Bizi sosial şəbəkələrdən izləyin:
“Ermənistan Silahlı Qüvvələri və Qarabağ Müdafiə Ordusunun bölmələri 9 noyabrdakı vəziyyətə uyğun dayandıqları mövqelərdə dayanıblar...”
Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Edvard Asryan Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası Şuşa rayonunun Salatınkənd(yaxud Sarıbaba) kəndindən çıxarılması ilə bağlı məlumatları təkzib edib.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin “Armenia today” nəşri məlumat yayıb.
“Bu informasiyanı təsdiq etmirəm, çünki həqiqətə uyğun deyil. Silahlı Qüvvələrimizin və Qarabağ Müdafiə Ordusunun bölmələri olduqları yerdə dayanıblar” –deyə E.Asryan bildirib.
Erməni general-mayor Qarabağdakı, yəni Azərbaycan Respublikasının Rusiya hərbi kontingentinin nəzarətində qalan ərazisindəki “Ermənistan Silahlı Qüvvələrinin 9 noyabrdakı vəziyyətə uyğun dayandıqları mövqelərdə dayandıqlarını" vurğulayıb.
Şuşa rayonunun Kiçik Qaladərəsi(“Xin Şen”) və Böyük Qaladərəsi(“Mets Şen”) kəndləri ərazisindəki vəziyyətlə bağlı suala cavab olaraq o, "hər hansı bir geri çəkilmə ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını" söyləyib.
Zəruri şərh:
Beləliklə, Ermənistan Müdafiə Nazirliyinin yüksək çinli rəsmisi bir daha qəsbkar ölkənin ordusunun 44 günlük savaşdan sonra Azərbaycan ordusunun nəzarətində olmayan ərazilərimizdən çıxarılmadığını rəsmən etiraf etdi. İndi Azərbaycan MN Rusiya MN-dən rəsmən soruşmalıdır ki, 10 Noyabr razılaşmasına uyğun olaraq Qarabağ torpaqlarından hansısa erməni qüvvələrini çıxarıbmı?..
Sultan Laçın