi köçürəcəyəm”. Belə də oldu.  Hadisələrin ən gərgin vaxtında ailəsini çıxarmaq məcburiyyətində qaldı  - onları Füzuliyə, qohumlarının yanına apardı. Evdən isə bir çöp də götürmədi. Qonşularına elə belə də dedi: “Bir-iki günə qayıdacağıq”. Stepanakertdəki evi də onun kimi...
 
-Heç olmasa, evdən müəyyən əşyaları çıxaraydınız. Axı, ev-eşik düzəltmək asan deyil.  İllərlə dişinizlə, dırnağınızla düzəltmisiniz... 
 
-Düzü, özümə sığışdırmadım. Dedim, qonşular fikirləşərlər ki, qorxub qaçırlar. Qoy bilsinlər ki, biz yenə öz evimizə, öz torpağımıza qayıdacağıq... 
 
...“Əsirlərin yerini tez-tez dəyişirdilər: 12 gündə doqquz yerə apardılar. Köhnə kilsə, mal-qara tövləsi, meşənin dərin yeri... Onları əsasən xüsusi təlim keçmiş adamlar döyürdülər. Özü də zərbələri bədənin elə yerinə endirirdilər ki, ömürlük şikəstlik yaransın. “İstintaq” bəzən saatlarla uzanırdı: “Azərbaycanda nə qədər qoşun toplanıb?”, “Nə qədər silahınız var?”, “İlk dəfə hara hücum edəcəksiniz?”, “Silah-sursatı harada gizlədirsiniz?”, “Türkiyədən, İrandan nə qədər silah gətirmisiniz?”...
 
Yaxşı deyiblər ki, mərdlik də, kişilik də, qəhrəmanlıq da çətin anda, dar gündə sınanır. Bir dəfə hərbi geyimli iki saqqallı erməni onlara yaxınlaşdı:
 
- Sizdən birinizi öldürməliyik- dedilər, - özünüz qərara gəlin...”
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər