Ermənilər Azərbaycan ordusunun Laçının Sarıbaba dağından çıxması haqda şayiə yaydı...
4913
20 Aug 2021 | 09:11

Ermənilər Azərbaycan ordusunun Laçının Sarıbaba dağından çıxması haqda şayiə yaydı...

Həmin yüksəklik Laçın-Şuşa yolundan hava xətti ilə 5-6 km məsafədədir...
 
Dünən günorta saatlarından başlayaraq erməni saytlarında və sosial şəbəkələrin erməni seqmentində  Azərbaycan ordusu bölmələrinin Azərbaycan Respublikası Şuşa rayonunun Salatınkənd(yaxud Sarıbaba) kəndi yaxınlığındakı mövqelərini tərk etmələri haqda informasiyalar yayılıb. 
 
Moderator.az xəbər verir ki, İragir.am nəşrinin, eləcə də Xankəndindəki bəzi saytların yaydığı məlumatlarda guya Azərbaycan ordusunun Şuşa və Laçın rayonları ərazisindəki Sarıbaba yüksəkliyini tərk etdiyi bildirilir. Bu, dezinformasiya Salatınkənddəki erməni icmasının qanunsuz başçısı Artak Akopyanın dilindən verilib. Halbuki, digər cümləsində A.Akopyan söyləyir ki, Azərbaycan ordusunun mövqeləri kəndin yaxınlığındakı guya əvvəllər ermənilərin istifadə etdiyi heyvandarlıq ferması ərazisində qurulub. Bununla belə, kənd “başçısı” Salatınkənddə erməni “özünümüdafiə ordusu” silahlılarının da olduğunu bildirib. 
 
Xatırladaq ki, avqustun 18-də  Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Edvard Asryan Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası Şuşa rayonunun ermənilərin “Yextsaox” adlandırdığı Salatınkənd(yaxud Sarıbaba) kəndindən çıxarılması ilə bağlı məlumatları təkzib edib(bax://moderator.az/qarabagh/390371/ermenistan-bas-qerargahi-resmisi-ermeni-ordusunun-susanin-kendlerinden-cixarilmadiini-bildirdi/ ).
 
Zəruri şərh: 
 
Bir daha təkrar edirik ki, 10 Noyabr üçtərəfli razılaşmasına əsasən Laçın-Şuşa-Xankəndi yolundan hər iki tərəfə hava ilə  2,5 km məsafədəki ərazi Rusiya sülhməramlı(!) hərbi kontingentinin məsuliyyət zonasıdır. Salatınkənd(yaxud Sarıbaba) isə avtomobil yolundan azı 600-700 metr məsafədə yerləşir.  Bununla belə hesablama həmin kənddən deyil, Laçın-Şuşa yolundan aparılmalıdır. Və hətta Salatınkənddən hesablansa belə, Sarıbaba yüksəkliyi hava xətti ilə 4 km-dən çox məsafədədir. Buna görə də həmin yüksəklikdən Azərbaycan ordusu çıxa bilməz. Digər tərəfdən, dəniz səviyyəsindən 2295 metr(bəzi mənbələrə görə 2334 metr) hündürlükdə olan Sarıbaba zirvəsi məhz Şuşa və Laçın rayonlarının, yaxud keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə  Laçın rayonunun şərti sərhədi üzərində yerləşir. 
 
Xatırladaq ki, Ermənistan və separatçı rejim   Şuşa rayonunun digər - Kiçik Qaladərəsi kəndi yaxınlığındakı Laçın rayonunun Ağanus kəndi ərazisinə aid Ağdaş yüksəkliyi(1784) ətrafında da oxşar mübahisələr yaratmaqla onun da Rusiya hərbçilərini nəzarətinə verilməsinə çalışır...
Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur....
 
Zəruri arayış: 
 
Sarıbaba zirvəsi  - Şuşa və Laçın rayonlarının sərhədlərində, dəniz səviyyəsindən 2295(yaxud 2334 metr) yüksəklikdə, Laçın-Şuşa-Xankəndi yolundan hava xətti ilə 5-6 km məsafədə yerləşir.
 
Sarıbaba dağının qoynunda Şuşa rayonunun Xəlfəli, Şırlan, Xanalılar, Cəmilli, Zaman pəyə, Nəbilər, Zarıslı kəndləri, Turşsu qəsəbəsi,  Onverst kəndi, Salatınkənd(yaxud Sarıbaba), Böyük və Kiçik Qaladərəsi kəndləri  yerləşir. Laçın rayon ərazisində Sarıbaba dağının qoynunda Qozlu kəndi, Böyük İpək kəndi, İpək kəndi, Təmirazlar kəndi, Bülüldüz kəndi, Tıgik kəndi, Zerti kəndi, Laçınkənd kəndi, Xırmanlar kəndi, Qaradağlı kəndi, Haqverdi talası, Səfilər kəndi, Ağbulaq kəndi, Seyid Alılar kəndi, Miralılar kəndi, Əsgərkənd kənd, Dərəbaşı kəndi yaşayış məntəqələri yerləşir.
 
Sarıbaba yüksəkliyi böyük hərbi strateji əhəmiyyətə malikdir. O zirvədən baxanda Laçın şəhəri,  Şuşa rayonunun Turşsu qəsəbəsi və hətta Zəngilan da görünür... 
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər