Bu günlərdə dövlət balansında olan xəstəxanaların özəlləşdirilməsi, habelə icbari tibbi sığortanın təşkili ilə bağlı dövlət rəsmiləri tərəfindən müxtəlif təkliflər səsləndirilməkdədir. Bəzi yetkililər hesab edir ki, dövlət xəstəxanalarının da faktiki olaraq pullu xidmət göstərdiyi indiki şəraitdə onların saxlanılmasına büdcədən vəsait sərf etmək lüzumsuzdur və bu xəstəxanaları özəlləşdirmək iqtisadi baxımdan daha səmərəli ola bilər. Vətəndaşların icbari tibbi sığortasının aparılması da yaxın gələcəkdə həyata keçirilməsi gərəkən layihələrdən biri hesab edilir.
Maraqlıdır,
dövlət xəstəxanalarının özəlləşdirilməsi və icbari tibbi sığorta ilə bağlı səsləndirilən
fikirlər nədən xəbər verir? Bu, dövlətin vətəndaşa olan qayğıkeş münasibətinin
nəticəsidir, yoxsa nəyin bahasına olursa-olsun dövlət büdcəsini doldurmaq
arzusunun?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy hesab
edir ki, bundan öncə də vətəndaşların icbari tibbi sığortası məsələsi gündəmə gəlsə
də, reallıqda öz əksini tapmayıb:
“Vətəndaşların icbari tibbi sığortasıın həyata
keçirilməsi məsələsi ötən əsrin 90-cı illərinin ortalarında da gündəmə gəlmişdi.
Və hətta o vaxt mərhum H.Əliyevin bu barədə sərəncamı olmuş, səhv etmirəmsə,
1998-ci ildən Azərbaycan əhalisinin icbari tibbi sığortaya keçməsi nəzərdə
tutulmuşdur. Ancaq bu sərəıncam unuduldu. Və unudulmalı idi də. Nədən ki, əhalinin
tibbi sığortası sadə bir məsələ deyildi, bunun üçün ən birinci iqtisadi zəmin
olmalı idi. Bu olmadıqda tibbi sığortadan söhbət açmaq, peşəkar həkimlər,
ekspertlər gözəl bilir ki, sadəcə, siyasi gedişdən savayı bir şey deyildir. Özü
də ucuz siyasi gediş idi bu gediş. Başqa sözlə desək, o illərdə bəzi məmurların
icbari tibbi sığorta barədə ölkə başçısına təqdim etdikləri qeyri-peşəkar rəy
sonralar prezident sərəncamının unudulması ilə nəticələndi”.
S.Əlisoyun
qənaətincə, tibbi sığorta məsələsinin gündəmə gətirilməsi özlüyündə təqdirəlayiq
olsa da, bu gün üçün o qədər də real görünmür:
“Həkim
olaraq əhalinin icbari tibbi sığortasının bu gün də gündəmə gəlməsini
alqışlayıram. Lakin qeyd etmək istəyirəm ki, icbari tibbi sığortaya keçid bu
gün üçün real görünmür. Əhalinin ayrı-ayrı qruplarının icbari tibbi sığortasını
dövlət müxtəlif resurslar sayəsində təmin edə bilər. Fəqət cümlə Azərbaycan vətəndaşlarının
tibbi sığortası üçün çox ciddi iqtisadi mənbələrin olması vacibdir”.
S.Əlisoyun
qənaətincə, bu gün dövlət büdcəsinin durumu bütün əhalinin sosial sığortasını təmin
etmək müçün yetərli deyil:
“Gələn
ilki dövlət büdcəsinin bu illə müqayisədə 4 milyard manat az olmasının özü belə
göstərir ki, icbari tibbi sığorta barədə danışmaq qeyri-ciddi təsir bağışlayır.
Qeyd
etdiyim kimi, dövlət əhalinin müəyyən bir qrupunun, deyək ki, aztəminatlı ailələirin,
şəhid ailələrinin, əlillərin, uşaqların icbari tibbi sığortasını təmin edə bilər.
Bunun üçün mövcud büdcə belə yetərlidir. Bir sıra gərəksiz qürumların ləğvi və
ya izafi xərcləmələrin hesabına göstərilən əhali qrupunu tibbi sığorta ilə təmin
etmək mümkündür.
Bu,
ciddi müzakirə mövzusudur, siyasi gediş olmamalıdır. Xəstəxanaların və
poliklinikaların özəlləşdirilməsi əhalinin icbari sığorta məsələsini həll edə
bilməz. Bu məslədə elmi yanaşma üstünlük təşkil etməlidir. Konkret hansı ölkənin
modelindən yararlanmaq lazımdır, bunu müəyyənləşdirmək gərəkir.. Və bunun üçün
Səhiyyə Nazirliyi düşünürəm ki, peşəkar mütəxəssislərin, ekspertlərin rəyindən
yararlanmalıdır. Quru sözlə icbari sığortaya keçmək olmaz. Nədən ki, icbari
tibbi sığortanın arxasında ən azı 100 milyonlar durmalıdır”.
Seymur Əliyev