“Qarabağdan erməni silahlılarının çıxarılması heç də asan olmayacaq...”
Qarabağ
2311
06 May 2021 | 12:15

“Qarabağdan erməni silahlılarının çıxarılması heç də asan olmayacaq...”

“Lavrovun səfəri Zəngəzur dəhlizinin açılması istiqamətindəki danışıqları intensivləşdirə bilər...”
 
"Əslində Zəngəzur ərazisindən Mehri dəhlizinin açılması Rusiyanın da maraqları çərçivəsindədir. Çünki Rusiya hazırda  öz maraqlarının təmin olunması nöqteyi-nəzərindən Ermənistanla yalnız Gürcüstan vasitəsilə quru əlaqəsi yarada bilir”. 
 
Bu fikri Moderator.az-a açıqlamasında Rusiya baş diplomatı Sergey Lavrovun İrəvan və gözlənilən Bakı səfərlərini şərh edən politoloq Natiq Cəfərli ifadə edib.
 
“Ancaq rəsmi Tiflis ilə Moskva arasında münasibətlərin kifayət qədər gərginliyini,  eyni zamanda Gürcüstandan keçən yolun təbii relyef və iqlim baxımından da çətin və problemli olduğunu, qış aylarında Yuxarı Lars yolunun, ümumiyyətlə, keçilməz vəziyyətə düşdüyünü nəzərə alsaq, Mehri dəhlizinin açılmasının Rusiya üçün nə qədər sərfəli olduğunu anlayarıq. Bildiyiniz kimi, bu yaxınlarda da Gürcüstan-Rusiya sərhədində Rusiyadan Ermənistana gedən yük maşınlarının saxlanması ilə bağlı yenə də problemlər yaşandı. Odur ki, Kreml də Azərbaycan üzərindən Ermənistana yeni bir quru yolunun açılmasında maraqlıdır. Ermənistanda Rusiya tərəfindən idarə olunan dəmir yolları şəbəkəsi artıq mövcuddur.  Mehri dəhlizindən keçəcək dəmir yolunun da həmin şəbəkəyə qoşulması üçün qısa bir zamana ehtiyac  var. Bu səbəblərdən Lavrovun səfərləri nəticəsində Zəngəzur dəhlizinin açılmasıyla  bağlı danışıqların daha da intensiv mərhələsinin başlanacağı ehtimal olunur. Əslinə qalsa, bu məsələnin həllində Ermənistanın da marağı var. Sadəcə, həmin ölkədəki revanşist qüvvələr hələ də  Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin qurulmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına ciddi maneçilik törətməyə çalışırlar. Amma Rusiyanın moderator olduğunu və Ermənistanda böyük nüfuza malik olduğunu nəzərə alsaq, ola bilər ki, onun təsiri ilə Zəngəzur dəhlizinin açılması məsələsi daha tezliklə həllini tapsın”- deyə politoloq açıqlamasının davamında bildirib.
 
Həmsöhbətimiz Rusiya Xarici İşlər nazirinin regiona növbəti səfərinin Ermənistan ordusunun Yuxarı Qarabağdakı tör-töküntülərinin və digəq qanunsuz silahlı birləşmələrin çıxarılması məsələsinə mümkün təsirindən də danışıb: 
 
“Düşünürəm ki, Qarabağdan erməni ordusunun qalıqlarının sonadək çıxarılması o qədər də asan olmayacaq. Təəssüf ki, Azərbaycanın Yuxarı Qarabağda gedən proseslərə baxışıyla Rusiyanın baxışları üst-üstə düşmür, bunlarda kifayət qədər fərqlər var. Azərbaycan hakimiyyəti də son vaxtlar bununla bağlı yetərincə sərt mesajlar verir. O cümlədən “İsgəndər M” raketi ilə də bağlı rəsmi Bakı açıq tələblər qoysa da, bu günədək Moskvadan normal rəsmi bir açıqlama gəlməyıib. Eləcə də Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı müəyyən suallar  mövcuddur, yəni Azərbaycan tərəfi qane etməyən məqamlar var. Ona görə də hesab edirəm ki, Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması məsələsi qısa müddətdə, bir səfərlə həll olunacaq məsələ deyil. Aydındır ki, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların gələcək dinc, rahat həyatı yalnız Azərbaycana inteqrasiyadan keçir. Amma  təəssüf ki,  Kreml belə düşünmür. Rusiyanın istəyi ondan ibarətdir ki, Yuxarı Qarabağdakı erməni əhalisinin yeganə təhlükəsizlik və yaşam qarantı kimi özü çıxış etsin. Və nəticədə Qarabağ ermənilərinin özündən asılılığını yaratsın. Bununla da Azərbaycana və Ermənistana təsir rıçaqlarını əlində saxlasın.  Məhz bu baxımdan Qarabağdakı Ermənistan ordusu qalıqlarının, silahlı terrorçuların tezliklə tərksilah olunması Moskvanın maaraqlarına uyğun deyil. Ona görə də bu məsələnin həllinin  hələ uzanacağını düşünürəm”.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər