Bizi sosial şəbəkələrdən izləyin:
“O günlərin dərslərindən ibrət götürərək, nəticə çıxararaq bu gün Qarabağın qalan hissəsinin də Azərbaycan dövlətinin yurisdiksiyasına verilməsi məsələsini mümkün qədər tez həll etmək üçün yollar aramalıyıq…”
“Hadisələrin xronologiyasına diqqət edək: 1988-ci il 15 iyunda Ermənistan Ali Soveti keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. Bundan cəmi 9 gün sonra - 1988-ci il iyunun 24-də isə SSRİ-nin qaniçən lideri Mixail Qorbaçov tərəfindən ermənipərəst Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Qarabağa, məhz Xankəndinə göndərilir”.
Bunu Moderator.az-a açıqlamasında 33 il öncə bu günlərdə Xankəndində Azərbaycan türklərinin ermənilər tərəfindən zorakılıq, yanğınlarla müşayiət olunan deportasiyasından danışan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsi rəisinin sabiq müavini, istefada olan polis polkovniki Sadir Məmmədov söyləyib.
“Völski gələndən sonra erməni separatçı və ekstremistləri havadarlarına arxayın olaraq cinayət əməllərininin miqyasını günü-gündən artırmağa başladılar. Əvvəlki açıqlamalarımda dediyim kimi, SSRİ rəhbərliyi Azərbaycan Daxili İşlər Nazirliyinə, milisinə hələ 1988-ci ilin fevralında başlanan ekstremist çıxışların, mitinqlərin qarşısını almağa, təşkilatçı və fəalları həbs edib qanunla cəzalandırmağa imkan vermirdi. Volski gəldikdən sonra isə tamamilə əlimiz-qolumuz bağlandı…
Bu minvalla düz 33 il öncə 1988-ci ilin18-21 sentyabr günləri tariximizə növbəti erməni vəhşilikləri günü kimi yazıldı. Həmin gün aralarında milis dəstələrinin də olduğu silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Odur ki, onların harayına çatan olmurdu... Bu minvalla 3 gün ərzində, səhv etmirəmsə, 70-ə yaxın azərbaycanlı evi yandırılıb, ümumilikdə 300-ə yaxın ev isə qarət olunub. Nəticədə Xankəndində yaşayan Azərbaycan türklərinin böyük əksəriyyəti şəhərdən çıxaraq Şuşaya qaçmağa məcbur oldu”.
Polkovnik bir daha bütün digər qırğınlar, işğallar kimi Xankəndi talanlarının da Moskvanın dəstəyi ilə təşkil olunduğunu vurğulayaraq bugünkü problemlərə də toxunub.
“Bir daha təkrar edirəm ki, Moskva Xankəndindən azərbaycanlıların çıxarılmasını Qorbaçovun xüsusi nümayəndəsi Volskinin vasitəsilə təşkil etdi. Odur ki, biz o günlərin dərslərindən ibrət götürərək, nəticə çıxararaq bu gün Qarabağın müvəqqəti olaraq Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin nəzarətində qalan hissəsinin birbaşa Azərbaycan dövlətinin yurisdiksiyasına verilməsi məsələsini mümkün qədər tez həll etmək üçün yollar aramalıyıq” –deyə Sadir Məmmədov qeyd edib.
Sultan Laçın