Son vaxtlar Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin tez-tez pozulması, tərəflərin ağır atıcı silahlardan, artilleriyadan istifadə etməsi itkilərin də sayını artırmaqdadır. Məlum itkilər fonunda müzakirə edilən bir çox məsələ var ki, bunlardan da biri ön xətdə məhz kasıb ailələrə məxsus çağırışçıların xidmətə cəlb edilməsi, atılan düşmən güllələrinin məhz yoxsul ailə təmsilçilərinin sinəsində boğulmasıdır.
Maraqlıdır, niyə məmur
övladlarının, iş adalarının övladlarının ön xətdə xidmət aparması təmin
edilmir? Niyə şəhid olan əsgərlərimiin arasında bir nəfər də olsun prokuror,
nazir, nazir müavini, millət vəkili, milyonçu övladı yoxdur? Doğrudanmı
qanunvericilik ön xətdə yalnız kasıb övladlarının xidmət aparmasını nəzərdə
tutur? Ümumiyyətlə, müharibə şəratində olan bir dövlətdə savaş yükünün yalnız
kasıb təbəqənin üzərinə qoyulması, “vətən uğrunda ölmək şərəfdir” şüarı ilə
yalnız onların ölümə göndərilməsi ədalətli hesab edilə bilərmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev düşmənlə mübarizədə
xalqın bütün təbəqələrinin səfərbər edilməsinin vacib olduğunu vurğuladı:
“Təbii ki, düşmənə qarşı
mübarizədə hamı iştirak etməlidir. Əgər müharibə baş verərsə, sosial səviyyəsindən
asılı olmayaraq, hər kəs bu müharibənin iştirakçısına çevrilməlidir. Lakin bu
gün Azərbaycandakı reallıq hər kəsə bəllidir. Hər kəsin pulundan asılı olaraq
onun övladının harada xidmət edəcəyi öz həllini tapır. Təkcə Azərbaycanda
deyil, qardaş Türkiyədə də elədir. PKK ilə döyüşən, onlarla üz-üzə gələn
kasıbların övladlarıdır. Onların içərisində pullu siyasilərin, iş adamlarının,
bu qəbildən olan ailələrin övladları yoxdur. Yəni bu, dünyanın qaydasıdır”.
Seymur Əliyev