İkinci Qarabağ müharibəsindən əvvəl də ABŞ belə xəbərdarlıq etmişdi...
Qarabağ
4948
19 May 2021 | 18:00

İkinci Qarabağ müharibəsindən əvvəl də ABŞ belə xəbərdarlıq etmişdi...

Xəbər verildiyi kimi Amerika Birləşmiş Ştatları Dövlət Departamenti xəbərdarlıq məlumatı yayıb. ABŞ-ın öz vətəndaşlarını Ermənistana və Qarabağa səyahət etməkdən çəkinməyə çağırışı, həmçinin Azərbaycanın sərhəd yollarında ehtiyatlı olmaq xəbərdarlığı İkinci Qarabağ müharibəsinin ərəfəsini xatırladır. 
 
Qarağöl ətrafında yaranmış böhran getdikcə dərinləşir. Demarkasiya prosesindən başlanan hadisələr hərbi qarşıdurma həddinə yaxınlaşır. Ermənistan Müdafiə Nazirliyinin sonuncu bəyanatında “sülh yolu ilə danışıqlar baş tutmasa hərbi yoldan istifadə etməklə” Azərbaycan Silahlı Qüvvələrini mövqelərindən geri çəkilməyə məcbur edəcəklərini bəyan etmişdilər. Bu günə - mayın 19-na təyin olunmuş danışıqlara isə Azərbaycan tərəf getməyib. Erməni mediasının məlumatına görə həm Basarkeçər, həm də Qaragöl istiqamətində dayanmış hərbiçilərimizə kömək məqsədilə gələn yollara nəzarət edirlər. Azərbaycan isə 15 min hərbçini əhatə edən təlimləri davam etdirir. 
 
ABŞ dövlət departamentinin öz vətəndaşlarını ehtiyatlı olmağa çağırmasında diqqəti cəlb edən bir məqam isə Azərbaycanın terror aksiyalarına hədəf olacağı barədə xəbərdarlıqdır. Bu hal, xüsusilə Azərbaycan-İran sərhədinə yaxın hissələrə aid edilir. Terrorçuların xəbərdar etmədən istirahət yerlərinə hücum edə biləcəyi də qeyd olunan bəyanatda öz əksini tapıb. İranın dünən Azərbaycan sərhədləri yaxınlığında pilotsuz uçuş aparatlarının təlimlərini keçirməsi də təsadüf hesab edilməməlidir, çünki İran səlahiyyətlilərinin Zəngəzur sərhədləri ilə bağlı verdikləri bəyanatın daha çox Azərbaycana ünvanlandığı açıq görünürdü.
 
Həyəcan yarada biləcək məsələlərdən biri də qardaş Türkiyənin daha çox Fələstin olaylarına fokuslanması və Cənubi Qafqaz bölgəsində baş verənlərə faktiki reaksiya bildirməməsidir. Belə bir situasiyada hərbi əməliyyatlar başlaya bilərmi? Rusiya sülhməramlılarının Qarabağda olduğu müddətdə bu ehtimal aşağı olsa da, istisna da etmək olmur. Suriyadakı Rusiya hərbi kontingenti də guya sülh yaratmaq məqsədi ilə oradadır. Amma, aktiv hərbi əməliyyatlarda Rusiya baş roldadır. Odur ki, hərbi əməliyyatların başlanacağı təqdirdə Türkiyənin siyasi-hərbi dəstəyinin vacibliyi mütləqdir, çünki düşmənin ordusu zəif olmasına baxmayaraq havadarları tərəfindən dəstək almaq ehtimalı çoxdur. 
 
Düşmən baş verən hadisələrdən bir dirçəliş amili kimi istifadə etmək əhval-ruhiyyəsindədir. Bizim bir addım belə güzəştimiz bu dirçəlişə təkan verəcək və Qarabağda nəzarət etmədiyimiz torpaqlarda - Xankəndi və ətrafında vəziyyət daha da gərginləşəcək. 
 
Baş verən hadisələr narahatlıq və həyəcan yaratsa da, Qarabağda qələbəmizi tam və qəti etmək, ərazi bütövlüyümüzü de - fakto olaraq həyata keçirmək üçün millət və dövlət olaraq hazır olmalıyıq.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər